|
|
|
|
Azərbaycanda növbəti dəfə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qlobal müstəvidə əhəmiyyət kəsb edən mövzular müzakirə olunur, geniş fikir mübadiləsi aparılır. Artıq mədəniyyətlərarası dialoq platformasına çevrilən forumda 100-dən çox ölkənin nümayəndəsi iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimindəki nitqində söylədiyi kimi, çoxsayda ölkənin təmsil olunması göstərir ki, Forum olduqca mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Müasir dünyanın hazırda qarşılaşdığı müxtəlif çağırışlar, problemlər, mürəkkəb proseslərin getdiyi bir vaxtda mədəniyyətlərarası dialoqun inkişafı əlbəttə ki, mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan başlatdığı "Bakı prosesi" çərçivəsində artıq dünyanın ən müxtəlif regionlarından ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini daha təhlükəsiz dünya üçün bir araya gətirə bilib. Təhlükəsiz dünya üçün mədəniyyətlərarası dialoq vacib rola malikdir.
Azərbaycanın bu məsələdə aparıcı yer alması heç də təsadüfi deyil. Çünki ölkəmiz əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub, onun coğrafi mövqeyi - Şərq ilə Qərb arasında yerləşməyi bu tendensiyaya imkan yaradıb. Prezidentin qeyd etdiyi kimi, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Tolerant mühitin məkanına çevrilən Azərbaycan sülhsevər dövlət olaraq özünəməxsus xoşməramlı mesajlarını dünya ölkələrinə göndərir. Bu mesajlarda dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr verən mövcud mühit öz əksini tapır. Azərbaycandakı birgəyaşayış mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır.
Mühüm məqamlardan biri də budur ki, Azərbaycan bu gün həm də dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan əsas dövlətlərdən birinə çevrilib. Xüsusilə son illər ölkəmiz neokolonializmə qarşı mübarizədə aparıcı rol alıb və bunu əsas prioritetlərdən biri elan edib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra müstəmləkəçilik siyasəti ilə bağlı qətiyyətli mövqe ortaya qoyub, təşəbbüslər irəli sürüb və onları gerçəkləşdirib. Hazırda qeyd etdiyimiz istiqamətdə Bakı öz fəaliyyətini davam etdirir. Bu fəaliyyət həm də beynəlxalq tədbirlərin təşkilinə aiddir. İllərdir azadlığı əlindən alınan, müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsini məhz Bakı bütün dünyaya çatdırır, onların haqq mübarizəsinə dəstək olur. Bakıdan başlayan beynəlxalq təşəbbüs, daha dəqiq desək, neokolonializmə qarşı "Bakı Təşəbbüsü" artıq öz bəhrəsini verməkdədir.
"Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da bu məsələ bir daha diqqətdə oldu. Prezident İlham Əliyev öz nitqində deyib ki, Qoşulmama Hərəkatının sədri kimi hər zaman yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparmışıq: "Biz imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz? Bəli, biz sədr olaraq Hərəkat daxilində bu işi gördük. Bu, bizim vəzifəmiz idi. İndi görürük ki, digər ölkələrə, imperiyada yaşayan xalqlara gəldikdə, biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik. Çünki onlar öz hüquqlarını müdafiə etmək, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyirlər".
Dövlət başçısı deyib ki, əgər insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, dənizdə olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil.
Göründüyü kimi, Azərbaycan bu məsələdə prinsipial olduğu qədər, həm də ədalətli, dürüst mövqe nümayiş etdirir. Dünyanın müxtəlif yerlərində baş verən toqquşmalar, münaqişələr və müharibələrə rəğmən, Azərbaycan sülhü, həmrəyliyi təşviq edir, eyni zamanda regionda bəzi güclərin yeni qarşıdurma yaratmaq cəhdlərinə imkan verməyərək, bölgəyə sülhün gəlməsi üçün səylə çalışır. Mədəniyyətlərarası Forum bu baxımdan dünyaya düzgün mesajlar çatdırmaqla, sülhə, sabitliyə öz töhfələrini verir.
Milli Məclisin deputatı Aydın Hüseynov "525"ə deyib ki, Bakıda Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirakı ilk növbədə ölkəmizin nüfuzunu, beynəlxalq səviyyədə önəmini bir daha təsdiq edir. Bu tədbirin daha bir məqsədi bəşəriyyəti yenidən kəşf etmək, birgəyaşayışın yollarını tapmaqdır: "Hazırda dünyada parçalanma baş verir. Bu, özünü həm qlobal, həm də cəmiyyətlər səviyyədə göstərir. Beynəlxalq səviyyəli böhran cəmiyyətlərimizə də təsir etdiyi üçün bunu daim diqqət mərkəzində saxlamalıyıq".
O əlavə edib ki, Forumun açılış mərasimində Prezident İlham Əliyev geniş məzmunlu çıxış edərək Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olduğunu bildirdi. Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Çıxışında Prezident İlham Əliyev müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb, Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını, indi sülhə doğru getdiyimizi vurğulayıb. Onun sözlərinə görə, müzakirə olunan məsələlər həm də post-müharibə dövründən sonra Azərbaycanın daha çox humanitar istiqamətdə çalışmalarını önə çəkən bir fəaliyyətdir.