Qardaş Türkiyənin böyük bayramı - Respublikanın yaranmasının 100 illik yubileyi ilə bağlı ölkəmizin ikinci şəhəri və Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin birinci paytaxtı kimi tarixə düşmüş Gəncə şəhərində də əlamətdar tədbirlər keçirilib.
525.az xəbər verir ki, oktyabrın 26-dan start götürmüş və Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun iştirakı ilə keçirilmiş tədbirlərin proqramı geniş olub. Belə ki, Gəncənin bir sıra orta təhsil ocaqlarında ölkələrimizin ortaq tarixinə həsr olunmuş açıq dərslər, ədəbi-bədii kompozisiya nümayişləri, eləcə də məktəb kollektivləri və şagirdlərlə birgə ağacəkmə aksiyaları keçirilib. Baş Konsulluqda isə Türkiyə Cümhuriyyətinin tarixinə həsr edilmiş sərgi təşkil edilib.
Tədbirlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən yürüş öz möhtəşəmliyi ilə seçilib.
Yürüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhərdə fəaliyyət göstərən universitetlərin rektorları, bələdiyyə, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan 100 nəfər azərbaycanlı və 100 nəfər türkiyəli tələbə ilə yanaşı, hazırda bu ali təhsil ocağı ilə əməkdaşlıq edən Türkiyənin Ege Universitetindən olan 22 nəfər müəllimin də qatıldığı yürüş Türkiyənin Gəncədəki Baş Konsulluğunun qarşısından başlayıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan yürüş iştirakçıları Gəncənin Atatürk prospekti ilə irəliləyiblər. Yürüş 1918-ci ildə Azərbaycanın xilası naminə Qafqaz İslam Ordusu adı altında Gəncəyə gəlmiş Türkiyə silahlı qüvvələrinin buradakı ilk əməliyyatları zamanı şəhid olmuş əsgələrin xatirəsinə ucaldılan abidənin önündə yekunlaşıb.
Yürüş iştirakçıları abidəni ziyarət edib, önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər.
Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop abidə önündə çıxış edərkən ölkəsinin tarixin bütün mərhələlərində inamla addımladığını, qarşılaşdığı çətinliklərə baxmayaraq, müsair dünyada söz sahibi olan qüdrətli bir dövlətə çevrilməyi bacardığını, eləcə də Azərbaycan və Türkiyənin qardaşlığının əsrlərin sınağından şərəflə çıxdığını qeyd edib.
Gəncədəki tədbirlər oktyabrın 30-da Baş Konsulluq tərəfindən verilən rəsmi bayram qəbulu ilə yekunlaşıb. Qəbulda Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Recep Öztop və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış ediblər. Həmçinin Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın Türkiyə vətəndaşlarına bayram münasibətilə müraciətinin mətni də səsləndirilib.
Zakir Muradov, Gəncə