|
|
|
|
Hər böyük və köhnə Avropa şəhərinin onu başqa şəhərlərdən seçdirən öz gözəllikləri, şöhrətinə şöhrət qatan məxsusi əlamətləri var.
Şəhərlər şəhəri Parisi Luvrundan və Eyfelindən də, şansonlarının dillər əzbəri nəğmələrindən də, dəbli geyimlər və məhəbbət vitrini küçə və meydanlarından da, hərəsinin öz tarixçəsi olan həmişə dolu kafelərindən də daha artıq məşhurlaşdıran və həmişə cazibəli edən ətirləri olub.
Hətta Fransanın ən sevimli şərablarının da şöhrətdə Fransanın çoxdan dünyanı fəth etmiş adıbəlli ətirlərinə üstün gəlməyə gücü çatmayıb.
Bir-birindən lətif, biri digərindən zərif olan köhnə və köhnəlməz fransız ətirləri elə Parisin rəmzləri kimidir.
Bu gün xoş rayihələr şəhəri Parisin küçələri üfunətə bürünüb.
Günlərlə daşınmadığından küçələrdə qalaqlanmış zibil təpələri hər gün eninə-uzununa böyüyür, daha bu qoxulardan burnunu tutub keçməklə də canını qurtara bilmirsən. Siçovulların bayramıdır.
Göyçək Parisi, şıq Parisi, şux Parisi, ətirli Parisi üfunətə bürünmüş görmək acınacaqlıdır.
Üzdə olan səbəb budur ki, zibildaşıyanlar neçə gündür etiraz tətilləri edirlər və şəhəri bürümüş natəmizlik də, ürəkbulandıran iy-qoxu da bundandır.
Amma bu, sadəcə üstdən nəzər salanda belədir. Bütün həngamənin əsl səbəbi dövlətin apardığı siyasətin zibilləridir, həmin kələ-kötür siyasətin saçdığı üfunətdir.
Bu küçələrdəki zibilləri sabah bir üsul tapıb daşıtdırmaq olarsa da, yanlış siyasətin zibillərini belə asanlıqla yığıb-yığışdırmaq, onun üfunətindən əlüstü qurtulmaq mümkünsüzdür.
Di gəl, bu zibillərin ardındakı əsas zibilləri də, bu üfunətin altındakı daha bəd qoxuları da ya hiss etmirlər, ya görməzliyə vururlar, ya da bəlkə elə bildikləri bu qədərdir, elə zənn edirlər, zibilçilərin ipini dartsalar, üfunətin də kökü kəsiləcək.
Kəsilməyəcək, bu gedişlə durmadan artacaq!
Bu zibili yığışdıracaqsan, başqa zibil toplanacaq, bu qoxunu qovacaqsan, başqa iy gələcək.
Çürümə dövlətin siyasətindən gəlir!
Həyatda da, siyasətdə də hətərən-pətərənliyin, gah nala, gah mıxa vurmağın sonunda həmişə qaxsıma və zibil var.
Bir yandan dünyanın bölücülükdən dad döydüyü bir dönəmdə səndən min kilometrlərlə aralıdakı Cənubi Qafqazda separatizmi açıqca dəstəkləyən, o biri yandan öz ölkəsində haqqı ilə müstəqillik istəyəni separatizmdə suçlayan Fransanın axır illərdəki dövlət siyasətinin ən fəsadlı və başına çox bəlalar gətirəcək tərəfi isə mütəmadi olaraq öz vətəndaşlarına dildə bir söz deyib, əməldə başqa cür davranmasıdır.
Sən müstəqilliyin şirin dadına lap çoxdan aşina olan və illərlə istiqlal içində yaşamış Korsikanın dilini kəsmək istəyəcəksən, bu siyasət zibili mütləq özünü göstərəcək (bunca uzaqdakı korsikalıların fransız dili ilə yanaşı onların doğma dili korsunun da hüququnun tanınmasına Fransa hökumətinin inadla "yox" deməsinə azərbaycanlıların eyni həssas və narazı münasibəti təbiidir. Çünki sayı artıq 40 milyonu aşan güneyli soydaşlarımızın miqdarca İranda mütləq milli çoxluq olduğu halda hətta ibtidai məktəbinin açılmasına belə dövlətin icazə verməməsi bizi dünyanın istənilən guşəsində dil haqları aşağılanan hər xalqla həmrəy edir).
