Sadəcə bu dünyada var olmaq deyil, ölümsüzlük və ölümdən sonrakı yaşam da insanın ehtirasları arasındadır. Çünki yaş neçə olursa olsun, necə həyat yaşayırsansa yaşa, var olmaqdan doymaq olmur. Şikayətlənmələrə, həyatdan bezdimlərə, doydumlara baxmayın, onlar sadəcə hirsli anda ürəyi soyutmaq üçün deyilir. Sonra hamı bütün varlığı ilə həyatı qucaqlayır və qaldıqları yerdən ömür sürməyə davam edirlər.
Əslində ölümdən sonra yaşamaq fikri son zamanlarda beynimi çox məşğul edir. Çünki bir müddətdir yaşlı sənətçi dostlarımdan birinin bu məsələdə atdığı addımlara yaxından şahidlik edirəm. Əvvəl kədərlənirdim, ancaq indi adi hal kimi qəbul edir, hətta onu təqdir edirəm. Ən azından ona görə ki, bu qədər şan-şöhrətin sehrinə qapılıb özünü ölümsüz hesab etmir. Hamımız yaxşı bilirik, var elələri, əlində olan gücdən bihuş olub, heç vaxt ölməyəcəyini düşünənlərlə doludur hər tərəf. "Onsuz da mənə heç nə olmaz, heç kim heç nə edə bilməz" kimi şüursuz düşüncədən yola çıxaraq hər pisliyə qol qoyanlardır onlar. Əks halda dünya daha ədalətli bir yer olardı.
Çünki davamı yoxdur...
Ölüm və əbədi yaşam nümunəsinin bənzərini bu günlərdə yolumun düşdüyü Azaryan Yalısında da müşahidə etdim. XIX əsrin sonlarında inşa edilmiş yalı Sadberk Xanım Muzeyinə ev sahibliyi edir. Bina o qədər gözəldir ki, sırf onu yaxından görmək üçün yollar aşıb, meşələr keçməyə dəyər deyirsən. Belqrad meşəsini keçdikdən sonra Sarıyerdə, dənizin sahilində inci kimi düzülən yalıların sırasında bütün görkəmi ilə ucaldığını seyr etmək belə insanda xoş hisslər yaradır. Yalı 1950-ci ildə Koç ailəsi tərəfindən alınır və ailə 28 il buradan yay evi olaraq istifadə edir. Daha sonra Vehbi Koçun həyat yoldaşı Sadberk Koçun xatirəsini əbədiləşdirmək üçün muzeyə çevrilir. Abidənin sahib olduğu dəyər illər içində hibə və alınan əsərlərlə böyüyərək daha artıq dəyər qazanır. Sadberk xanıma məxsus xüsusi kolleksiyaları ilə başlayan hekayə bu gün nadir geyim, işləmə, çini qablar, arxeoloji parçalarla ziyarətçiləri valeh edir.
Etiraflar
Divarda yazılan yazılar isə insanı düşünməyə vadar edir. "Yapı Kredi Yayınlarında" illər əvvəl çap edilən "Vehbi Koç anlatıyor" kitabında Vehbi Koç həyat yoldaşı Sadberk xanımla bağlı etiraflar edir. Bəzi paraqrafları muzeyin muxtəlif yerlərində oxumaq olur: "Həyat yoldaşım həyatdaykən çox işləməkdən ona zaman ayıra bilmədim. Bəlkə də istəklərinin bir qismini yerinə yetirmədim. Tək arzusu topladığı qədim Osmanlı əl işləmələrinin və gümüşlərin öz adına olan bir muzeydə qorunması idi. Bu arzusunu ancaq ölümündən sonra yerinə yetirə bildim".
