|
|
|
|
Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi Bakıda keçirilən Beynəlxalq Çay Festivalında iştirak edib. Builki festival 21 May Beynəlxalq Çay Günü və 28 May Azərbaycanın Müstəqillik Günü ilə üst-üstə düşüb.
Mərakeş səfirliyindən 525.az-a verilən məlumata görə, Krallığın rəngləri, milli adət-ənənələr və irs elementləri ilə bəzədilmiş stendi əsl Mərakeş çayının dadına baxmaq və bu əlamətdar içkinin hazırlanması mərasimində iştirak etmək istəyən çoxsaylı iştirakçılar tərəfindən xüsusilə ziyarət edilib.
Çay dequstasiyası ilə yanaşı, Mərakeş stendində müxtəlif cəlbedici fəaliyyətlər təklif olunub: nanə çayının hazırlanması sənəti üzrə master klasslar, Mərakeş şirinyatlarının dequstasiyası, hədiyyəli interaktiv viktorinalar, məşhur çayın tarixi və reseptini əks etdirən vərəqələrin paylanması. Amazığ adət-ənənələrimizdən olan saxta döymə bəzəkləri də uşaqlar tərəfindən çox bəyənilib, tədbirə əyləncəli hava qatıb.
Tədbirdə yerli nümayəndələrlə yanaşı, çay ənənələri ilə tanınan bir sıra ölkələrin, o cümlədən Çin, Özbəkistan, Pakistan və Böyük Britaniyanın səfirlikləri də iştirak ediblər.
Bu il Mərakeş səfirliyi festivalda üçüncü dəfə iştirak edib. Bu davamlı mövcudluq ölkələrimiz arasında mədəni əlaqələri gücləndirməklə yanaşı, həm də çoxəsrlik Mərakeş çay ənənəsinin təbliğinə kömək edib. Artıq Azərbaycanda bir çox kafe və restoranlar Mərakeş çayını öz menyularına daxil ediblər.
Pərvanə