|
|
|
|

Hazırda icbari tibbi sığorta üzrə xidmətlərin tam rəqəmsallaşdırılması işləri aparılır.
525.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə bu ilin birinci yarımili üzrə kollegiya iclasında deyib.
Bildirilib ki, əsas prioritetlər icbari tibbi sığorta üzrə xidmətlər üçün göndərişlərin şəffaflığının və operativliyinin təmin edilməsi, əhalinin tibbi xidmətlərlə təminatı işinin keyfiyyətinin yüksəldilməsidir.
Nazir 2026-cı ilin əvvəlindən pensiyalarda növbəti artımlar edildiyini, ilk yarımildə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 368 mln. manat çox olmaqla 3 milyard 916 milyon manat vəsait yönəldildiyini bildirib.
Ümumilikdə 2,2 milyon şəxsə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım ödənildiyi, sosial təminat növlərinin hər biri üzrə ödənilən vəsaitlərdə artımın olduğu diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə sakinlərdən məşğulluğu təmin edilənlərin sayı 11,1 mini ötüb. 900-dən çox sakin isə özünüməşğulluq proqramına cəlb olunub. Əsas hədəf qeyd edilən ərazilərdə məşğulluq proqramlarının genişləndirilməsidir və işəgötürənlərlə sıx əməkdaşlıqda bu sahədə birgə işlər görülür.
Cari ilin yanvar ayında Tərtərdə, iyun ayında Neftçalada DOST filialları istifadəyə verilib və yeni DOST mərkəzlərinin, filiallarının açılması üçün də hazırlıq işləri aparılır.
İclasda Nazirliyin fəaliyyət sahələrində, habelə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilk yarımildə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.
Bundan başqa, yeni hazırlanmış 86, habelə yenilənmiş 52 peşə və kvalifikasiya standartı təsdiq edilib.



