Müsahibimiz yazıçı, dramaturq, ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlidir.
- Əli müəllim, uzun illər nasir kimi bədii yaradıcılıqla məşğul olmusunuz. Nəsrdən dramaturgiya kimi çətin janra keçməyinizdə səbəb nə oldu? Nəsrdə sizi nə qane etmədi?
- Həqiqətən, dramaturgiyaya gələndə mənim artıq iyirmi illik nasirlik təcrübəm vardı. Onlarla hekayənin, povest və romanların müəllifi idim. Oxucularım da kifayət qədər idi, çap olunmaqda da elə bir çətinliyim olmamışdı, ölkənin ən nüfuzlu ədəbi jurnallarında ardıcıl şəkildə çap olunurdum, buna baxmayaraq içimdə həmişə bir teatr sevgisi vardı, səhnənin cazibəsi mənə rahatlıq vermirdi. Nəhayət, bu sevgi 1990-cı ildə məni dramaturgiyaya gətirdi. Zaman da çox mürəkkəb idi. Cəmiyyət həyatında baş verən inqilabi dəyişikliklər, bizə tanış olmayan yeni, qəddar iqtisadi münasibətlər fonunda vərdiş etdiyimiz mənəvi dəyərlərin sürətlə aşınması insanları çaşdırmışdı. Millətin yeni iqtisadi şəraitə uyğunlaşma prosesi çox ağrılı gedirdi. Bax elə bu ağrılarla da yeni azərbaycanlı tipi formalaşırdı. Mənim dramaturgiyam, onun əsasını təşkil edən qəhrəmanlarım məhz bu şəraitdən doğulur, yetişirdi. Teatrlara da məhz bu yeni zamana güzgü tutan əsərlər lazım idi. Yazdığım pyeslər asanlıqla ölkənin bütün teatrlarının qapısını aça bildi. Bir də ayıldım ki, özümü dramaturgiyada çox rahat hiss edirəm. Sizin çox çətin yaradıcılıq növü dediyiniz dramaturgiya, demə, mənim yazıçı stixiyam imiş. Onu da deyim ki, əsərlərimin adi bir əyalət teatrından tutmuş Akademik Milli Dram Teatrınadək tamaşaya qoyulmasında heç bir çətinliklə rastlaşmamışam. Bütün teatrlardan diqqət və təmənnasız qayğı gördüm. Bu gün də bu münasibət davam edir.
- 30 ildən çox müddətdə bu sahədə kifayət qədər uğurlar qazanmış dramaturq kimi teatrın hazırkı vəziyyətini necə görürsünüz?
- Teatrlarımızın indiki durumu ayrıca söhbətin, ciddi araşdırmaların mövzusudur. Bir dramaturq kimi ümumiləşdirilmiş obyektiv fikir bildirməkdə çətinlik çəkirəm, ona görə də qısaca deyəcəm: teatrımız musiqimizdən, kinomuzdan, təsviri sənətimizdən heç də geri deyil, elə bir-birlərinə tən gəlirlər. Amma bu təsəlli ola bilməz. Hərəkət lazımdır, var da! Bütün bu sənət sahələri, o cümlədən, teatrımız da axtarışda, özəllik sorağındadır. Bu axtarış yollarında qabarmalar, çəkilmələr, sapmalar, irəliləmələr göz qabağındadır. İstinad nöqtəsini tapmaq asan məsələ deyil. İnqilabi texnologiyaların məişətimizə, həyatımıza sürətlə daxil olduğu bir şəraitdə, fasfud zamanında ciddi sənət dəhşətli basqılarla mübarizə aparmağa məcburdur. Bir təsəllimiz də var, teatrın cəmiyyət həyatına təsir gücü zəif olsa da, ona maraq azalmır, axır bir neçə ildə teatrımıza tamaşaçı marağı əhəmiyyətli şəkildə artıb. Deməli, insanlarımıza teatr lazımdır. Qalır o insanların gözləntilərini doğrultmaq.
- Rejissorlarımız yaxşı dramaturji materialın yoxluğundan, ssenaristlər, dramaturqlar isə onların əsərlərinə diqqət göstərilməməsindən narazıdır. Bu məsələdə sizin mövqeyiniz necədir?
- Əgər rejissor dramaturji material qıtlığından şikayətlənirsə, deməli, o, işinin ustası deyil, mütaliədən uzaq adamdır, dünya dramaturgiyasından xəbərsizdir. Oturub gözləyir ki, kim ona yaxşı bir pyes gətirəcək. Dramaturqların şikayətlənməsinə gəldikdə isə... Bir həqiqəti bilmək lazımdır: teatr, xüsusilə dövlət teatrları, daim məhsul istehsal edən müəssisədir, ona yaxşı, keyfiyyətli xammal lazımdır. Pis xammaldan keyfiyyətli məhsul istehsal etmək mümkün deyil. Teatr pis, ya zəif pyeslə tanış olanda artıq bilir ki, bu pyesin tamaşası uğursuz olacaq, ona çəkilən xərc özünü doğrultmayacaq. Əgər teatr sənin əsərini qəbul etmirsə, günahı özündə axtar.
