|
|
|
|
Hər il olduğu kimi, bu il də Yeni il qabağı mədəniyyət və təhsil ocaqlarında, uşaq bağçalarında, yaşayış evlərində yolkalar qurulur, müxtəlif bəzək əşyaları ilə bəzədilir. Bəzən arzuolunmaz hadisələr bayram şənliklərində qəmginlik yaradır.
Azərbaycana gətirilməsi və satılması qadağan olunsa da, istər Yeni il, istərsə də Novruz bayramı öncəsi protexniki vasitələrin satışına, istifadəsinə rast gəlirik.
Sirr deyil ki, Yeni il şənlikləri zamanı qığılcım səpən fişəng və digər partlayıcı oyuncaqlardan istifadə etmək təhlükəlidir. Buna görə də xüsusilə müəllimlərin, tərbiyəçilərin və məktəblilərin yeni il şənliklərini təşkil edərkən hansı yanğın təhlükəsizliyi tədbirləri görülməsini bilmələri zəruridir. Uşaqlar odlu fişəngləri və digər partlayıcıları düşünmədən istənilən səmtə ata bilərlər. Həmin fişənglər müxtəlif tikililərin yanar konstruksiyalarının üzərinə düşəndə, bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Mütəxəssislər qeyd edirlər ki, yeni il şənlikləri zamanı hər bir müəllim və məktəbli yanğından mühafizə orqanlarının yaxın köməkçisi olmalı, Yeni il yolkası qurulan zaman yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarət etməli, qayda pozuntuları hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidirlər.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurullayev "525"ə açıqlamasında bildirib ki, ölkəmizdə partlayıcı maddələrin satışı, saxlanması, istifadəsi indiki dövrdə qanunla qadağandır: "Bu vasitələr xüsusilə insanların kütləvi yerləşdiyi məkanlarda, qapalı yerlərdə yanğın təhlükəsi yaradır. Bu cür vasitələrə daha çox azyaşlılar, yeniyetmələr maraq göstərirlər. Sözügedən maddələr bəzən müəyyən yerlərdə gizlədilib saxlanılır. Bunun özü daha çox təhlükəli sayılır, çünki istilik sisteminə yaxın, nəmişlik olan və yaxud günəş şüaları düşdüyü yerlərdə saxladıqda bu cür vasitələr daha tez alışmağa meyillidir. Pirotexnik maddələr yalnız istehsalçı şirkətlər tərəfindən qanunla əldə oluna bilər. Hansısa gizli yolla əldə edilən vasitələrin istehsalçı müəssisəsi məlum olmur. Belə olduğu halda onlar təhlükəli sayılır".
Onu da qeyd edək ki, bu vasitələrin qadağan olunduğunu demək olar ki, bütün satıcılar bilirlər. Ancaq hər il görülən maarifləndirmə işlərinə baxmayaraq, küçədə azyaşlı uşaqların əlində bu cür fişəngləri görmək mümkündür. Elə bunun nəticəsidir ki, hər bayramda bədbəxt hadisələrin baş verməsinin şahidi oluruq. Kimisi yanıq xəsarəti alır, kimisi barmaqlarını və ya əlini itirir, kimisi kor olur, kimisi evini yandırır, hətta ölümlə nəticələnən bədbəxt hadisələr belə baş verir.
Valideynlər bilməlidirlər ki, uşaqlar pirotexniki vasitələrdən istifadə etməklə özlərinə xəsarət yetirməsələr belə, onun barıt qoxusuna bənzər qoxusu allergiyası olan uşaqlar üçün ciddi təhlükə yarada bilər.
Xatırladaq ki, bu cür partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi 23 dekabr 2003-cü il tarixli qanuna əsasən tamamilə məhdudlaşdırılıb. Satış aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün buna görə 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə də nəzərdə tutulub.
Havar ŞƏFİYEVA