Son vaxtlar məşhur bir deyim yayılıb, xatırlatma kimi tez-tez qarşıma çıxır, "bir gün son yeməyini yeyib, son çiçəyini qoxlayıb, birinə son dəfə sarılacaqsan. Son dəfə olduğundan xəbərin belə olmayacaq. Ona görə də, qalan illərinin qiymətini bilməlisən, çünki davamı yoxdur". Vehbi Koçun sözləri mənə işıq surəti ilə yayılan bu sözləri xatırlatdı. Bəlkə o da gecikmişdi, bəlkə də hər şey olmağı gərəkdiyi zamanda olmuşdu. Sadberk xanımın ölümündən sonra Vehbi Koç 23 il yaşadı. Sonra o da öldü.
Yenə muzey, yenə Ömər Koç fərqi
"Müvəffəqiyyətimdə çox böyük təsirləri oldu" dediyi həyat yoldaşı Sadberk xanımın muzey arzusunu vəsiyyət kimi qəbul edən Vehbi Koç yay evi olaraq istifadə etdikləri yalını onun şəxsi kolleksiyasını sərgiləmək üçün açır və bura Türkiyənin ilk özəl muzeyi olur. Binaya da Sevgi Könül Binası adı verilir. Çünki muzeyin ərsəyə gəlməsində Sevgi Könülün böyük rolu olur. Sevgi, Vehbi Koçun üçüncü övladıdır. Divarlarda asılan digər paraqraflardan birində Vehbi Koç deyir: "Rəhmətlik xanımın qədim əsər marağı Sevgiyə keçmişdi. Sevgi uşaqlığından anasıyla çox gəzərdi, qədim əsərləri toplamaq üçün təşkil edilən bu gəzintilərdən təsirlənmişdi. Anasını itirdiyimiz gündən etibarən Sevgi, həm anasının evinə sahib çıxdı, həm anası həyatdaykən arzusu olan muzeyin qurulması və yaşadılması üçün canla-başla çalışdı". Yeri gəlmişkən, Sevgi Könül vəfat etdiyi 2003-cü ilə qədər muzeyin icra komitəsinin rəhbəri idi. Ölümündən sonra həmin yeri Ömər Koç təslim alır. Ömər Koçun isə əlinin toxunduğu işlərin necə çiçək açdığını, onun idarəçiliyində olan muzeylərin çayına, qəhvəsinə qədər sənət olduğunu ziyarətçilər yaxşı bilir. Hətta bəzən getdiyim muzeylərdə qüsursuz xidmət, yüksək keyfiyyət, əsrarəngiz və qeyri-adi əsərlər varsa, artıq bilirəm ki, orada Ömər Koçun imzası var. Bu muzeydə də eyni məmnunluğu duydum.
Sevgi ilə könülün birləşdiyi nöqtə...
Sadbərk Xanım Muzeyi, iki ayrı binada yerləşir. Bunlardan üç mərtəbədən ibarət olan bina Avropanın ənənəvi memarlığından təsirlənərək inşa edilib. Azaryan Yalısı olaraq tanınan bina Sivas ermənilərindən olan Azaryanlara aiddir. Yalını 1950-ci ildə Koç ailəsi alır və 28 il yay evi olaraq istifadə edirlər. 1978-ci ildə isə ailə bu evin muzey olmağına qərar verir. Memar Sədat Ərdəm tərəfindən planı hazırlanır və 1980-ci ildə muzey olaraq fəaliyyətə başlayır. Azaryan yalısının yanındakı taxta yalı isə 8 il sonra alınır, restavrasiya edilərək "Sevgi Könül binası" adı ilə muzeyin tərkibinə qatılır.
Yalı 400 metrlik ərazini əhatə edir. Abidənin tavanı Roma memarlığından təsirlənərək işlənib. Mərtəbələri möhtəşəm taxta pilləkənlər birləşdirir. Açığı, bu pilləkənlər tamamilə bir sənətdir. Giriş qatının üzərindəki birinci və ikinci mərtəbələrin orta, əsas salonları və bunlara açılan otaqlar sərgiləmə məkanları olaraq istifadə edilməkdədir. Fasaddakı pəncərələr arasında X şəklində taxta işləmələr binanı digər yalılardan fərqləndirir. Bundan əlavə, binaya fasadındakı taxta oymaları ecazkar bir hava qatıb.
