|
|
|
|
Bilsəniz pis olmaz
İlk Xalq yazıçımız və ilk
Xalq artistimiz erməni olub...
Bilənlər bilir: Azərbaycanda Xalq yazıçısı fəxri adına ilk dədə erməni Aleksandr Şirvanzadə (1859-1935-ci illər arası yaşayıb) layiq görülüb - özü də 1930-cu ildə. Yalnız aradan 30 il keçəndən sonra ilk dəfə milli Azərbaycan yazıçısı Süleyman Rəhimova (1960-cı ildə) Xalq yazıçısı adı verilib.
A.Şirvanzadəyə bu fəxri ad veriləndə bizim böyük ədiblərimiz C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiq hələ sağ idi. Amma nədənsə onlar "unudulmuşdu".
İndi isə bilməyənlər üçün başqa bir nəsnəni deyim:
Azərbaycanın ilk Xalq artisti də erməni olub.
Bəli, bəli, düz oxudunuz. İndiyəcən çoxları elə bilirdi ki, ilk Xalq artistimiz Hacıağa Abbasov olub. Amma sən demə, Azərbaycanın ilk Xalq artisti erməni Ovanes Abelyan (1865-1936) imiş. Düzdür, o da H.Abbasovla eyni ildə (1932-ci il) bu ada layiq görülüb, amma əvvəlcə onun "fərmanı" çıxıb.
P.S. Həm Şirvanzadə, həm də Abelyan Azərbaycanda (Şamaxıda) doğulub, Ermənistanda dəfn olunub.
"Milyon-milyon qızılgül"
mahnısının müəllifi kimdir?
Son günlər sosial şəbəkələrdə daha bir "sənət qalmaqalı" yaşanmadaqdadır. İddia olunur ki, məşhur "Milyon-milyon qızılgül" mahnısını əvvəlcə Ququş 1969-cu ildə farsca oxuyub, ondan xeyli sonra isə 1983-cü ildə Alla Puqaçova rusca ifa edib.
Əslində isə təqdim edilən "versiya" qurama, qondarma, təhrif və montaj olunmuş bir lentdir. Belə ki, Ququşun oxuduğu mahnı ilə onun adi mimikası uyğun gəlmir.
Mahnını məşhur bəstəkar Raymond Pauls görkəmli şair Andrey Voznesenskinin sözlərinə yazıb...
Bu, öz yerində.
Məsələ burasındadır ki, bu mahnının motivi məşhur "Ey həyat, sən nə qəribəsən" nəğməsini daha çox xatırladır. Həmin mahnını bəstəkar Oqtay Kazımi şair Cabir Novruzun sözlərinə bəstələyib. Vaxtilə, hələ 60-70-ci illərdə bu mahnı bütün SSRİ-də məşhur idi.
İstəsəniz, həmin mahnılara paralel qulaq asıb bu qənaətin nə dərəcədə düz olduğuna əmin ola bilərsiz.
05.12.16
Pepinov haqqında
Pepinov Əhməd bəy Ömər oğlu Ahıskanın Axalkələk şəhərində doğulmuşdur. 25 yaşında Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetinin üzvü olmuşdur.
Aprel çevrilişindən sonra qürbətdə yaşayıb.
Əvvəlcə Ulyanovska, sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir.
1938-ci ildə repressiyaya məruz qalmışdır.
Qazaxıstan SSR maarif nazirinin müavini işləmiş, orada böyük maarifçilik işi aparmış bu kişinin adı bu gün qardaş ölkədə anılırmı? Yox.
Üzümü Qazaxıstanla sıx əlaqələri olan (və ya orada yaşayan) dostlara: Aida Eyvazovaya, Elğxan Zala, Daniər Kasımova, Berіk Şadaliya, Nurgali Jusipbaya, Enver Borusoya, Serik Erfali, Muxtar Şaxanov və digərlərinə tuturam. Əhməd bəy Pepinovun adının Qazaxıstanda əbədiləşməsi üçün çalışmaq lazımdır...
P.S. Təəssüf ki, orda qazax qardaşları məhv edən ermənilərin adına hələ də küçələr qalmaqdadır...
P.P.S. Böyük sənətkarımız Lütfəli Abdullayev Pepinovun kürəkəni idi...
"İtirdiyim yazılar"dan
Dəniz oğrusu
(1)
Vaxtilə bir hekayə yazmışdım. Di gəl ki, əlyazmansını tapa bilmirəm.
Bilmirəm indi neyləyim?
"DƏNİZ OĞRUSU" adlanan həmin hekayənin məzmunu belədir: ata yük maşınında oğlu ilə kənddən şəhərə, yəni Bakıya gəlir.
Onlar Xəzərin sahilinə çatırlar. Ata əlini yana uzadıb deyir ki, oğlum, bax dəniz o tərəfdədir. Hər şeyə maraq göstərən uşaq maşının pəncərəsindən nə qədər boylanırsa dənizi görə bilmir. Səbəb də məlum, çünki dəniz bütün sahil boyu hasara alınıb. Ata-bala xeyli yol gedirlər. Amma dənizi görmək mümkün olmur ki, olmur.