Sən küçələrdəki məişət tullantıları kisələrindən dikələn zibil təpələri ilə törətdiyin siyasət zibili arasında fərqi görməyəcəksən, onda sənin özünün müəllifi olduğun zibil də özünü heç gözləmədiyin bir başqa şəkildə göstərəcək.
Zora əl atırlar, zibildaşıyanlara qarşı zibili daşımaqdan imtinaya görə qanunla çox yüksək cərimələr müəyyənləşdirmək üçün əlləşirlər.
Bu da daha bir siyasət (ya siyasətsizlik) zibili!
Düyünün belə bəsit və qaba üsulla açılacağını düşünmək qədər uzaqgörməzlik var olduqca üfunət kəsilən deyil.
Dünyanın gözü qarşısında qırmızı-qırmızı ağa "qara" deyirsən, 30 ilə yaxın müddətdə əl altından ayağının altını qazımaq istədiyin Azərbaycana qarşı indi nümayişkaranə şəkildə erməniçilik edirsən və sadəlövhlüklə üfunətin səbəbini küçələrdəki daşan zibil qutularında arayırsan.
Bunlar, tutalım, Korsikanı və korsikalıları yaxşı tanımır, tutalım, Azərbaycana və azərbaycanlılara yaxşı bələd deyillər, bəs fransız xalqı?
Heç onu da tanımırlar!
Daha dəqiqi, onu heç tanımırlar!
Bu xalqın inqilabçı ruhu haqqında həqiqətləri unutmuş olmasaydılar, çiy idarəçilik siyasətləri ilə zibil təpələrinin sayını artırmaqda davam etməzdilər.
Bütün başqa qığılcımlardan savayı ənənəvi olaraq ictimai təminat baxımından ərköyünləşdirilmiş fransızların hansısa imtiyazlarını məhdudlaşdırmağın həmişə bir çıxacağı, vəd etdiyi təhlükələr var.
Bu, dünən böyük inqilablar etmiş fransız xalqıdır.
Bu gün küçələrdə olanlar o babaların nəvələridir.
O köhnə inqilabları edənlərin əlində bir təzə inqilab da xəyal deyil.
Çünki zibillər daşınılmaz qədər çoxalanda, siyasətin kəsif qoxuları nəfəsləri daraldanda daha o zibilləri zibildaşıyanlara zorla daşıtdırmaqla məsələni həll etmək olmur, belə üfunəti inqilabın küləkləri qovub apara bilir.
Bugünkü koordinatlar fərqlidirsə də, dalğa həmin dalğadır - 2019-da həmkarlar təşkilatı xətti ilə Parisdə başlanıb, asta-asta çevrəsini genişləndirən "sarı gödəkçəlilər"in hərəkatı, indiki zibil kisələrindən fərqli olaraq, şəhər boyu yandırılan maşın təkərləri və əzik-üzük edilən avtomobillər, qırılan mağaza vitrinləri və belə-belə başıpozuqluqlarla yadda qalmışdı.
O çağlar da Strasburqa, Parisə səfərlərim olmuşdu. Adətən, mən Parisdə Fobur Sant Onore küçəsindəki, Prezident sarayının 30-40 metrliyində yerləşən Castiglione hotelində qalıram. Ovaxtkı iğtişaşlar zamanı küçənin bütün giriş-çıxışlarını bağlamışdılar və 2 gün mehmanxana otağına qapılıb qalmağa məcbur olanda niyə buranı seçdiyimə keçirdiyim peşmanlıq da unudulan deyil. Hərçənd şəhərin digər hissələri o günlərdə daha ciddi mühafizə olunan bu tərəflərə nisbətən bəlkə bir az da yöndəmsiz və sərbəst get-gəl üçün daha riskli idi.
Araya pandemiya girərək ehtirasları səngitməsəydi, Allah bilir, o həyəcanlı gedişat hara aparıb çıxaracaqdı.
İndi baş verənlərin də bir başı elə həmin əski vur-çatlasınların baisi həmkarlara bağlıdır. Həm də yeni dalğadakı diqqət yetirilməli bir vacib özəllik də elə keçənsəfərki dalğadakı kimidir - hədəf hökumət olsa da, sadə camaat daha çox əziyyət çəkir və hərəkatçıların da məqsədi elə budur ki, əhaliyə belə vəziyyətə düşmələrinin səbəbinin pis idarəçilik olması fikrini aşılasınlar, beləliklə də axına daha çox kütləni cəlb etsinlər.
