Bakıda Rumıniyanın Milli Günü və Böyük Birlik Gününün 105 illiyi münasibətilə qəbul rəsmi qəbul təşkil edilib.
525.az xəbər verir ki, tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, fəxri qonaq qismində Azərbaycanın energetika naziri Pərviz Şahbazov, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər
Rumıniya səfiri çıxışında bildirib ki, 105 il bundan öncə, Birinci Dünya müharibəsi başa çatdıqdan sonra, Rusiya və Avstriya-Macarıstan imperiyalarının parçalanması nəticəsində Alba Yuliya şəhərində ölkənin və tarixi əyalətlər olan Bessarabiya, Bukovina və Transilvaniyadan olan bütün rumınların Böyük Birliyi elan edilib.
"Yüz illər sonra rumınlar öz unitar milli dövlətini - Rumıniyanı qurmağa nail oldular. Beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq, beynəlxalq münasibətlərdə təhlükəsizlik və mehriban qonşuluq mühitinin təmin edilməsi, "Dəmir Pərdə”nin süqutu ilə başlayan geniş modernləşmə və islahatlar prosesindən sonra Rumıniya 2004- cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa İttifaqına qoşularaq
bir çox digər beynəlxalq təşkilatların fəal üzvü oldu və bu gün qonşuluğunda məsuliyyətli siyasətini təşviq
etməkdədir", - diplomat qeyd edib.
Səfir ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasına toxunub: "Azərbaycan Respublikası ilə münasibətlərdə, Rumıniya 1991-ci ilin 11 dekabr tarixində Türkiyədən sonra, dünyada Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlət olub, 2009-cu ildə isə Rumıniya Azərbaycan ilə yüksək səviyyəli Strateji Tərəfdaşlıq Münasibətləri haqqında Bəyannaməni təklif edən və bunu imzalayan ilk Avropa İttifaqına üzv dövlət olub. Son 2 ildə Rumıniya və Azərbaycan arasındakı yüksək səviyyəli siyasi dialoq nümunəvi bir dinamika nümayiş etdirib. Prezident İlham Əliyev 2022-ci ilin dekabr ayında Rumıniyaya, Prezident Klaus İohannis 2023-cü ilin fevral ayında Azərbaycana səfər edib. Parlament dialoqu əhəmiyyətli dərəcədə aktivləşib - Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri 2023-cü ilin fevral ayında Azərbaycana, Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü ilin oktyabr ayında Rumıniyaya səfər edib. XİN səviyyəsində Rumıniya-Azərbaycan dialoqu davamlı olub, 2023-cü ilin 6 noyabr tarixində Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Buxarestə rəsmi səfəri baş tutub.
İqtisadi sahədə, 2022 və 2023-cü illərdə Bakıda və Buxarestdə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın görüşləri keçirilib, yeni imkanlar və əməkdaşlıq layihələri müəyyənləşdirilib və Rumıniya-Azərbaycan ticarətində nəzərəçarpacaq artım müşahidə olunub ki, bu da təqribən 700 milyon ABŞ dolları təşkil edib. Energetika sahəsində, Rumıniya və Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində uğurla birgə çalışırlar. Bunlara ilk növbədə Azərbaycan-Gürcüstan-Ruminiya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl enerjinin inkişafı və ötürülməsi aiddir. 2023-cü il 1 aprel tarixindən etibarən Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr təbii qazın tədarükü üzrə ilk müqaviləsi həyata keçirilir. Azərbaycandan Gürcüstana və Qara dəniz vasitəsilə Rumıniyaya maye təbii qazın nəqli layihəsi də bura daxildir.
Nəqliyyat və əlaqələr sahəsində, Rumıniya və Azərbaycan Bakı və Konstansa limanlarının mühüm coğrafi qovşaqları təmsil etdiyi Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin konsolidasiyasında maraqlıdırlar".
Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinə nail olmaq üçün səyləri davam etdirən Azərbaycanın dostu olmaqda davam edir.
Diplomat onu da vurğulayıb ki, Rumıniya Cənubi Qafqazda beynəlxalq hüququn müəyyən edilmiş prinsipləri əsasında bütün qonşularla münasibətləri normallaşdırmaqla sülh, sabitlik və təhlükəsizlik mühitinə nail olmaq üçün səyləri davam etdirməyə təşviq edən Azərbaycanın vicdanlı dostu və tərəfdaşı, dəstəkçisi olub və olmaqda davam edir.
Energetika naziri Pərviz Şahbazov çıxışında Rumıniya xalqını Azərbaycan hökuməti adından təbrik edib. Bildirib ki, Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 48 faiz artıb.
Nazirin sözlərinə görə, bu ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 48 faiz artaraq 526 milyon dollar olub: "Burada 56,5 faiz pay xam neft və neft məhsullarına məxsusdur. Azərbaycan uzun illərdir Rumıniyaya xam neft ixrac edir. SOCAR-ın Rumıniyada genişlənən fəaliyyəti, 28 regionunda 74 yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu ikitərəfli faydalı enerji əlaqələrinin göstəricisidir. Enerji əməkdaşlığımız şaxələnməklə yanaşı, ümumavropa miqyası qazanır".
Pərvanə