
Dağları duman bürüyən vaxtlarda yolçunun getdiyi nəhayətsiz yol dolaşığa düşürdü. Sağa gedirdi, yol bitirdi, sola gedirdi, yol bitirdi. Gedəcəyi yolun səmtini gümanlaya bilmirdi. Dumanı dağıtmağa bir əsimlik yel arzulayırdı, bir baxımlıq Gün işığı arzulayırdı ki, dumanı dağılan yolun ağına düşsün. Meh əsmişdi, əsə-əsə yelə düzmüşdü. Yellər göy üzündə yelləndikcə duman seyrəlmişdi. Seyrələ-seyrələ yolun üstündən çəkilmişdi...
Həmişə ömrü yol, arzuları, niyyətləri yolçu bilmişdi. İndi, güllə səslərinin seyrəldiyi bir vaxtda duman dağılmışdı. 27 il bu yolu bura qədər gələn, burada dayanan, nəfəs dərən, ümidini qılığa tutan yolçu bir dağa inanıb ki, bəşər bəşəriyyət üçün yaşayır. İnanır və əlini gözünün üstünə qoyub 27 il getmək istədiyi mənzilinə sarı baxır. O mənzilin sonunda illərinin nazını çəkmiş Zəngilan var, 27 ildi Zəngilana uğur üstədi, dumanlıqdan sıyrılan yol indi onu Zəngilana aparacaq...
Ona elə gəlir ki, ruhunun başı üstə Zəfər bayrağı dalğalanır...
Yol göz tutduqca uzanır. Yolçu ömrünün 27 ilini Zəngilandan uzaqda yaşamış İsgəndər oğlu Oqtaydı. Dan yeri söküləndən bəri ruhu dumanlığı yarıb Zəngilana sarı mənzil yormaqdadı; işğalı qara dumanlıq bilən bu el adamı bu duyğuları 27 il xəyalında hər gün yaşayıb, dumanın çəkilməsini - işğalın sonlanmasını arzulamışdı. Arzulamışdı və inanmışdı ki, yellər əsəcək, işğalın kəndirini kəsəcək. 2020-ci ilin oktyabrın 20-də Oqtay İsgəndər oğlu da şükranlıqla göy üzünə baxmışdı...
Oqtay İsgəndər oğlu 1939-cu il yanvarın 19-da Zəngilan rayonunun Vejnəli kəndində anadan olub. Kəndin təbiəti onun da ruhunun sığalına dönüb. Bulaqların səsini də sevib, zümzüməsini də, yarpaqları titrədən mehlərin nəfəsini də, çiçək-çiçək gülümsəyən çəmənləri də, dağların mərdanə duruşunu da, yaz yağışını da, şimşək çaxışını da... Təbiət onu yeniyetməliyə bu duyumla, bu bənzərsiz duyğularla uğurlayıb. Hələ şeirə çevrilməsə də, bunları şeir-şeiriyyət ovqatı ilə yaşayıb.
Oqtay İsgəndər oğlu Mincivan qəsəbə orta məktəbində oxuyurdu. Yaxşı oxuyurdu, yaxşı şagird idi. Onlara coğrafiya fənnini Xurşud Vəliyev tədris edirdi. Məktəbin şagirdlərinin düşüncələri onun savadından, biliyindən də barınırdı, gözəl xarakterindən (xasiyyətindən) də. Atalar bu işığı balalarının da ömründə görməyi arzulayırdı; İsgəndər kişi oğlu Oqtaya deyərmiş ki, daha yaxşı oxu, sən də müəllim ol, həm də Xurşud müəllim kimi müəllim ol. Oqtay da bilirdi ki, böyük Nizami demişkən, ata nəsihəti həmişə faydalı olur. Xurşud müəllimə görə həm müəllimliyi sevmişdi, həm də coğrafiya fənnini.
Orta məktəbi bitirəndə (1957-ci il) sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) geoloji-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə verdi. Qəbul olundu. Oqtay İsgəndər oğlu müəllimi Xurşud Vəliyevin təbrikini 67 ildən sonra da unutmur, unutmayacaq da. "Gecələrin qaranlığını əridən Ay işığını, Ulduzların işığını unutmaq mümkünmü? Ruhunu sıxıntılardan qurtaran mehi, düşüncələrinin səltənətinə dönən şehi, ömrünün ahənrübası olan qövsi-qüzehi necə unuda bilərsən?.." Ömür fəlsəfəsinin bir yozumu da bu kəlamlar deyilmi?..
