|
|
|
|
“HƏMAS-ı tamamilə məhv etməkdə qərarlıyıq”.
525.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu müharibə İsrailin gələcəyinə təsir edəcək: “Biz yer üzündəki reallığı dəyişəcəyik. Bu müharibə uzun və çətin olacaq, lakin biz qalib gələcəyik. Bütün çətinliklərə baxmayaraq, vətəndaşlarımızı istənilən təhlükədən qorumağa hazırıq”.
Nazir bildirib ki, oktyabrın 7-də baş verən hücum zamanı HƏMAS-ın minlərlə silahlısı İsrailə sızıb: “Onlar cənub sərhədimizi keçib. 1945-ci ildən bəri yəhudi xalqının başına belə bir hadisə gəlməyib. Bu toqquşma nəticəsində 100-dən çox adam oğurlanıb, 1000-dən çox insan öldürülüb, 3000-dən çox adam yaralanıb. Ölkəyə 5000-dən çox raket atılıb”.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ümumilikdə ölənlərin sayı 1 300-ə çatıb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib ("Report").