Fransa aprelin 16-da Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırmışdı. Səfir artıq Bakıya qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.
Yada salaq ki, səfiri Fransa prezidenti Emmanuel Makron qəbul etmişdi. Onun geri çağırılması ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında Paris bunun "Azərbaycanın birtərəfli fəaliyyəti, iki ölkə arasında münasibətlərə xələl gətirməsi" ilə bağlı olduğunu iddia edirdi.
"Respublika Prezidenti bu gün səfirimizi bu münasibətlə qəbul etdi. O, Azərbaycanın etdiklərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin öz niyyətlərinə aydınlıq gətirməsini arzulayıb. Fransa beynəlxalq hüquqa və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək verdiyini xatırladır. Bu standartlaşma həm ölkələrə, həm də bütövlükdə regiona fayda verəcəkdir", - Fransa XİN-in açıqlamasında vurğulanırdı.
Əslində məlumdur ki, münasibətlərin pozulmasına yönəlmiş bütün addımlar Bakıdan yox, məhz Parisdən atılıb. Fransa Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb.
Azərbaycan XİN-in 17 aprel tarixli bəyanatında da qeyd edilirdi ki, Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.
XİN bəyan etmişdi ki, Fransanın addımları sülhə xidmət etmir: "Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir".
Fransa bütün radikal addımlarına rəğmən, Bakını ittiham etməyə çalışmaqla həm də gülünc görünür. Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarışılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır, amma hansısa ölkə bunun əksini edirsə, demək ki, bu, o ölkənin öz problemidir.
Rəsmi Bakı bu addıma cavab olaraq adekvat qərar qəbul etmədi. Fransa isə qərarının fiaskoya uğradığını anlayaraq səfirini geri göndərdi.
Eyni zamanda, ötən müddət ərzində Azərbaycanla Ermənistan arasında ilk dəfə olaraq sərhədlərin delimitasiyasında nəticə əldə edildi, 35 sərhəd dirəyi quraşdırıldı, Qazaxın anklav olmayan kəndləri bir güllə atılmadan qaytarıldı. Bütün bunlar isə vasitəçi olmadan iki ölkənin apardığı danışıqların nəticəsidir. Bu, ikitərəfli razılaşma yolunda ilk addımlar həm də onu göstərdi ki, Parisin və digər Qərb dairələrinin prosesdə yer almaq, vasitəçi olmaq niyyəti yalnız və yalnız prosesə ziyan vurur, maneə yaradır, onu daha da gecikdirir.
Prezident İlham Əliyev "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində bu mövzuya toxunaraq deyib: "Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər".
Prezidentin bu fikirləri vasitəçisiz danışıqlara müdaxilə etmək istəyənlərə, bölgədə yeni qarşıdurma yaratmağa çalışanlara aydın və tutarlı mesajdır.
Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı "525"ə bildirib ki, Fransa Bakıdakı səfirin məsləhətləşmələr aparmaq üçün geri çağırmışdı: "Çağırdılar, məsləhətləşdilər, anladılar ki, səfiri geri çağırmaqla və diplomatik əlaqələri bir pillə aşağı salmaqla Fransa heç nə qazanmır. Azərbaycan hökuməti buna görə Fransaya hansısa güzəştlərə gedən deyil. Anladılar, səfiri qaytardılar geriyə".
Bakı-Fransa münasibətlərində gərginliyin azaldıla bilməsinə gəlincə, deputat hesab edir ki, nə qədər ki, Makron Fransaya rəhbərik edir, onun bu siyasəti davam edəcək: "Lakin bu siyasət Fransaya uğur qazandırmır. Hər bir halda, Makron hakimiyyətdən gedəndən sonra Fransa Azərbaycanla bağlı öz mövqeyində, siyasətində götür-qoy edib, ciddi korreksiya apara bilər. Sadəcə olaraq onda da bəyan edəcəklər ki, bu, Makronun səhvləri idi".
R.Musabəyov deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Fransa kənardadır, onun heç bir təsiri yoxdur: "Biz Fransanın bütün təsirlərini kəsmişik. Onun proseslərə təsir etmək imkanları xeyli məhduddur. Paşinyanın başı daşdan-daşa dəyib. Anlayır ki, Fransa sözdə boldur, ancaq konkret hərəkətdə imkanları xeyli məhduddur. Ona görə düşünürəm ki, Paşinyan reallıqlarla hesablaşacaq. Reallıqlar isə Azərbaycanın xeyrinədir".
Deputatın fikrincə, Fransa Azərbaycanla münasibətlərinin bu həddə olmasından ziyan çəkir: "Azərbaycan heç də Fransa ilə süni şəkildə münasibətləri gərginləşdirmək istəyində deyil. Yəni Azərbaycan tərəfinin Fransa ilə münasibətləri süni şəkildə daha da pisləşdirmək üçün nə marağı var, nə də istəyi. Ancaq Fransanın Azərbaycana qarşı yönəlmiş hər bir addımına Bakı təbii ki, adekvat cavab verəcək, cavab vermək imkanı da var".
Deputat əlavə edib ki, Fransanın gəlib bölgədə ağalıq etmək iddiasının heç bir əsası yoxdur: "ABŞ belə anlayır ki, bölgədə ağalıq etmək qeyri-mümkündür, sən hara soxulursan? Bakı ona anlatdı ki, imkanlarından daha çox iddialarla çıxış edib, gəlib Azərbaycana mollalıq etməyə nə sənin gücün, nə haqqın var".
O ki qaldı səfir geri çağırılandan sonra Azərbaycanın analoji addımı atmamasına, R.Musabəyov deyib ki, Bakının Fransa ilə bağlı öz siyasətində hansısa korrektələr etməyə ehtiyacı yoxdur.