Kişi hirslənir:
- Axı əvvəllər bu tərəfdə dəniz vardı. İndi bu zəhrimar niyə yoxa çıxıb? O boyda suyu gizlətmək olar?
Uşaq deyir:
- Bəlkə dənizi oğurlayıblar?
Ata maşını saxlayıb kuzova, yəni bana qalxır. Oradan uzun nərdivanı, yəni laydırı götürüb hündür hasarlardan birinə dirəyir. Və oradan aşağı baxıb uca səslə uşağa deyir ki, yuxarı qalx, gəl buradan dənizə bax.
Oğlan nərdivanla yuxarı dırmaşır. Boynunu uzadıb yaxınlıqdakı dənizə baxmaq istəyir. Bu zaman igid gözətçi və ya qəhrəman polis özünü yetirib "cinayətkarları" yaxalayır. Sən demə, bu hasarın o biri üzü hansısa "bərkgedən kapitalist-oliqarxın" evi imiş.
...və nəhayət məlum olur ki, bu "oğrular"... "dəniz oğrusu" imiş.
Beləliklə, oğrunca dənizə baxmaq istəyən ata-oğul məhkəməyə verilir.
...və sizcə, bu "dəniz oğruları üçün şanlı məhkəmə hansı qərarı çıxarır?..
(Düzü, bilmirəm, bu itmiş hekayəni təzədən yazım, ya yazmayım?)
"Altıayaqlı" adlı bir hekayəm vardı...
(2)
Çox axtardım, tapa bilmədim o hekayəni.
Mən yazılarımın, əlyazmalarımın üstündə çox əsirəm. Amma iş elə gətirib ki, obyektiv və ya subyektiv səbəblər ucabatından, ən çox da kirayədən-kirayəyə köçməyimdən dolayı bəzi yazılarım it-bata düşüb. Bunun da öz maraqlı və kədərli tarixçəsi var. Amma indiki halda söhbət mənim həmin o itkin hekayəmdən gedir.
Bəs nə haqdadır o kiçik hekayə?
Hekayənin qəhrəmanı vəzifə, kreslo sahibi olan bir adamdır. Təbii ki, onun da hər bir normal adam kimi iki ayağı var. Amma hekayənin qəhrəmanı özünü əyləşdiyi kresloya qaynaq etdirib. O, yeridikcə kreslosu da onun arxasınca sürünür... Qısası, ikiayaqlı adam dönüb olur altıayaqlı həşərat.
Bu, satirik-fantastik bir hekayədir.
Deyəsən, dünya ədəbiyyatında belə bir janr yoxdur. Hə, xatırladım, var. Amma ortada nümunələr azdır.
Arzusuz uşaqlar...
(3)
Mən vaxtilə bax belə bir hekayə yazmışdım. Onu da itirmişəm...
Uşaq ağlayıb atasından oyuncaq maşın istəyir. Ata uşağın əlindən tutub öz şəxsi maşın salonundakı avtoları göstərib deyir ki, bu maşınların hamısı sənindir.
Uşaq oyuncaq qayıq istəyir. Ata bağ evinin qarşısındakı bütün ərazini hasara alıb - dənizin bir hissəsi də həmin hasarın içindədir. O "dənizdə" bir neçə qayıq, hətta gəmi var. İmkanlı ata deyir ki, bax bu gəmi də, bu qayıqlar da sənindir.
Uşaq təyyarəyə minmək istəyir. Ata deyir ki, bax o təyyarə pilot qarışıq sənindir.
Uşaq kinoya baxmaq istəyir. İmkanlı ata məşhur kino və teatr aktyorlarını yığıb oğluna təqdim edir. Deyir ki, bu aktyorlar sənin qulluğunda hazırdır.
Uşaq zooparka getmək istəyir. Ata uşağa öz şəxsi heyvanxanasını göstərib deyir ki, bu heyvanların hamısı sənindir...
Xülasə, uşaq nə arzulayırsa, ata onun arzularını virtual yox, vizual qaydada yerinə yetirir.
Uşağın bu dünyada heç bir arzusu qalmır.
Uşaq heç nə istəmir.
Əslində uşağın bütün arzuları ata tərəfindən məhv edilir.
Arzusuz uşaq böyüyür.
Bundan böyük nə faciə?
Amma bu uşağın yaşıdı olan başqa bir uşaqsa başqa bir ailədə böyüyür. Həmin uşaq da atasından xahiş edir ki, ona oyuncaq maşın, oyuncaq qayıq alsın, onu kinoya, zooparka aparsın. Bu pulsuz, kasıb ata övladın arzusunu yerinə yetirə bilmir.
Bundan böyük nə faciə ola bilər?
P.S. Mən vaxtilə bax belə bir hekayə yazmışdım. Adı da elə bu cür idi: "Arzusuz uşaqlar". Həmin hekayə ötən il kompüterim "yanarkən" sıradan çıxdı. Amma məzmunu indi yazdığım kimi idi.
