
Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti barədə məlumat yayıb.
XİN-dən 525.az-a verilən məlumatda bildirilib ki, 5 iyun tarixində Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər:
"Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.
Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.
Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır".
Bildirilib ki, həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.



