|
|
|
|
44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqının yurd sevgisi tükənməzdir, qarşısıalınmaz bir qüvvvədir. 27 sentyabr 2020-ci ildə düşmən təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlayan ordumuz təcaüzkar, işğalçı ermənilərə həddini bildirdi, onları torpaqlarımızdan qovdu.
Düşmənin 30 ilə yaxın işğal altında saxladığı əzəli torpaqlarımızı azad edərək xalqımıza böyük sevinc hissi yaşatdı. Bu döyüşlərdə Vətənimizin igid oğulları doğma torpaqlar uğrunda canlarından keçdilər. O oğullar ki, adlarını tarixə qızıl hərflərlə yazaraq şəhadət şərbətini içdilər. Həmin qəhrəmanlarımızdan biri də şəhid zabit Nicat Rizvan oğlu Məmmədlidir.
O, 1999-cu il iyulun 31-də Culfa şəhərində dünyaya göz açmışdı. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Məktəblərində motoatıcı ixtisası üzrə ali hərbi təhsil alan Nicat 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan torpaqlarımızın azadlığı uğrunda başlayan əks-hücum əməliyyatında xüsusi şücaət göstərir. Ağdam, Ağdərə, Füzuli, Suqovşan istiqamətində, döyüş yoldaşları ilə birgə, düşmən həmlələrini uğurla dəf edir.
Sakit təbiətli, yüksək mənəvi keyfiyyətlərə malik Nicat əsərlərə mövzu olacaq qəhrəmanlıq nümunəsi göstərərək, gələcək nəsillərə Vətən uğrunda ölməklə ölümsüzləşmək nümunəsi göstərib. O, 2020-ci il oktyabrın 8-də Suqovşan istiqamətində gedən döyüşlər zamanı düşmən əsgərinin tulladığı əl qumbarasının üstünə atılaraq 30-dan çox döyüş yoldaşının həyatını xilas edib.
Doğma Culfa şəhərində dəfn olunan igid şəhidimiz leytenant Nicat Məmmədli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə, ölümündən sonra, "Vətən uğrunda", "Suqovşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Vətəni canından çox sevən şəhidimiz Nicat Məmmədlinin xatirəsi hər zaman əziz tutulur. Oktyabrın 11-də Culfa şəhərində əziz şəhidimizin anım mərasimi keçirilib. Mərasimdə qəhrəmanın ailə üzvləri, Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə şəhid Nicat Məmmədlinin igidliyinin nəsillərə örnək olduğu, onun rəşadətinin və fədakarlığının heç zaman unudulmayacağı vurğulanıb.