|
|
|
|
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri və Prezident Vladimir Putinlə görüşü, verilən bəyanatlar və əldə edilmiş razılaşmalar əslində bir sıra məqamlara aydınlıq gətirmiş oldu. Bəlli oldu ki, Paşinyanın özünü qərbyönümlü göstərib, Rusiya əleyhinə səsləndirdiyi fikirlər, Moskvanın aparıcı rol aldığı bir sıra regional qurumlarla bağlı tutduğu mövqe əslində onun ikili oyunudur. Başqa sözlə, rəsmi İrəvan öz addımları ilə həm Qərbə, həm Rusiyaya xəyanət yolunu tutub. Deməli, Rusiya-Ermənistan danışıqlarında əsas müzakirə mövzularından biri iqtisadi məsələlər olub. Açıqlanan rəqəmlərə əsasən, Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə 7 milyard dolları keçib. Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə ticarət dövriyyəsi isə 14 dəfə artıb. Həmçinin, Ermənistanın Rusiyaya ixracı kəskin artıb. Bunun necə baş verdiyi də suallar yaradır. Çünki Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdədir, hər hansı resursları yoxdur.
Məlum olur ki, Ermənistan məhz Rusiyanın hesabına bu iqtisadi "sıçrayışa" nail olub. Ermənistan sanksiya altında olan malları gizli yolla Rusiyaya satır. Bununla da Qərbə xəyanət edir. Eyni zamanda, Rusiyanın hesabına yaşayır, əvəzində isə ona arxa çevirir. Bu da Rusiyaya xəyanətdir. Rəsmi İrəvanın bu oyunları nə qədər davam edəcək və hansı nəticələrə gətirib çıxaracaq?
Mövzunu "525"ə şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, Rusiya ilə Ermənistan arasında son zamanlar baş verən proseslər fonunda Putin-Paşinyan görüşü təbii ki, bir sıra gizlin məqamlara aydınlıq gətirmiş oldu. Əslində Paşinyan Ermənistana rəhbərlik edən şəxs kimi heç də Rusiyanın orbitindən tam çıxmaq siyasətinin tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu. Ola bilər ki, əvvəllər Paşinyanda belə bir mövqe olub, amma hazırkı proseslər və onun Putinlə müzakirə etdiyi məsələlər, görüşdən sonra verilmiş bəyanatlar, açıqlanan məlumatlar onu göstərdi ki, hazırkı mərhələdə Ermənistan heç də Rusiyanın orbitindən tam şəkildə çıxmaq niyyətində deyil.
Politoloq bunun sonradan baş verən hadisələr nəticəsində özünü göstərdiyini istisna etmir: "Məsələn, 5 aprel görüşündə Paşinyanın gözləntiləri doğrulmadı və mümkündür ki, Ukrayna mövzusundan, yaxud Gürcüstanda baş verən hadisələrdən gec də olsa nəticə çıxarıb. Amma hər bir halda hazırda baş verən proseslər onu göstərir ki, Paşinyan atdığı bütün addımları əslində rəsmi Moskva ilə, konkret olaraq Vladimir Putinlə razılaşdırılmış şəkildə həyata keçirir. Həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm Avrasiya İqtisadi İttifaqı, eyni zamanda Rusiyanın bu gün Ermənistanın bütün istiqamətlərdə təhlükəsizliyini təmin edən əsas dövlət kimi aralarında olan o münasibətlərin tənzimlənməsi baxımından da Paşinyan atdığı bütün addımlarla bağlı Moskva ilə hesablaşır. Təbii ki, Paşinyan qərbyönümlü siyasətçi olduğunu göstərməyə çalışır. Çünki onu hakimiyyətə həmin qüvvələr gətirib. Amma biz tarixdən çox görmüşük ki, bir tərəfin hakimiyyətə gətirdiyi şəxs sonradan özünün siyasətini tam şəkildə dəyişir, hətta həmin qüvvələrə arxasını belə çevirə bilir. Ona görə də düşünürəm ki, Paşinyan hakimiyyətindən də bunu gözləmək olar. Amma hər bir halda hazırkı məqamda görünən odur ki, Paşinyan həm şimal, həm də qərbyönümlü siyasətə üstünlük verməyə çalışır. İndi Ermənistanda Rusiya kollektiv Qərbin və ümumiyyətlə Ermənistan vasitəsilə Cənubi Qafqaza girmək istəyən Qərb ölkələrinin sahib olduğu gücdən dəfələrlə çox güclüdür. Bunu Paşinyan da, digər qüvvələr də anlayırlar. Yəqin ki, Paşinyanın atdığı addımların əsas səbəbi də bununla bağlıdır. O, anlayır ki, hələ rəsmi Moskva Ermənistanda daha güclüdür, nəinki ölkəsinə daxil etmək istədiyi