Azərbaycan Ordusunun baş çavuşu Elçin Mehman oğlu Əliməmmədov 1997-ci il avqustun 18-də Bakının Zirə qəsəbəsində anadan olub. Zirənin dəniz qoxulu havasında böyüyüb, Xəzərin qoynunda keçib uşaqlığı. 2012-ci ildə Zirə qəsəbəsindəki Ziya Ağayev adına 241 nömrəli tam orta məktəbdə 9 illik təhsilini başa vurduqdan sonra peşə məktəbində üç il təhsil alaraq operator ixtisasına yiyələnib. Çalışqanlığı, sakit, təmkinli təbiətilə peşə məktəbində də hamının sevgisini qazanıb. 2015-2017-ci ildə Murovdağda müddətli həqiqi xidmət keçib və fərqləndiyinə görə baş çavuş rütbəsi alıb.
Zəhmətkeş ailədə böyüyən Elçin özü də zəhmətsevər idi, ona görə də müddətli hərbi xidmətdən sonra çalışmaq, öz zəhməti ilə yaşamaq istəyirdi. Operator kimi iş tapmaq problem olduğundan, sürücü peşəsinə yiyələnir, sonra bir özəl firmada sürücü işləyir. Amma torpaqlarımızın erməni işğalında olması vətəni sevən hər kəs kimi, Elçinə də rahatlıq vermirdi. Səfərbərlik elan olunanda Elçin artıq savaşa hazır idi.
Yaşar Əliməmmədov: "Səfərbərlik elan olunmuşdu. Elçinin getmək havasında olduğunu hiss etdim. Soruşdum ki, gedirsən? Dedi ki, hə, gedirəm. Gedəcəyinə qərar vermişdi. Müharibəyə gedəndə də zəng vurdu ki, artıq yola düşmüşəm. Arada zəngləşirdik. "Vuruşuruq, kəndləri azad edirik" deyə sevinclə xəbər verirdi. Sonuncu dəfə mesaj yazdı ki. döyüşlər ağırdır, vəziyyət çətindir. 2020-ci il oktyabrın 6-sı, saat 16.50 radələri idi - son mesajını oxudum: "Əmi, evdəkiləri sənə tapşırıram. Birdən bir şey olar, haqqınızı halal edin". Elçin müharibənin ilk günlərindən döyüşlərə qatılıb, Cəbrayıl, Füzuli, Horadiz uğrunda hərbi əməliyyatlarda iştirak edib. Qarış-qarış, küçə-küçə, kənd-kənd azad edilirdi işğalda olan yurd yerlərimiz. Elçin Horadiz ərazisində gedən döyüşlərdə, oktyabrın 6-da şəhid oldu, Azərbaycan Prezidendi İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə" medalları ilə təltif edildi".
Döyüş yoldaşı Kənan Babayev: "Çox mərd, dəyanətli insan idi Elçin. Düşmənlə üzbəüz döyüşdə onu məğlub etmək olmazdı. Sərrast atıcı, cəsur döyüşçü idi. Səngərdən çıxıb yüksəkliyə qalxırdıq. Onu snayper vurdu. Elçin təkcə igid döyüşçü deyildi, həm də qayğıkeş adam idi. Paltarın yaş olsa, öz quru geyimini güclə sənə geydirərdi. Ac olsa da, son tikəsini döyüş yoldaşına verərdi. "Məni vursalar, qoyma burda qalım, çıxar". Axırıncı istəyi bu olmuşdu. Nə yaxşı ki, şəhidlərimiz qələbə sevincini yaşadılar, qalib olduğumuzu gördülər".
Yer üzündə sakit, rahat yaşamaq mümkündürsə, niyə anaların dərdi altında əziləsən? Niyə onları ovutmaq üçün söz axtarasan? Sakit danışmağa çalışsa da, Xanım Əlimərdanovanın səsindəki kövrəkliyi, rahatlıq tapmayan qəlbinin döyüntüsünü duymamaq mümkün deyil: "Hərbi komissarlıqdan zəng gələndə "təlimə çağırırlar" dedi. Müharibədən bir kəlmə danışmadı. Müharibəyə gedəcəyi heç ağlıma da gəlmirdi. Bir gün əvvəl maaş almışdı, hamımızı götürdü, gəzdirdi, bacısı qızlarına hədiyyələr, özünə də təzə geyimlər aldı. Təzə paltarlarını geyinib sentyabrın 21-də səhər tezdən təlimə yollandı. Bir həftə Pereküşküldə olub. "Sakitçilikdir, nigaran qalmayın" - deyirdi hər zəngində. Heç vaxt bizi narahat etməzdi. Onu görməyə getdik. Sevdiyi bütün şeyləri aparmışdım... - kövrəlir ana, səsi də çarəsizləşir. - Biz Pereküşkülə çatanda onlar yola düşüblər. Yolda əsgər maşınlarını görsəm də, müharibənin başladığını, müharibəyə getdiklərini anlamadım. Son dəfə balamı görə bilmədim. Yaxın dostu var, Samir, bizi ona tapşırıb. "Müharibədir, hər şey ola bilər. tez-tez anama baş çəkərsən" - deyib".
Mehman Əliməmmədov: "Ailəmizlə fəxr edirəm, belə oğul böyütmüşük. Oğlumla da qürur duyuram. Oğlum qaçmadı, Azərbaycan uğruna savaşa könüllü getdi. Belə oğul böyütdüyüm üçün qürurluyam. Kişi kimi döyüşüb, kişi kimi şəhid olub. Zəng edib vəziyyəti öyrənmək istəyirdim, "Sual vermə" - deyirdi. Özü bilirmiş şəhid olacağını. Son döyüşdə yoldaşlarına deyib ki, ola bilər bu gün şəhid olum. Kişi kimi yaşadı oğlum. İndi mənim oğlum çoxdur, çünki mənim oğlum təkcə Elçin deyil, bütün şəhidlər mənim oğlumdur".
Atanın səmimiliyinə inanmamaq olmur. Ürəklə danışır, ürəkdən danışır. Bu qürurlu ataların ürək ağrılarını duymamaq mümkünsüzdür. Baxışlarında, səsində, hətta əllərində duyursan şəhid ata-anasının övlad acısını, həsrətini. Şəhid bacılarının səsində yaşayırsan bu ağrını...
Baxışları harasa sonsuzluğa dikilir elə bil şəhid bacılarının. Elə bil şəhid bacılarının səsi də bir başqadır.
Əfsanə Əliməmmədova kimi: "Bir qardaşım vardı, tək qaldım. Valideynlərim, ailəm, iki övladım olsa da, sanki tənhalıq içindəyəm, Elçinsiz çox çətindir mənə. Nə yaxşı ki, müharibəyə getməzdən bir gün əvvəl hamımız bir yerdəydik. Bütün ailəmizlə birgə yaddaqalan bir gün keçirdik. O gündə qalmışam hələ də. Tez-tez yuxularıma gəlir. Danışırıq. "Sən ölmüsən axı" - deyirəm, cavab verir ki, "Yox, mən ölməmişəm, heç vaxt ölməyəcəyəm".
"Mən ölməmişəm. Mən heç vaxt ölməyəcəyəm" - deyir Elçin. Yüz illər boyu yaralı canını daşıyan ananı görürsən: Vətən ananı. Yüz illər boyu onun yaralarına məlhəm olan, ölməyə qoymayan, Vətən ananı yaşadan Elçin kimi oğulları görürsən. Bir də şəhidləri son mənzilə yola salan izdihamın hər yana yayılan, beynimizə işləyən səsini eşidirsən: Şəhidlər ölməz, Vətən bölünməz!