|
|
|
|
"27 OKTYABR"A
Səni indi sevdim.
Gülən gözlərinin ardındakı dərdlərini -
sevdim keçmişini.
Ürəyi sözlərində döyünən körpə səslərini -
sevdim gələcəyini.
Sevdim -
el var, oba var -
daha demirəm nəyini sevdim.
Səni üzənin evi yıxılsın,
yıxılsın lap belə nəyi yıxılsın...
Fitili çəkilmiş qumbarayam
at məni
dərdlərinin səngərinə.
Bakıdan Naxçıvana kimi
bir türkü olaram qulaqlarında
ötüb Zəngəzur səmasından:
"əllərim əlinə dəydikdən sonra
sonu istər ölüm olsun,
istər ayrılıq".
Səni səhər sevdim-
Azan gözləyən müəzzin kimi.
Səni günorta sevdim-
damla olmaqdan bezib
günəşə buxar kimi qaçmaq istəyən
Su damlası kimi.
Səni axşam sevdim-
demirəm necə sevdim...
Səni axşam
Səni günorta
Səni səhər sevdim,
Demirəm necə sevdim
Ay zalım, sevdim səni.
"O"NA MƏKTUB
Salam, torpaq adam!
Burda həyat
gözlərinin rəngi kimi tez dəyişir.
Əsasən qəhvəyi,
ya da qara.
Burda işimizi sorsan;
"imitasiya".
ya da anlayacağın hədəf taxtası.
Arada mərmilər kimisə sığallayır,
ya da qışqırır
hansısa ananın yuxusunda.
Göydə mərmilərlə toqquşur
anamızın duaları.
Gördüm;
"İki balam var,
Ölmək istəmirəm,
Ölmək istəmərəm" - deyən əsgəri.
Gördüm gözlərində
hələ doğulmamış
körpəsinin ürək çırpıntılarını.
Utandım,
Utandıq.
Baxmadım daha o gözlərə
üz-üzə gəlməməkçün o uşaqla.
mən utandım
biz utandıq.
Bəlkə o uşaq da utandı bizdən.
Getdik,
o uşağı baş-başa qoyduq atasıyla.
utandıq...
getdik...
Biz utandıq o gözlərdəki uşaqdan
o uşaq utandı bizdən.
amma atası utanmadı,
utanmadı...
Ən əzizinin, sevdiyinin
yanında olmasını istəmədiyin yerdi.
Bir əsgərim var.
Su gətirəndə
pulemyot gülləsi öpdü dizini.
İndi onu görəndə dizlərim ağrayır.
Susuzluğumuz yatmadı
mayorumuzun ürəyində sərinlədi
İstidən ürəyi sıxılan bir düşmən mərmisi.
Axı, biz su istəmişdik,
qan yox.
Bəlkə bura Füzuli deyil,
Kərbəladır, xəbərimiz yox?!
Oğullar döyüşür...
Analar yaralanır,
analar şəhid olur.
O oğlanın cəbhədə itən
ayaqlarını görərsən
ağsayan o anada.
Gözlərini itirən zabitin
gözlərini görərsən
göz yaşı quruyan o ananın
yanaqlarında.
O şəhidi görərsən
oğlunun məzarında
başdaşına dönən anada.
Havada rəqs edən güllələrdən
daha dəcəldir barmaqların.
O güllələr mənə xatırladır
xəyallarımı qıdıqlayan barmaqlarını.
Bilirəm, heç inanmırsan
görmədən, bilmədən
şəkillərdən sənə aşiq olduğuma.
Bilirsən,
heç bu torpaqları da görməmişdim...
QIZIM
(Qarabağda və bütün müharibələrdə
həlak olan körpələrə ithaf olunur)
Qızım, görə bilmədim
mənə doğru yerişini.
İndi rəsmlərin
Şəkil-şəkil iməkləyir divarımda.
Qızım, başdaşın özündən uca,
məzarın səndən qoca.
sənsə hələ də körpə...
Həbsxana köşəsində
qəfəs içindəki quş qədər azaddır
mənim sülh arzularım.
Qızım, bütün boş yelləncəklərdə
səni görürəm
görürəm buludsuz səmada bulud kimi,
qaranlıq gecədə günəş kimi.
Qızım, saçlarım darıxır -
yolmağınçün,
yanaqlarım çuxura dönüb
yerini doldurmağa -
o quyular totuş barmaqlarına həsrət
həyətim ayaq izlərinə möhtac.
Bilirəm, uşaqlar ölmür,
böyüklərdən küsür,
küsür bu dünyadan
və eləcə uçur, gedir...
Bağışla,
Bağışla, sənə dəyən güllələri.
Qolundakı metal qırıntısına gülümsə -
bir çimdik bil, böyüklərdən hədiyyə.
ORDA BİR UŞAQ ÖLDÜ
(Zəlzələ qurbanı - "unudulmuş" uşaqlara)
Orda bir uşaq ağlayır -
Suriyada
zəlzələ dağıntıları altında.
kar olduq kasıb ölkənin -
kasıb uşaq səsinə.
Orda bir uşaq imdad dilədi
sərhədləri aşan "xeyirxah təyyarələr"
"görə bilmədi" xəritədə bu kəndi.
onu eşidə bilmədi "8 milyard pafos".
Orda bir uşaq ölür
şeytan övladı hisslərimizi.
aldıq bir ölkənin qisasını
daşlar altında yatan uşaqdan.
Orda bir uşaq ağladı.
Orda bir uşaq imdad dilədi.
Orda bir uşaq öldü.
Kasıb ölkənin kasıb mələyi.