Qərb qüvvələri. Eyni zamanda, Qərb ölkələri özləri də anlayırlar ki, onların təzyiq və təsirlərindən asılı olmayaraq Ermənistanda bu gün Rusiyanın təsiri daha yüksəkdir. Ona görə də Paşinyanın bu addımlarına ya göz yumurlar, ya da onlarla da bu məsələ razılaşdırılmış şəkildə həyata keçirilir. Amma hazırkı məqam ondan ibarətdir ki, Rusiyanın Paşinyan hakimiyyətini devirmək barədə səsləndirilən iddialar özünü doğrultmur. Məhz ona görədir ki, Paşinyan hələ də hakimiyyətdədir. Amma bəzi məqamlar var. Məsələn, Ermənistanın əsas hava limanı olan Zvartnotsdan və Azərbaycanla sərhədboyu ərazilərdə Rusiya sərhədçilərinin çıxarılması. Təbii ki, onların çıxarıldıqdan sonra hara yerləşdiriləcəkləri ilə bağlı hələ ki, məlumat verilmir. Düşünmürəm ki, Rusiya tərəfi hava limanından, eyni zamanda Azərbaycan-Ermənistan sərhədindən qüvvələri çıxarmaqla onları həm də Ermənistandan çıxarmış olacaq. Çünki Rusiya Ermənistandan çıxmaq niyyətində deyil. Bu gün Gürcüstanda baş verən proseslər də onu göstərir ki, Rusiyanın Cənubi Qafqazda qalması kollektiv Qərb tərəfindən birmənalı şəkildə iqnor edilir. Onlar bütün istiqamətlərdə əllərindən gələni etməyə çalışırlar ki, yeganə Cənubi Qafqaz dövlətində - Ermənistanda mövcud olan Rusiyanı çıxarsınlar, bununla da Moskva Cənubi Qafqazı itirsin".
Politoloq deyib ki, Abxaziya və Cənubi Osetiyada olan rusları nəzərə almaq lazımdır, amma həmin qüvvələr ilk növbədə Rusiya ilə Gürcüstan arasındakı sərhəddədirlər, eyni zamanda o qüvvələr Rusiyanın Cənubi Qafqazla bağlı bütün maraqlarını həyata keçirməyə imkan vermirlər: "Düşünürəm ki, Ermənistanla bağlı məsələdə Rusiya da hansısa bir gedişi etməyə çalışır. Bir tərəfdən biz bilirik ki, Qərblə Rusiya arasında mübarizənin əsas obyektlərindən biri Ukraynadırsa, digəri də Cənubi Qafqazdır. Ukrayna ilə Cənubi Qafqazda baş verən proseslər bu və ya digər formada bir-biri ilə əlaqələndirilir. Əgər Ukrayna mövzusunda hansısa bir razılaşma əldə ediləcəksə, bu halda Ermənistanla bağlı məsələdə də Rusiyanın hansısa bir kompromislərə getməsi mümkündür. Amma nəzərə alaq ki, bu məsələdə Türkiyə, Azərbaycan amili var, bu kompromisi Rusiya mümkün qədər Türkiyə ilə əlaqələndirməyə, kompensasiya etməyə çalışacaq. Rusiya hazırkı mərhələdə Ukrayna ilə müharibə fonunda Cənubi Qafqazda zəiflədiyi və əldən verdiyi o yerlərdə boşluğun doldurulması üçün Qərbdən daha çox Türkiyəyə üstünlük verəcək. Baxmayaraq ki, bölgədə Türkiyəni uzun illər boyu rəqibi hesab edib".
X.Bəşirov əlavə edib ki, Ermənistanın atdığı addımları bütün dünya görür və anlayır, sadəcə o addımlara, sanksiya altında olan malları gizlin yollarla Rusiyaya satmaqla Qərbə etdiyi xəyanətə göz yumulur. Çünki Qərbin özü də öz maraqlarına uyğun hissədə Rusiyaya sanksiyalar qoyub: "Bəzi mallar var, məsələn, Rusiya qazına, taxılına, nüvə yağlarına və bir sıra digər Rusiyadan idxal edilən məhsullara embarqo qoyulmayıb. Bu, bir daha ondan xəbər verir ki, diskriminasion yanaşma davam edir və kollektiv Qərb öz maraqları çərçivəsində bütün addımları atır. Düşünürəm ki, Paşinyanın bu addımları əslində nə qədər xəyanət hesab olunsa belə, Qərb buna hazırda göz yumur, zamanı gələcəksə, Paşinyanı cəzalandırmağa ehtiyac olacaqsa, o halda bu məsələlərə istinad ediləcək. Hazırkı mərhələdə isə Paşinyanın ikili siyasətini həm kollektiv Qərb, həm də Rusiya görür, sadəcə maraqları çərçivəsində olduğuna görə hələ ki, hər iki tərəf buna göz yumur. Nəzərə almaq lazımdır ki, bu proses istənilən an dəyişə bilər, tərəflərin birinin üstünlüyü reallaşacaqsa, o halda digər tərəf Paşinyanın atdığı xəyanatçkar addımlara görə onu mütləq şəkildə cəzalandırmağa qalxacaq. İndi hələ ki, bu, real görünmür ki, Paşinyan hakimiyyətdə qalmağa davam edir".