Betonarme, yəni dəmir betonla inşa edilən memarlığın önü taxta ilə hörülür. Yan tərəf isə taxta kimi görünən mərmər suvaqlıdır. Bu, yanğın təhlükəsinin qarşısını almaq üçün planlaşdırılıb. Öndən üç, arxadan bir zirzəmi daxil, dörd mərtəbədən ibarətdir. Giriş qatında bir zal və konservasiya laboratoriyası mövcuddur.
Əsas və ara mərtəbələrdə xronoloji sıra içində arxeoloji əsərlər sərgilənməkdədir. Giriş ağ pilləkənlərlə, sərgi salonlarının döşəməsi isə qara mərmərlə örtülüdür. Sərgi salonları gün işığına qapadılmış və vitrinlər çağdaş işıqlandırma ilə muzeyə daha görkəmli hava qatır.
Sadberk Xanımın həyatı boyu topladığı ənənəvi əl işlərindən ibarət ilk kolleksiya ilə açılan muzey dəyərli daşlarla bəzənmiş qadın aksesuarları və qədim geyimlər, parçalar, etnoqrafik əsərlərlə genişləndirilir.
Məşhur kolleksioner Hüseyin Qocabaşın kolleksiyasının da alınması ilə bura kiçik bir arxeoloji muzeyə çevrilir. Vaşinqton Universitetinin tərkibində Tekstil Muzeyində olan Murad Meqalli kolleksiyasına aid XVIII, XX əsrin əvvəllərinə aid 69 ədəd Anadolu kilimi isə 2017-ci ildə kolleksiyaya əlavə edilir. Muzey kolleksiyasındakı əsər sayı zamanla iyirmi beş mini keçib.
Anadoluda yaşamış sivilizasiyalara aid qızıl-zinət əşyaları, heykəl, planşet, şüşə qablar, sikkələr arxeolojik əsərlər bölümündə sərgilənir.
Osmanlı dönəminə aid islam əsərləri, geyimlər və əl işləmələri Azaryan Yalısında sərgilənir. Kolleksiya İznik çiniləri və seramikləri, Osmanlı dönəmində çanta, şapka, uşaq geyimləri, ayaqqabılar, doğum zamanı verilən şərbət bardaqları, sünnət mərasimlərində istifadə edilən geyimləri, yataqları burada görmək mümkündür. Muzeyin tərkibindəki İxtisas Kitabxanasında isə 8700 ədəd çap və 640 ədəd əlyazma var.
Köhnəyə vida, yeniyə salam
Sadberk Xanım Muzeyinin Haliç Tərsanəsinin olduğu bölgəyə köçməyə hazırlaşdığını burada öyrəndim və yaxşı ki, vaxtında gəldim dedim. Bilirsiniz, Rahmi Koç Muzeyi də, vəqfi də həmin bölgədədir. Özü də böyük bir ərazini əhatə edir. Arter Muzeyinin də memarı olan ingilislərə məxsus "Grimshaw Memarlıq" şirkəti binanı, almanlara məxsus "Brückner" firması isə sərgi bölümlərini tərtib edəcək. Layihənin yaxın vaxtlarda bitəcəyi gözlənilir.
Bu cür möhtəşəm binadan muzeyin köçürülməsinin birdən artıq səbəbləri var. Əvvəla, hazırkı bina altı əsr öncə inşa edilən birinci dərəcəli tarixi binadır. Qorunmağı mütləqdir. Bundan əlavə, məkanın çox dar olması sərgiləmə, qoruma şərtlərinə uyğun gəlmir. Məsafə məsələsi də var. Muzey şəhərdən Sarıyerə avtomobillə bir saatlıq məsafədə yerləşir. Həftəiçi getdinsə və nəqliyyatın pik saatına düşdünsə, geri qayıtmaq zülmdür. Bütün bu səbəblər muzeyin tanınmasını əngəlləyir. Təbii ki, Azaryan Yalısı Sadberk Xanım Muzeyi ilə uyum içərisindədir. Amma təəssüf ki, layiq olduğu ziyarətçi sayına çata bilmir.