|
|
|
|
Azərbaycan Respublikasının Əməkdar atisti, uzun illər Akademik Opera və Balet teatrının solisti olmuş Sahibə Əhmədova dünyasını dəyişib.
525.az xəbər verir ki, S.Əhmədova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Sahibə Əliqulu qızı Əhmədova 1956-cı il yanvarın 11-də Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Onun ilk müəllimi öz əmisi oğlu, Ağcabədi rayonunda fəaliyyət göstərən "Rast" ansamblının xanəndəsi Sabir Abbasov olub. Sahibə xanım uşaqlıqdan rayonun kütləvi-mədəni tədbirlərində çox sıx iştirak edirmiş. Sahibə Əhmədova 1975-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunun muğam şöbəsinə daxil olub. Nəriman Əliyevin sinfində muğamın sirlərinə yüksək səviyyədə yiyələn xanəndə qısa zamanda öz şaqraq, zənguləli və geniş diapazonlu səsi ilə muğam aləminin marağını cəlb edib. Qızıl fondun yaddaşında Sahibə xanımın ifa etdiyi "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Segah", "Orta Mahur", "Mahur-hindi", "Rahab", "Bayatı-Kürd", "Qatar", "Şahnaz" dəstgahları, "Simayi-Şəms", "Arazbarı", "Qarabağ şikəstəsi" zərb muğamları, neçə-neçə xalq və bəstəkar mahnıları qorunub saxlanılır.
Allah rəhmət eləsin!