Azərbaycanda media subyektlərinin fəaliyyəti ümumilikdə "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bununla yanaşı, "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunlar da bu sahədə tənzimləyici hüquqi sənədlər sırasında yer tuturlar.
8 fevral 2022-ci ildə qüvvəyə minmiş "Media haqqında" Azərbaycan Respublikasının Qanunu eyni sahəni tənzimləməsinə baxmayaraq, öz sələfindən, yəni 1999-cu ildə qəbul edilmiş "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunundan köklü şəkildə fərqlənir. Əsas fərq budur ki, yeni Qanun onlayn media subyektlərinin statusunu tanıyır. Onların hüquq və vəzifələrini müəyyən edir.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda media subyektlərinin onlayn versiyaları, veb-səhifələri 1998-99-cu illərdə yaradılıb. Amma spesifik olaraq onlayn media subyekti - xəbər portalları kimi fəaliyyət göstərən platformalar isə Azərbaycanda 2006-2008-ci illərdə formalaşmağa başlayıb. 16 il müddətində mövcud olmalarına baxmayaraq, KİV haqqında Qanun onların statusunu tanımayıb. Onlayn media subyektlərinin statusu, strukturu barədə hüquqi təsəvvür formalaşdırılmayıb. İlk dəfə 2022-ci ildə qəbul edilən "Media haqqında" Qanunu onlayn media subyektlərinin statusunu hüquqi müstəvidə təyin edib. Qanunun I fəslində - "Əsas anlayışlar" bölümündə "onlayn media" məfhumuna aydınlıq gətirilir. Maddə 1.1.7-də qeyd edilir ki, "Onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı öz veb-saytında yayımlayan media subyektidir". Qanunun 6-cı fəsil, 60-cı maddəsi isə onlayn media subyektlərinin struktur tərtibat formalarını ifadə edir.
"Media haqqında" Qanunun Azərbaycan media məkanına gətirdiyi yeniliklərdən biri də sərbəst çalışan jurnalistlərin (frilanser) statuslarının hüquqi müstəvidə tanınmasıdır. 2022-ci ilə qədər Azərbaycanda sərbəst çalışan jurnalistlərin hüquqları qanuni müstəvidə tanınmayıb. Yeni qanun frilanserlərə imkan verir ki, fəaliyyətlərini rəsmiləşdirib, statuslarını tanıtsınlar. Maddə 1.1.4-də "jurnalist" adının kimlərə şamil edildiyinin izahı verilir. Burada əmək müqaviləsi ilə hər hansı media subyektində çalışanlarla yanaşı, fərdi olaraq müəllif hüquqları əsasında, mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək olan şəxslər (frilanserlər) də jurnalist kimi tanınır. 74-cü maddənin 2.5-ci bəndində qeyd edilir ki, fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlər azı bir media subyekti ilə mülki hüquqi müqavilə bağlamaqla, Media Reyestrində qeydiyyata düşə və jurnalist vəsiqəsi ala bilərlər. Təbii ki, burada jurnalistlər üçün nəzərdə tutulan digər şərtlərin də ödənilməsi tələb olunur.
"Media haqqında" Qanunun 8-ci fəsli də Azərbaycan media məkanında yeniliklər yaradır. Bu fəsil "Media Reyestri"nin formalaşdırılmasını, səlahiyyət və strukturunu ifadə edir. Maddə 73-də qeyd edilir ki, Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən, onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır.
Məlumat üçün qeyd edək ki, "Media haqqında" Qanunun qəbul edilməsinə və Media Reyestrinin yaradılmasına qədər Azərbaycanda media subyektlərinin uçotu və qeydiyyatı fərqli dövlət qurumları tərəfindən həyata keçirilib. Çap media subyektlərinin uçotu Ədliyyə Nazirliyində, informasiya agentliklərinin qeydiyyatı vergilər xidmətində, audiovizual media subyektlərinin qeydiyyatı isə Milli Teleradio Şurasında aparılıb. Yeni qanun bütövlükdə uçot və qeydiyyat üçün vahid mərkəz yaradır. Uçot və qeydiyyat işinin aparılması Media reyestri xidmətinə həvalə olunur. Ümumilikdə yanaşsaq, "Media haqqında" Qanun bu tip yeniliklərlə zəngindir.
Qanun xüsusi vəziyyətlər üçün davranış prinsiplərini də nəzərdə tutur. Məsələn, Maddə-7 "Hərbi və fövqəladə vəziyyət dövründə media subyektlərinin və jurnalistlərin fəaliyyəti"ni, Maddə-8 "Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi"ni, Maddə-9 "Terror əleyhinə aparılan əməliyyat zonasında media subyektlərinin və jurnalistlərin fəaliyyəti"ni ehtiva edir. Bu cür xüsusi hallarda çalışan jurnalistlərin müvafiq halları tənzimləyən qanunvericiliyin tələblərinə uyğun davranmalı olduqlarını qeyd edir. Məsələn, vurğulanır ki, terror əleyhinə aparılan əməliyyat zonasında çalışan jurnalistin fəaliyyəti "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yaxud hərbi və fövqəladə vəziyyət dövründə çalışan jurnalistin fəaliyyəti müvafiq olaraq "Hərbi vəziyyət haqqında" və "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Yekun olaraq qeyd edək ki, "Media haqqında" Qanun özünün konkretliyi, aydınlığı və yenilikçi olması ilə diqqət çəkir.
Məqalə Azərbaycan Mətbuat Şurası İctimai Birliyi tərəfindən hazırlanıb
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. "Azərbaycan Media landşaftı" barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Mətbuat Şurası (AMŞ) tərəfindən icra olunan "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 12 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.