|
|
|
|
AMEA Rəyasət Heyətinin Humanitar Elmlər Bölməsinin (HEB) və Naxçıvan Bölməsinin 2023-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrin direktorları, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, şöbə müdirləri, gənc alim və mütəxəssisləri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə bölmələrin 2023-cü il üzrə əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Müzakirəyə çıxarılan ilk məsələ "Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı" haqqında olub. Akademik İ.Həbibbəyli bildirib ki, dövlət başçısının cari ildə AMEA qarşısında qoyduğu mühüm vəzifələrdən biri də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasıdır. Akademik İ.Həbibbəyli alimlərimizin dövlət başçısının Muxtar Respublikanın 100 illiyi ilə bağlı tapşırığını layiqincə yerinə yetirəcəklərini bildirib.
İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın Humanitar Elmlər Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik İ.Həbibbəyli 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultayın bu zalda keçirildiyini, türk xalqlarının inkişafında mühüm rol oynayan bir sıra qərarların qəbul edildiyini söyləyib. Bildirib ki, bunların içərisində latın əlifbasına keçid və ortaq türk dilinin yaradılması ilə bağlı qərarı xüsusi qeyd etmək lazımdır.
Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq işlərinə başlanacağını və bu məsələdə bölmənin üzərinə böyük məsuliyyət düşdüyünü, Qurultayda qaldırılan dil problemləri və digər məsələlərin bu gün də aktual olduğunu deyib və dərindən öyrənilməsi zərurətini vurğulayıb.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb. Bölmə üzrə elmi müəssisələrin rəhbərlərinə Rəyasət Heyəti tərəfindən həyata keçirilən islahatlara uyğun olaraq strukturun optimallaşdırılması, beynəlxalq əlaqələrin inkişafı, elektron elmin inkişafı, gənclərin dəstəklənməsi, tədqiqatların prioritetlərinin dünyanın müasir çağırışlarına və ölkənini sosial-iqtisadi inkişaf tendensiyalarına uyğunlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi tapşırılıb.
İclasda aparılan müzakirələrdə akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə və başqaları çıxış edərək əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildirib.
Sonda çıxış edən akademik İsa Həbibbəyli bölmələrin 2023-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb və müvafiq tapşırıqlarını verib.