Doğrudan da indi bizdə arzusu məhv edilən uşaqların sayı-hesabı yoxdur. Özü də hərəsi bir cür.
Hekayənin qəhrəmanı olan hər iki uşağın valideyni oyuncaq almır. Daha doğrusu, birinin bunu almağa imkanı yoxdur, digərininsə həvəsi.
Sonucda hər iki uşaq arzusuz böyüyür... Biri elə, biri belə arzusuz...
TEATR... TEATR...
ARTO TEATRI
(1)
Antonen Arto (1896-1948) qəribə taleli rejissordur. O, sağlığında elə də diqqəti cəlb etməyib. Düçar olduğu uğursuzluqlar onun səhhətini korlayıb və sənətkar psixi cəhətdən sarsılıb. 40 yaşında ikən ağır xəstəliyə düçar olan Arto ruhi xəstəxanaya düşüb, 9 il orada müalicə olunub.
A.Artonun teatrdan istəyi nə idi? O, nəyi təqdir, nəyi təkzib edirdi?
Arto müasir teatrı qətiyyən qəbul edə bilmirdi, o, belə hesab edirdi ki, çağdaş teatr və tamaşalar mənasız və kütdür. O, teatrın mövcudluğunu mistikada və reallıqda görürdü. O, teatra həyatın adekvatı kimi baxa bilmirdi; əksinə, belə hesab edirdi ki, teatrla həyat toqquşmalıdır. Arto teatrı "şok terapiya", daha doğrusu, "ruhi terapiya" hesab edirdi. Bu cür keyfiyyətlər onu psixoanaliz tərəfdarlarına daha doğma edirdi. Axı, psixoanalitiklər də insanların "daxili" - ruhi zəlzələsinin üzə çıxmasını tədqiq və təbliğ edirdilər. Artoya görə bu cür "zəlzələlər" insanı katarsisdən, təmizlənmə prosesindən keçirə bilər.
Arto "qəddar teatr" tərəfdarı idi. O, tamaşada mətndən daha çox işarə və ibarələrə üstünlük verirdi. Ona elə gəlirdi ki, kəskin qışqırıq və nidalar, ifadəli poza və jestlər tamaşaçıya daha çox təsir göstərə bilər.
Arto geniş mütaliəli rejissor, habelə esseist, şair və aktyor idi. Müasirlərinin bir çoxu onu dərk edib qiymətləndirə bilmirdilər. Maraqlı burasıdır ki, məhz Artonun ölümündən sonra onun yaradıcılığına böyük diqqət və maraq göstərilməyə başlanmışdır. XX əsrin inkinci yarısından sonra meydana gələn absurd dramaturgiyanın inkişafında Artonun rolu təkzibolunmazdır. İlk dövrlərdə qəbul edilməyən bu dramaturgiya sonralar bütün Avropa və dünya mədəniyyəti tarixində öz yerini tutmalı oldu. J.Jene, E.İonesko, S.Bekket, habelə J.Sartr, A.Kamyu və s. bu kimi sənətkarlar Arto teatrının ideyalarından çox şey əxz etmişdilər. Sonrakı illərdə R.Blen, J.Borro kimi rejissorlar Arto ideyalarını həyata keçirməyə çalışmışlar.
Bu gün Qərb ölkələrinin bir çoxunda "Uçurum teatrları", "Yanğın teatrları", bir sözlə, "Qorxulu teatrlar" mövcuddur. Bu cür teatrlarda işgəncə, əzab, qorxu, hədə, təhqir aparıcı xətti təşkil edir. Hətta, bir çox tamaşalarda canlı heyvanlar, məsələn dovşan və ya ördək tamaşaçıların gözü qarşısında kəsilir, öldürülür. Səs-küyə, qaraqışqırığa, nidalara, bağırtıya üstünlük verilir. Bəs məqsəd nədir? "Qəddar teatr" insanlarda "ölmüş insanlığı" ayağa qalxızmağa-diriltməyə çalışır.
Arto belə hesab edirdi ki, tamaşa zalı ilə səhnə arasındakı birbaşa əlaqə tamaşaçıların beyninə və ürəyinə təsir göstərir, onları həyəcanlandırır, düşündürür, tərpədir, ehtizaza gətirir. Rejissor, hətta, qəddarlığın "qanunauyğunluğunu" da araşdırmağa çalışır, "fundamental qəddarlıq" haqqında paradiqma irəli sürürdü. O deyirdi ki, qəddarlıqdan təsirlənən tamaşaçı qəddarlığa yox, humanizmə doğru addımlayacaq.
Arto və onun ardıcıllarının təqdir etdiyi "Qəddar teatr" bir növ dövrün, gerçəkliyin modeli kimi düşünülmüşdü. Həmin konsepsiyaya görə, mahiyyətin doğurduğu qəddarlıq fenomenini yalnız sənətin adekvat üsulu ilə müalicə edib aradan götürmək olar.
Bütün ziddiyyət və mürəkkəbliyinə baxmayaraq, "Arto teatrı" - "Qəddar teatr" öz təsir və cazibə qüvvəsini bu gün də saxlamaqdadır.