|
|
|
|

Bakıda Misir Ərəb Respublikasının Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.
525.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, deputatlar, diplomatik korpusun rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra çıxış edən edən səfir Husaməddin Əffat Mustafa Reda iki ölkənin münasibətlərindən söz açıb.
Diplomat deyib ki, hazırkı münasibətlərin möhkəm əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyub. Onun sözlərinə görə, Misir və Azərbaycanı ayıra biləcək cəhətlərdən daha çox birləşdirən cəhətlər mövcuddur. Qarşılıqlı hörmət və dostluq ənənələri Misir və Azərbaycanın hazırkı prezidentləri Əbdülfəttah əs-Sisi və İlham Əliyevin rəhbərliyi altında möhkəmlənməkdə davam edir.
"Həm əvvəlki, həm də hazırkı liderlərimiz arasındakı dostluq və onların ikitərəfli əməkdaşlığa dair strateji baxışları bizə aydın istiqamət verir. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir, lakin ikitərəfli əməkdaşlıq potensialı hələ tam reallaşdırılmayıb. Biz doğru istiqamətdə irəliləyirik və artıq birlikdə çox şeyə nail olmuşuq. Lakin qarşıda hələ çox iş var. Bu gün siyasi əlaqələrimizin səviyyəsi ilə ticari-iqtisadi əməkdaşlıq arasında boşluq mövcuddur. Bu boşluğu aradan qaldırmaq üçün ardıcıl səylər lazımdır", - səfir deyib.
Əlavə edib ki, Misir və Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli iştirakçılarıdır. Hər iki ölkə iqlim üzrə COP konfranslarına (Şarm-əş-Şeyxdə COP27 və Bakıda COP29), eləcə də Ümumdünya Şəhərsalma Forumuna (Qahirədə WUF12 və Bakıda WUF13) ev sahibliyi edib və mübahisələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli üçün çıxış edirlər.
Husaməddin Əffat Mustafa Reda bildirib ki, Misir Azərbaycanla mədəniyyət, turizm, elm sahələrində əməkdaşlığın genişləndirilməsində, həmçinin Misir şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirakında və analitik mərkəzlər arasında əlaqələrin inkişafında maraqlıdır.
O, Bakı və Qahirə arasında birbaşa uçuşlardan da danışıb: "Ümid edirəm - və demək olar ki, əminəm, - Qahirə ilə Bakı arasında müntəzəm birbaşa hava əlaqəsinin işə salınması üzrə ümumi istəklərimiz tezliklə həyata keçəcək. Bu, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün mühüm əsas olacaq.
Birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizm, ticarət, mədəniyyət və işgüzar əlaqələr sahəsində əməkdaşlığın inkişafına təkan verəcək”.
Diplomat söyləyib ki, Misir ölkəni Azərbaycan vətəndaşları üçün daha əlçatan etmək üzərində işləməyə davam edir. Hazırda Azərbaycan vətəndaşları təkcə Şarm əş-Şeyxdə deyil, Misirin bütün giriş məntəqələrində ölkəyə çatarkən viza ala bilərlər. O, gələcəkdə Azərbaycana səfər edən Misir vətəndaşlarına da analoji viza güzəştlərinin təqdim ediləcəyinə ümidvar olduğunu deyib: "Ümid edirəm ki, mənim Bakıdakı fəaliyyət müddətim bitənə kimi xalqlarımız bir-birini daha yaxşı tanıyacaq. Mən əminəm ki, qarşılıqlı tanışlıq uğurlu biznesin və birgə rifahın zəruri şərtidir".
Pərvanə Sultanova