- Bir müsahibənizdə "pyes yazmaq üçün müəyyən mədəni səviyyə, mühit lazımdır" deyirsiniz. Sizcə, indi o mühit varmı?
- Mən demişəm, dramaturq olmaq üçün yazıçıda müəyyən mədəni səviyyə, teatr mədəniyyəti və sevgisi, geniş mütaliə, zəhmət və şübhəsiz ki istedad lazımdır. Teatr mühitinə gəldikdə isə, inamla deyə bilərəm ki, ən azı Bakıda bu mühit var. Son vaxtlar, hətta teatrlar arasında bir rəqabət mühiti də formalaşır. Bir neçə özəl teatrın yaranması və ardıcıl şəkildə fəaliyyət göstərməsi də bu mühiti yaradan amillərdəndir. O da yaxşıdır ki, bu teatrların artıq öz tamaşaçıları da var.
- 2015-ci ildə yazdığınız "Ağdamda nəyim qaldı" romanınız 2019-cu ildə çap olunandan 1 il sonra Ağdam işğaldan azad edildi. Baxmayaraq ki, roman müharibə mövzusunda deyil, söhbət də işğaldakı Ağdamdan getmir, amma maraqlıdır ki, azadlığından sonra Ağdama gedərkən təəssüratınız necə oldu? Ağdamda nəyiniz qalmışdı?
- Nəsrdən iyirmi beş il olardı aralanmışdım, "Ağdamda nəyim qaldı?" yarandı, sonra "Mələk əmi" adlı bir novella da yazdım. Avtobioqrafik roman otuz illik işğaldan əvvəlki Ağdamdır. Tarixə qovuşmuş, yox olmuş, murdar düşmənin divan tutduğu 50 - 60-cı illər Ağdamı. Otuz ildən sonra yer üzündən silinmiş Ağdamın xarabalıqlarını görəndə keçirdiyim hissləri təsvir etmək fikrində deyiləm. Bir-iki divar fraqmenti qalmış evimizi, həyətimizi tanıya bilmədim. 80-ci illərdə Çörək Muzeyinə çevrilmiş köhnə dəyirman binasının karkası salamat qalmasaydı, həyətimizi tapa bilməzdim. Əlbəttə, o Ağdamın yerində möhtəşəm bir şəhər salınacaq, müasir binaların layihəsi belə deməyə əsas verir, amma bu o Ağdam olmayacaq, o zamanın ağdamlıları da şəhərin özü kimi keçmişə qovuşdu. "Ağdamda nəyiniz qaldı?" soruşdunuz. Bu suala roman haqqında təəssüratlarını yazmış dostum Mustafa Çəmənlinin bir sualı ilə cavab verim: Ağdamda nəyimiz qalmadı ki?!
- Ədəbiyyat adamlarını həm də Qarabağ müharibəsindən, işğaldan və indi də qələbədən sanballı əsərlər yazmamaqda qınayırlar. Bir yazıçı, dramaturq kimi istərdim bu mövzuda sizin də fikrinizi öyrənim, qələminizi niyə müharibə mövzusundan uzaq tutursunuz?
- Bu fikirlə razı ola bilmərəm. Qarabağın işğalı dövründə müxtəlif janrlarda çox sayda əsərlər yazılıb, poeziya nümunələrinin sayı-hesabı yoxdur. Mustafa Çəmənlinin, Aqil Abbasın, Vüsal Nurunun, Şərif Ağayarın nəsr nümunələri, çox sayda şairimizin poetik əsərləri... Əlbəttə, Aqil Abbasın "Dolu" romanını xüsusi qeyd etmək lazımdır. Roman özü, onun eyni adlı ekran versiyası, həm ədəbiyyatımızda, həm də kinomuzda hadisəyə çevrildi. 44 günlük müharibə dövründə yazıçılarımız, şairlərimiz rəşadətli ordumuzla bir yerdə çiyin-çiyinə vuruşdular, sözün qüdrəti ilə düşmənlə cidala çıxdılar. Mənim yaradıcılığıma gəldikdə isə, işğal dövründə mən problemə komik prizmadan yanaşıb "Bala bəla sözündəndir?" komediyasını yazdım, onun "Bala - başabəla" adlı ekran variantının uğuru yaddaşlardan hələ silinməyib. Daha sonralar "Ünvansız qatar" pyesini yazdım, Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyuldu. İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra mən "Xeyir xəbər" adlı bir pyes yazdım. Təəssüf ki, o pyes hələ tamaşaya qoyulmayıb.
