|
|
|
|

"Bu gün ənənəvi kolxoz bazarları gündəlik alış-veriş məkanı olmaqdan çıxıb daha çox ixtisaslaşmış regional bazarlara çevrilir. Bu, təkcə Azərbaycanda baş verən proses deyil, bütün dünyada müşahidə olunur. İllər əvvəl insanlar həftədə bir-iki dəfə bazara gedib alış-veriş edirdilər. İndi vəziyyət dəyişib. Artıq yaşayış yerlərinin yaxınlığında hər addımbaşı mağazalar, marketlər var və insanlar ehtiyac duyduqları məhsulu ala bilirlər. Yəni rahatlığa üstünlük verir, məsafə qət edib bazara getmirlər".
Bunu iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspertin sözlərinə görə, iri supermarketlər logistikanı daha səmərəli təşkil edə bilirlər, məhsul çeşidi daha geniş olur. İnsanlar da qısa vaxt ərzində bütün ehtiyaclarını bir yerdən qarşılaya bilirlər. Bazarlarda isə məhsullar müxtəlif yerlərdə satılır və alış-veriş daha çox vaxt aparır, zaman alır: "Marketlərdə kartla ödəniş imkanının olması alıcılar üçün əlavə üstünlükdür. Bazarda bu imkan yoxdur. Bütün bunlar insanların supermarketlərə üstünlük verməsinə səbəb olur. Beləliklə də, bazarlara üz tutanların sayı get-gedə azalır".
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əvvəllər "kolxoz bazarları" mövcud idi. Aşağıdan gələn tələblə bazarlar fəaliyyət göstərirdi. Bu həm də bir növ ənənədir. Əsrlərlə ənənəsi olan bir bazar bu gün yavaş-yavaş tarixə qovuşur. Bakıda demək olar ki, bazar qalmayıb: "Bazarların olması əhalinin alışqanlıqlarına da uyğun idi, bazara getmək, orada qiymətlə bağlı sövdələşmələr etmək, daha ucuz bazarlıq etmək ənənəyə çevrilmişdi. İndi hər məhəllədə 2-3 supermarket açılır deyə bazarlara olan tələbat da getdikcə azalır. Bazarlara əvvəlki qədər tələbat yoxdur. Əvvəllər bazarlardan əhalinin aşağı gəlirli təbəqəsi daha çox istifadə edirdi. İndi onlar da yaşadıqları ərazidə yerləşən iri marketlərdən alış-veriş etməyə üstünlük verirlər".
Natiq Cəfərli vurğulayıb ki, supermarketlərdə qiymətlər həmişə bazarlardan baha olub, bunun da öz səbəbləri var. Marketlərin böyük əksəriyyəti icarədədir, onlar bəzən on minlərlə icarə haqqı verirlər, işçilərin maaşlarını ödəyirlər. Marketlərin izafi xərcləri bazara nisbətən daha çoxdur. Avtomatik olaraq, bu, bazarla müqayisədə qiymətlərin baha olmasına gətirib çıxarır: "Bundan başqa, bizim bazarda ən vacib ənənəmiz qiymətdə sövdələşmək idi. İndi bu ənənə ortadan qalxır, marketlərdə bu, mümkün deyil, nə qiymət yazılıbsa, o qiymətə də məhsulu almağa məcbursan".
İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, bazarlar yalnız alış-veriş məkanı deyil, həm də yerli istehsalçı ilə alıcını birləşdirən ənənəvi ticarət formatıdır. Dünyanın bir çox böyük şəhərlərində supermarketlər və onlayn ticarət geniş yayılsa da, kənd təsərrüfatı məhsulları, ət, balıq, meyvə-tərəvəz və yerli ərzaq üçün bazarlar fəaliyyətini davam etdirir: "Bununla belə, hesab edirəm ki, bazarların fəaliyyət forması dəyişməlidir. Gələcəkdə daha müasir infrastruktur, elektron ödəniş sistemləri, onlayn sifariş və çatdırılma xidmətləri, daha yüksək sanitariya standartları və rəqəmsal idarəetmə kimi yeniliklərin tətbiqi gözlənilir. Bu dəyişikliklər bazarların rəqabət qabiliyyətini artırmağa kömək edə bilər".
Sevinc QARAYEVA



