"Mənim oğlum çempion idi. Mənim oğlum hər işdə çempion idi", - dedi Rəna ana.
Doğru deyirdi. Kimdən soruşdumsa, "Arif oğul idi" dedi.
O illərdə Astara İdman və Gənclər İdarəsinin rəisi olan Ərçə Əliyevlə söhbətimizdən: "Arif çox vətənpərvər idi. 16 dəfə Azərbaycan çempionu, kross üzrə Azərbaycan rekordçusu, dünya və Avropa oyunlarının mükafatçısı, idman ustası Fikrət Qafarovun yetirməsi olub. 2015-ci ildə Avropa oyunlarında 2 saniyə fərqlə təsəlliverici yığmaya düşdü. Həm də Olimpiya oyunlarının Astarada baş tutan məşəlaparma mərasiminin məşəlaparanlarından biri idi. Yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi idi Arif. Yeniyetmələr, gənclər, həm də böyüklər arasında milli komandanın üzvü idi. Öz üzərində daim çalışan, Vətənə, dövlətə, dövlətçiliyə sadiq oğul idi. İdmançı yox, MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) olmaq istədi".
Arif İsmayıl oğlu Qeybiyev 6 iyun 1997-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb. Atletika ilə məşğul olub. Məktəbliykən 2013-cü ildə 3 kilometr məsafəyə qaçış üzrə Azərbaycan çempionu adına və qızıl medala sahiblənib.
Məktəbi bitirdikdən sonra Astara rayon Pedaqoji Kollecin idman fakültəsinə daxil olub.
Aytac Hüseynova Arifin xoşbəxt tələbəlik illərinin dostudur: "Çox mərd, gülərüz, şən, dürüst idi. Ona görə dostluğumuz tuturdu. Hər oğlanla dostluq etmək olmur. Sirlərimizi də bölüşərdik. Arif çox qızların diqqətini çəkirdi. O isə İranəyə vurulmuşdu, bunu da ilk mənə söylədi. Bu sirri də mən açdım İranəyə. Sevgiləri qarşılıqlıydı. Ailə qurdular. İdmanda da uğurları çox olub".
Qazandığı uğurlara görə adı ölkə və rayon üzrə ilk üçlükdədir. Atletika üzrə yarışlarda 50-dən çox diplomun 30-dan çoxu birinciliyə görədir. Üçqat Azərbaycan çempionu 2016-cı ildə Həqiqi Hərbi xidmətə çağırılır və ilk xidmət yeri Bakıda Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, sonradan xidmətini Naxçıvanda Xüsusi Təyinatlıların bölüyündə davam edir. 2018-ci ildə hərbi xidmətini bitirir. Amma rahatlıq tapmır.
Artıq hərbçi olmağa qərar vermişdi. Ordu sıralarına qəbul olmaq üçün 3 dəfə sənəd verir, yalnız 4-cü müraciətindən sonra istəyinə çatır. 2018-ci ildə hərbi xidmətə yollanır. Ağcabədidə, 2019-cu ilin avqustundan isə Füzulidə tankçı kimi xidmət edir... Həmişə narahat valideynlərinə, xanımına: "Qorxmayın tankçıların ölmə ehtimalı azdır", - deyə ürək-dirək verib.
Arifin həyat yoldaşı İranəyə son mesajını oxudum, Ayın 27-də səhər 05:42-də yazıb: "Məndən nigaran qalma. Özündən, anamdan, gözəl qızımdan muğayat ol. Sizi sevirəm".
Sonra yenə mesaj yazıb: "Əsas sizsiz. Əsas qızımdan muğayat ol, bir də anamdan. Haqqınızı halal edin. Sizi sevirəm. Yaşasın Azərbaycan! Vətən sağ olsun! Sizi sevirəm".
Arif eyni mesajı iki dəfə göndərib- səhər 05:47 və 06:02-də. O gecə yatmayıb Arif. Son mesajlarını yazdığınımı hiss edib? Nələr düşünüb? İndi heç kim bilmir...
İranə nisgilli səslə dedi ki, Arif gəlin maşınını da bayraqlarla bəzəyibmiş...