Əlbəttə, möhtəşəm qələbəmizdən sonra daha mükəmməl əsərlərin yazılmasına ehtiyac var, yazılır da. Bir şeyi nəzərə almaq lazımdır ki, plakatçılıqdan uzaq yüksək keyfiyyətli ədəbiyyatın yaranmasına vaxt, zaman lazımdır. Onu da bilməliyik ki, Sovetlər çökəndən sonra bədii ədəbiyyat təbliğat vasitəsi olmaqdan çıxıb öz əsas missiyasını - sənət missiyasını yerinə yetirmək yolundadır. Müharibəni ədəbiyyatla, şeirlə, pyeslə udmurlar, müharibəni qüdrətli sərkərdənin başçılığı ilə rəşadətli ordu, ultra müasir döyüş texnikası ilə udurlar, necə ki bütün dünyaya müasir müharibə modelini nümayiş etdirə bildik.
- Siz həm də uzun illərdir pedaqoji fəaliyyətlə məşğulsunuz. Bu fəaliyyətiniz yaradıcılığınızı qısıtlamır ki?
- Artıq 23 ildir, bu il 100 yaşı tamam olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dünyanın ən nəcib peşəsi ilə, müəllimliklə məşğulam, konkret desəm, dramaturgiyadan dərs deyirəm. Ölkənin ən qədim sənət məbədində çalışmaqdan şərəf duyuram. Böyük yaradıcılıq keyfiyyətlərinə malik çox gözəl bir kollektivdə, ulduzlar arasında işləmək xoşbəxtlikdir. Yaradıcılığa gəldikdə isə... Dərs demək özü də elə yaradıcılıqdır, bunlar bir-birini tamamlayır. Axı mən burda dramaturq olduğuma görə dərs deyirəm.
- Tələbələrinizə hər şeydən əvvəl nəyi öyrədirsiniz?
- Tələbələrimə ilk növbədə ölkəyə, millətə, vətənə və cəmiyyətə faydalı insan, vətəndaş olmaq dərsi öyrədirəm. Paralel olaraq dramaturgiyanın mənə məlum olan sirlərini də onlarla bölüşürəm. Öyüd verməyi, məsləhətlərlə yormağı, özümdə olmayan keyfiyyətləri onlardan tələb etməyi sevmirəm. Ancaq bir tövsiyədən özümü saxlaya bilmirəm: gördüyünüz bütün işlərə ciddi və məsuliyyətlə yanaşın.
- Mədəniyyət və İncəsənət Universiteti hər il müəyyən sayda kadrlar hazırlayıb cəmiyyətimizə təqdim edir. Siz özünüz də tələbələrə ssenari yaradıcılığını təqdim edirsiniz. Bəs hanı o məzunlar ki, ssenari yaradıcılığında indi belə qıtlıq var?
- Uzun illərdir ölkədə mədəniyyət və incəsənətin inkişaf istiqamətlərini 100 yaşlı ADMİU-nun məzunları müəyyən edir. Azərbaycan kinosunda, televiziya məkanında, internet televiziyalarında fəaliyyət göstərən mütəxəssislərin çoxu işlədiyim kino və televiziya fakültəsinin məzunlarıdır. Ümumiyyətlə, sənətə aparan yol bizim Universitetdən keçir. Ölkənin ən reytinqli televiziya seriallarının ssenari müəllifləri də bizim tələbələrdir. Ölkədə bir ssenari qıtlığı var fikri ilə razı deyiləm. Ssenaristlər az deyil, sadəcə, onların əməyindən istifadə edəcək kino müəssisələri azdır. Kino sənayesi olmayan yerdə yazılan ən yaxşı ssenarilər də istifadəsiz qalır. Amma onu da deyim ki, kinoda bir tərpəniş var, xüsusilə özəl prodakşnlar fəal işləməklə bərabər keyfiyyətli işlər ortaya çıxarırlar. Fikrimcə, yeni bir kino mühiti yaranır.
- Ədəbi yaradıcılığınızda son vəziyyət necədir? Yeni əsərlər varmı?
- Məni son vaxtlar sənədli teatr maraqlandırır. Qələmimi bu sahədə sınamaq fikrindəyəm. Azərbaycan tarixində, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti zamanında elə hadisələr olub ki, onları məhz dokumental teatrda canlandırmaq çox faydalı və maraqlı olar. Real tarixi şəxslər, real tarixi hadisələr, mühüm iclasların stenoqramları və minimum müəllif müdaxiləsi. Fikrimcə, belə pyes üzərində qurulan tamaşa böyük maraq doğura bilər. Əlbəttə, fikir, ideya vacibdir, ən vacibi isə onun konkretləşdirilməsidir. Deməli, işləmək lazımdır.
Şahanə MÜŞFİQ