Odur ki, bugün sıralanan zibil kisələrinə baxa-baxa uzaqda olmayan dünənki oxşar dalğaları da unutmamaq gərəkdir. Bu gün Paris küçələrindən qopan tünd iylər elə 4 il əvvəl çatılan küçə tonqallarından qalxaraq göz göynədən, hisi-qurumu binalara çökən qara tüstünün əks-sədasıdır...
...2023-cü il martın 23-də Parisin küçələrindən keçirdim. Adətən, bayram ovqatlı, turistlərlə dolu küçələr narahat idi, gərginlik hər addımda sezilirdi, kafelər işini yekunlaşdıraraq qapanırdı. Rəsmən xəbərdarlıq edilmiş mağazalar da etiraz yürüşlərinə çıxanlardan ehtiyatlanaraq tələm-tələsik bağlanırdı.
Polis qüvvələrini daşıyan maşınların mərkəzdə get-gedə artması və qaldırdıqları həyəcan siqnalları da təşvişi çoxaldırdı.
Opera tərəfdə lap qələbəlik idi...
Axşamın gec saatlarında bəlli oldu ki, paytaxt Parisdə həmin gün 100 mindən artıq etirazçı küçələrdə imiş. Dinc başlanan küçə yürüşləri nümayişçilərin dağıdılması üçün cəlb edilmiş çoxsaylı polis qüvvələrinin rezin dəyənəkləri işə salmasından, həm də ifrat kəskin hərəkətlərindən sonra bərk qızışaraq qarşıdurmaya çevrilib. Yanğınlar da törədiblər - neçə vaxtdan bəri daşınmayıb küçələrdə qatarlanan zibil tayalarına od vurublar, vitrinləri də qırıblar, polisə daş-kəsək, şüşə qablar da tolazlayıblar, Molotov kokteylləri də atıblar, fişənglər də partladıblar və şiddətlənən toqquşmalarda polis zoru artırıb, rezin dəyənəklərlə kifayətlənməyərək gözyaşardıcı qazdan da istifadə edib.
Xəbərlərə görə, ölkə üzrə etirazçıların sayı isə 1 milyonu aşır. Bu 1 milyon hələ ki, təqaüd yaşının artırılmasına qarşı səsini qaldıranlardır. Sabahkı yeni milyonların başqa tələbləri ola bilər və olacaq da. Ölkə rəhbərliyi, iqtisadiyyata ciddi ziyan vurmasını səbəb gətirərək, tətillərin qarşısını almaq haqqı verən yeni qanun qəbul etmək istəyir. Kim bilir, bəlkə təzə etiraz dalğasının coşması və indiki asi milyon nəfərə yeni barışmazların qoşulması elə bu təşəbbüsə əks getməklə bağlı olacaq?!
Ana Yasanın verdiyi özünüifadə haqlarının hər bir məhdudlaşdırılmasına qarşı demokratik dəyərlərdən ürəyincə istifadəyə adətkərdə olan (bu yerdə daşıdığı bütün məna çalarlarıyla "alışqan olan" deyimi daha yerinə düşür) fransız cəmiyyətinin dözümsüzlüyü artıq açıq-aşkar görünür, mövcud iqtidarın bu sahədəki sərt tərpənişlərinə xalqın xoşluqla tabe olmayacağı da artıq göz qabağındadır.
Əməlli-başlı gərginlik yaşanır, amma indi cərəyan edənlər, belə hiss olunur ki, hələ mehdir.
Siyasət zibilləri artdıqca o üfunəti qovası küləyin qalxması da uzaq görünmür. Nəyi hansı səmtə qovacağını irəlicədən bilməyin müşkül olduğu qəfil qalxan inqilab küləyisə həmişə xatalıdır...
...Mən Parisi çox sevirəm. Son 30 ildə dönə-dönə qonağı olduğum və mənə doğmalaşmış bu əziz şəhərin küçələrindən də, bu ölkənin siyasətindən də (həm öz vətəndaşına, həm də bizə qarşı yanlış siyasətindən!) zibillərin və üfunətin tezliklə itməsini, ətirlərin qayıtmasını arzulayıram!..
23 mart, 2023
Paris