Azərbaycanla Ermənistan arasında növbəti danışıqlara Qazaxıstan ev sahibliyi edəcək. Artıq məlum olduğu kimi, mayın 10-da xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almatı şəhərində görüşəcəklər. Tərəflər əsasən sülh sazişinin mətnini müzakirə edəcək, sənəddəki ayrı-ayrı bəndlər ətrafında fikir mübadiləsi aparacaqlar.
İkinci Qarabağ müharibəsindən bu yana ABŞ-da və Avropanın bir sıra ölkələrində Azərbaycan-Ermənistan müzakirələri baş tutub. Amma həmin görüşlərin heç biri hər hansı nəticəyə gətirməyib. Çünki vasitəçilik iddiasında olanlar ilk növbədə öz maraqlarını önə çəkiblər, neytral qala bilməyiblər, əsas məqsədləri Cənubi Qafqazda dominantlığı ələ almaq olub. Təbii ki, Bakı bu cür məqsədlərə xidmət edən görüşlərə deyil, vasitəçisiz danışıqlara üstünlük verdiyini dəfələrlə bəyan edib. Azərbaycanla Ermənistan arasındakı birbaşa danışıqlarda son inkişaflar da onu göstərdi ki, Bakı öz mövqeyində tamamilə haqlıdır. Söhbət delimitasiya sahəsində əldə edilmiş irəliləyişdən gedir. Azərbaycanla Ermənistan arasında delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ötən ay keçirilən görüşdən sonra əldə olunan nəticələr onu göstərir ki, iki ölkə arasında müzakirələrin birbaşa aparılması daha səmərəlidir. Artıq iki ölkənin sərhədində koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 40 sərhəd dirəyi quraşdırılıb.
Görünən odur ki, İrəvan da anlayır ki, bəzi qərəzli xarici dairələrin "Azərbaycan müharibəyə hazırlaşır" yalanını tirajlamaqda əsas niyyətləri tərəflər arasında müharibəni yenidən alovlandırmaq, Cənubi Qafqazı savaş meydanına çevirməkdir. Belə olmasaydı, onlar sözdə sülhdən danışıb, əməldə Ermənistanı silahlandırmazdılar. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh təşəbbüsünü irəli sürüb və buna nail olmaq üçün bütün imkanlarını səfərbər edib.
Qazaxıstanda keçiriləcək görüşün iki ölkə arasında münasibətlərin normallaşması üçün hansı irəliləyişlərə gətirəcəyi diqqət mərkəzindədir. Onu qeyd etmək lazımdır ki, Qazaxıstan bundan əvvəl də sülhyaratma missiyası ilə çıxış edib. Məsələn, Suriya münaqişəsi üzrə danışıqlara məhz Astana ev sahibliyi edib.
Eyni zamanda, bundan əvvəl Prezident Kasım-Jomart Tokayev həm Azərbaycana, həm də Ermənistana səfəri zamanı bəyan etmişdi ki, Qazaxıstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır.
"Qazaxıstan bu məsələyə biganə yanaşa bilməz. Ona görə də ölkəmiz Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki bu dövlətlərin hər ikisi ilə ölkəmiz arasında dostluq münasibətləri var. İrəvanla Bakı arasında dayanıqlı və uzunmüddətli sülhün təmin olunması Qazaxıstanın da maraqlarına cavab verir. Sülhməramlı təşəbbüslərin tərəfdarı olan Qazaxıstan regionun sabitliyi və inkişafına yönələn istənilən səyləri dəstəkləyir", - Tokayev deyib.
Almatı danışıqları həm də ona görə fərqlənə bilər ki, Qazaxıstan həqiqətən regionda sülh istəyir və neytral mövqe sərgiləyir. İstənilən halda, bu görüş vasitəçilik demək deyil, Qazaxıstan sadəcə tərəflərə platforma təqdim edir. Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov daha əvvəl bəyan edib ki, qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Astananın vasitəçiliyindən söhbət getmir: "Biz yalnız xoşniyyətli xidmətləri təqdim edirik".
Ümumiyyətlə, son proseslər onu göstərir ki, Azərbaycan və Ermənistan arasında vasitəçiliyə heç bir ehtiyac yoxdur. Sadəcə olaraq tərəflərin görüşü üçün irəli sürülən təşəbbüs əsasında üçüncü bir ölkə məkan olaraq seçilir. Hazırda Azərbaycanla Ermənistan arasında noyabr ayına qədər sülh sazişinin imzalana bilməsi gündəmdədir.
Prezident İlham Əliyev "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, "COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır".
Ermənistanın Baş naziri Nikol Paşinyan da Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin noyabra qədər bağlana biləcəyini söyləyib. Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.
Paşinyan iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid etdiyini vurğulayıb. Paşinyanın noyabr ayına qədər sülh sazişinin imzalanması ilə bağlı verdiyi açıqlaması bir tərəfdən Ermənistanın sülhdən başqa yolunun olmadığını, digər tərəfdən birbaşa aparılan danışıqların daha səmərəli olduğunu qəbul etdiyini göstərir.
Politoloq İlyas Hüseynov hesab edir ki, Azərbaycan və Ermənistanın xaric işlər nazirlərinin Qazaxıstanda görüşünün keçirilməsinə dair təşəbbüs Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin əldə olunması istiqamətində mühüm addımdır: "Qazaxıstan çox arzulayır ki, Cənubi Qafqazda sabitlik olsun və nəqliyyat, eləcə də, enerji daşınmasında imkanlar daha da dərinləşsin, Orta dəhliz, Zəngəzur dəhlizi kimi layihələr daha da dayanıqlı olsun və bölgənin rifahı naminə ciddi irəliləyişlər olsun. Məhz bu səbəbdən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu mühüm təklifi irəli sürdü və artıq mayın 10-da görüş keçiriləcək. Eyni zamanda, görüşün əsas siyasi gündəliyində duran məsələ sərhəd təhlükəsizliyi, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də, sülh müqaviləsinin mətni müzakirə olunacaq və mühüm məsələ bundan ibarətdir ki, vasitəçilər olmadan tərəflər görüşür. Bu baxımdan, görüşün nəticələrinə də ümid etmək olar".
O əlavə edib ki, Ermənistan- Qazaxıstan münasibətlərinə də nəzər salanda deyə bilərik ki, həm Avrasiya İqtisadi Birliyi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bu dövlətlər eyni sırada yer alırlar: "Qazaxıstan hər zaman Azərbaycanın haqq işini, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Buna görə də Almatı görüşünün nəticələri ilə yanaşı, onun nəticələrinin üzərindən xətt çəkmək istəyən qüvvələri də biz düşünməliyik. Çünki şübhəsiz ki, Cənubi Qafqaz uğrunda vasitəçilərin bir savaşı gedir, bu qlobal savaşın da bir tərkib hissəsidir. Eyni zamanda, bu nəticələrin dayanıqlı olmasına, onun daha da dərinləşməsinə nail olmaq lazımdır".