Avropa Parlamenti Azərbaycan əleyhinə növbəti dəfə qərəzli qətnamə qəbul edib. Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamənin 474 deputat lehinə, 4 nəfər əleyhinə səs verib, 51 nəfər bitərəf qalıb. AP üzvləri bir sıra şəxslərin həsbdən azad edilməsinə, eyni zamanda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın dayandırılmasına, bir sıra vəzifəli şəxslərə qarşı cəza sanksiyalarının tətbiq olunmasına çağırış ediblər.
Bu, AP-nin Azərbaycanla bağlı nə ilk, nə də sonuncu qətnaməsidir. Buna qədər də qeyd edilən təsisat Azərbaycan əleyhinə belə qətnamələr qəbul edib. 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələrlə Azərbaycana qarşı 8 qətnamə qəbul edib.
Ümumiyyətlə, AP hər zaman ölkəmizə yanaşmada ədalətsiz olub, ermənipərəst qüvvələrin əlində alətə çevrilib. Əks halda, bu qurum Ermənistandakı vəziyyətə göz yummazdı. Məlumdur ki, bu gün Ermənistanda siyasi mövqeyinə görə həbs olunmuş çox sayda insan var. Onların sayının 820 nəfər olduğu bildirilir. Amma AP bu məsələni bir dəfə də olsun gündəmə gətirməyib.
Avropa Parlamentinin qərəzi, ədalətsizliyi həm də özünü Ermənistanın 30 ilə yaxın davam edən işğalı zamanı göstərib. Ermənistanı işğala görə qınamayan, onu torpaqlarımızdan çıxmağa çağırmayan AP, bununla da öz yurd-yuvasından qovulan, əmlakları talan edilən, ağır işgəncələrə, vəhşiliklərə məruz qalan bir milyona yaxın insanımızın əzabına göz yumub. İndi də Ermənistandan tarixi torpaqlarından qovulmuş 350 minə yaxın soydaşımızın öz dədə-baba yurdlarına qayıdışları üçün Ermənistan tərəfinə heç bir çağırış etmir. Baxmayaraq ki, Bakı bu məsələni dəfələrlə bütün beynəlxalq təsisatlar qarşısında qaldırıb.
Yada salaq ki, bundan əvvəl Avropa Parlamenti qəbul etdiyi qətnamələrdə Azərbaycana qarşı "Qarabağa hücum", "etnik təmizləmə" və s. uydurmalar səsləndirib. Eyni zamanda Aİ-ni Bakı ilə siyasi dialoq və enerji əməkdaşlığını dayandırmağa çağırıb. Görünən odur ki, AP antiazərbaycan kampaniyasından əl çəkmək niyyətində deyil və qətnamə qəbulu üçün də həmişə "səbəb" tapacaq. Əks halda, öz ərazi bütövlüyünü, suverenliyini təmin edən, ərazisində separatizmə son qoyan dövlətə qarşı niyə sanksiyalara çağırış edilsin?
Görünür, Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan normallaşma prosesinin irəliyə aparılması, xüsusilə sərhədlərin delimitasiya ilə bağlı əldə olunan ilk razılaşma Qərbdəki bəzi dairələri narahat edir, onlar bu cür qətnamələrlə, müxtəlif təzyiq vasitələri ilə prosesləri dəyişməyə, ona mane olmağa çalışırlar. Bu, həmin qüvvələrdir ki, Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmirlər, regionda öz hegemonluqlarını yeritməyə və ilk növbədə öz maraqlarını təmin etməyə çalışırlar. Rəsmi Bakı dəfələrlə İrəvanla vasitəçi olmadan dialoq təşəbbüsünü irəli sürüb ki, son addım da bunun daha effektli olduğunu göstərdi.
Azərbaycan XİN-in bununla bağlı bəyanatında da qeyd edilib ki, bu qətnamə Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil. Azərbaycana qarşı sanksiya çağırışları isə yalnız Azərbaycan və Avropa İttifaqı arasında münasibətləri mürəkkəbləşdirir.
XİN Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırıb.
Milli Məclisin açıqlamasında da vurğulanıb ki, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir: "Məsələnin başqa bir tərəfi də budur ki, konkret cinayət əməlləri törətdiklərinə görə məhkəmə qərarları əsasında məhkum edilmiş şəxslərin "siyasi məhbus" adlandırılmasının və ya bu cür əməlləri törətdiklərinə əsaslı şübhələr olduğuna görə cinayət qanunvericiliyinin müvafiq maddələri ilə barələrində ittiham irəli sürülmüş şəxsləri qeyd-şərtsiz azadlığa buraxmağın tələb edilməsinin hansı məntiqdən irəli gəldiyi aydın deyil. Məlum olduğu kimi, bu cür məsələlər məhkəmənin səlahiyyətinə daxildir və kiminsə azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb olunması məhkəmə baxışının nəticəsindən asılıdır. İnsanların cəmiyyətdəki mövqeyinin onlara məhkəmə təqibindən immunitet hüququ verdiyini iddia etməyə heç bir şəxsin və ya təşkilatın ixtiyarı yoxdur".
Bu gün AP-nin nüfuzu kifayət qədər zədələnib. Buna səbəb həm bu cür qərəzli yanaşması, ədalətsizliyi, ikilistandartları tətbiq etməsi, eyni zamanda son illər korrupsiyaya bulaşmasıdır. Məlumdur ki, bununla bağlı çox sayda fakt var və cinayət işi açılıb. Belə ki, Avropa Parlamentinin vitse-spikeri Yeva Kayl və bir sıra deputatlar mütəşəkkil cinayətkar dəstə yaratmaqda, rüşvət və korrupsiyadada ittiham olunaraq həbs ediliblər. Hüquq-mühafizə orqanlarının Yeva Kaylın evində apardığı axtarış zamanı külli miqdarda pul aşkarlanıb. Belçikanın Federal Prokurorluğu bildirib ki, AP-də strateji vəzifə tutanlar pul və qiymətli hədiyyələr alaraq qərarlar veriblər. Bu fakt AP-də ilk korrupsiya qalmaqalı deyil, lakin miqyasına görə böyük səs-küy yaratmışdı.
Bütün bunları nəzərə alaraq, AP-nin qərəzinin daha bir göstəricisi olan bu qətnaməni növbəti "kağız" parçası adlandırmaq olar. Azərbaycan region, dünya əhəmiyyətli fəaliyyətlə məşğuldur. Ölkəmiz mötəbər və çox əhəmiyyətli tədbirə - COP29-a hazırlaşır. Azərbaycan həm bu tədbirin yüksək səviyyədə keçirilməsinə, həm də nəticələr əldə olunmasına çalışır. Çünki bu, bütün dünyanın marağında olan mövzudur. Eyni zamanda, Cənubi Qafqaza sülhün, təhlükəsizliyin gəlməsi üçün bütün imkanlarını səfərbər edib. AP isə köhnə havasındadır, dəyişmək istəmir.