Atası oğlunun şəhidliyindən 12 gün öncə bu dünya ilə vidalaşır. Bəlkə hiss edib ki, oğlu şəhid olacaq... Son dəfə doğma kəndinə, atasının dəfninə gələn Arif: "Mən ancaq şəhid kimi dönəcəyəm", - deyib. Yaxınları Arifin qızı Gülnurdan və tək qalan anasından nigaran baxışlarını xatırlayırlar.
27 sentyabr 2020-ci ildə illərdir gözlədiyimiz torpaqların azadlıq savaşı başlayan günə kimi də Arifi qorxmaz, cəsur biri kimi tanıyırdılar. O günə kimi də Arif elin-obanın fəxri idi. Onun barəsində hər kəs ən gözəl sözləri demək istəyirdi.
Valideynlərinə, sevgisinə, övladına sevgi doluydu.
Amma bütün bu sevgilərdən ötə bir sevgi də vardı onun üçün - Vətən sevgisi.
Bütün sevdiklərinə: "Sizi sevirəm, amma Vətən bir başqadır", - deyərdi...
Ariflə hərbi xidmətdə olan əsgəri danışır: "Bu itkini sözlə ifadə edə bilmərəm. Elə ürəyi vardı ki... Mən hələ elə ürək sahibinə rast gəlməmişəm. İndi bu gündən baxanda anlayıram ki, həyatımın xoşbəxt günləri onunla keçirdiyim günlər olub. Savaş nələr yaşatdı, nələr öyrətdi. Hələ də inana bilmirəm ki, o, şəhid olub. Elə şən idi. Üzündə nur vardı - ürəyinin nuru... Mən əsgər yoldaşlarımın da adından danışıram. Bu günlərdə onun tankını gördük... Elə bildik ki, indi düşüb gələcək, yenə gülümsəyəcək, yenə hamımıza ürək-dirək verəcək... Ancaq bu, baş vermədi".
Əslində əsgərin göz yaşları danışırdı. Ürək ağrıları sözə çevrilirdi.
"Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif olunan Arif heç vaxt özünə və sözünə xilaf çıxmadı. Təkcə Vətənə deyil, dostluğuna da sadiq oldu. Yanan tankdan dostunu qurtarmaq üçün canından keçdi.
Bacısının dediyi kimi, Arif canından keçməyə getmişdi. Şəhid olmaq idi arzusu və arzusuna çatdı.
Ananın səsini, sözlərini nə vaxt unudacağam, unudacağammı? Bilmirəm... Amma səs beynimdə dolaşır: "Mənim oğlum Vətənini hamıdan çox istəyib. Həmişə Azərbaycan bayrağını ucalara qaldırıb. Neçə dəfə yarışlarda olub, bayrağımızı ucaldıb. Mən oğlumla həmişə fəxr eləmişəm..."
Hər fəxrin içində göz yaşı var-bilirik. "Ağlama ana" demək olmur. Amma hamının eşitdiyi bir səs deyir ki, ana, Arif hamımızın fəxridir. O, Azərbaycan bayrağı kimi həmişə ucalarda olacaq. Vətən azadlığı kimi müqəddəs qalacaq.
Arifin ruhu Vətəni işğaldan azad olunduğu üçün rahatdır. İranənin dediyi kimi, valideynlərinə düşkün olan Arif, atasının ölümündən sonra anasından daha çox nigaran idi.
Rəna xanımsa deyir ki, oğlumdan sonra mənə heç nə lazım deyil, bu ev-eşik Arifin idi. Oğlumun yadigarını - nəvəmi görmək istəyirəm... Onunla nəfəs alıram.
23 yaşlı tək oğlunu itirən ana üçün nəvənin - oğul yadigarının nə olduğunu övlad sevgisini yaşayanlar bilir. Döyüş yoldaşları bir də bunları dedi: "Bilirsiniz, o cür qədd-qamətli, işıq dolu igid bircə gülləyə qurbanı oldu. Adama çox təsir edir. Başqa bir döyüşçümüzün tankı yanırdı. O, bir anda tankından çıxıb, onu xilas etməyə getdi. Tankın lyukunu açmağa çalışdı, vurdular. Bir snayper gülləsi... Elə bil işığımız söndü..."
Yox, işığımız sönmədi. Əksinə, Arif qaranlıq tariximizə işıq saldı. Bir vaxt Olimpiya məşəlini qaldıran Arif indi Qələbə məşəlimizdir - odu heç zaman sönməyəcək Qələbə məşəli!..