Universiteti bitirəndə Oqtay İsgəndər oğlunu təyinatla Zəngilan rayonunun Mincivan qəsəbəsinə göndərdilər, Mincivan qəsəbəsindəki 36 saylı dəmiryol orta məktəbinə müəllim təyin olundu. Atasının necə sevindiyini xatırlayanda kövrəlidiyinə, xəyalən Xurşud müəllimə pıçıldadığına zərrəcə şübhə etmirəm: "Günlərin birində belə çin oldu, Ata istəyiylə oğul istəyi..." Bu sevinc təkqanad sevinc deyildi. Müəllim işləyəcəkdi, həm də ustadı bildiyi Xurşud müəllimlə eyni məktəbdə!

Sevə-sevə öyrəndiklərini sevdirə-sevdirə öyrədirdi. Klassik pedaqogika deyir ki, pedaqoji məharət sinif otaqlarında formalaşır, müəllimin müəllimliyi sinif otaqlarında təkmilləşir. Abdulla Şaiq deyərmiş ki, müəllimin müəllimliyi ilk dərs gününün ilk saatından bilinir; Mincivan 36 saylı dəmiryol orta məktəbinin kollektivi məktəbin yeni müəllimini ilk dərs gününün ilk saatından tanıdı, tanıdı və sevdi. Bu sevgi Oqtay müəllimin şagird olduğu illərin sevgisinin eyni idi; Oqtay müəllim Xurşud müəllimi necə sevirdisə, şagirdləri də onu elə sevirdi...
Oqtay müəllim məktəbin direktor müavini vəzifəsini də müəllimlik peşəsinə olan sədaqəti ilə yerinə yetirirdi. Bu təyinat məktəbdə pedaqoji prosesin yeni mərhələsi oldu. Məktəbdə nizam-intizam möhkəmlənirdi, mənimsəmə yüksəlirdi; Oqtay müəllimi məktəbin direktoru təyin etdilər...
İxtisas etibarilə müəllim olan Oqtay Ələkbərov sosial həyatın ziyalısı idi. Məktəbdən, sinif otaqlarından kənarda da ömrünün ziyasını Zəngilana (Azərbaycana), Zəngilan (Azərbaycan) üçün yaşayan zəngilanlılara səxavətlə yönləndirirdi. İstəyirdi ki, gənclər Zəngilanı tanıya-tanıya milli-mənəvi dəyərlərimizlə formalaşsın, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi sevsin. Bu müqəddəs niyyətlə işləyirdi. Oqtay müəllim həm də rayon "Bilik" cəmiyyətinin üzvi və eyni zamanda siyasi təhsil sistemində müəllim idi. İdarə və müəssisələrdə müxtəlif mövzularda mühazirələr oxuyurdu. Hər mühazirədə Oqtay müəllimin Vətənə sevgisi olurdu, hər mühazirə mahiyyət baxımından Vətən haqqında könül söhbəti olurdu, Vətən haqqında vətəndaş tövsiyəsi kimi dinləniliirdi, dinləyənlər onu vətənpərvərlik duyğularının sözlə təsviri bilirdi. Oqtay müəllim şair idi. Bu mühazirələr məqamında şeirlə süsləndiyinə görə dinləyənlərin duyğuları Vətənləşirdi, "Bilik" cəmiyyətinin xətti ilə də gərəkli bir missiya yerinə yetirirdi.
Yaxşı iş, gərəkli iş heç zaman diqqətdən kənarda qalmır. Oqtay müəllimin bu fəaliyyəti gərəkli bir ideoloji iş idi və o illərdə partiya belə fəaliyyəti yüksək dəyərləndirirdi. Zəngilan Rayon Partiya Komitəsi Oqtay müəllimi Marksizm-Leninizm Universitetinə təhsil almağa göndərdi, 1973-1975-ci illərdə burada təhsil aldı. Böyük etimad idi. O dövrdə hər adam partiyanın etimadını qazana bilmirdi. Bu inam, bu etimad sabahlara zəmanət kimi qəbul edilirdi...
Oqtay Ələkbərov müəllimlik peşəsini sevmişdi, sevirdi, bu sevgi ilə işləyirdi. Şagirdlərini Xurşud müəllimin şagirdlərini sevdiyi sevgiyə münasib sevgi ilə sevirdi. Onların coğrafiya fənnini mənimsəməsini də, gözəl xarakterlə formalaşmasını da bu sevgi ilə tənzimləyirdi. "Bilik öz yerində, müəllim öyrətməyin üsullarını da bilməlidi, öz üsullarını da tapmalıdı, mövzunu necə öyrətməyi özü müəyyənləşdirməlidi. Elə mövzular var ki, onlar digər fənlərlə əlaqəli şəkildə tədris ediləndə daha səmərəli olur. Müəllim əmin olmalıdır ki, dedikləri - öyrətdikləri şagirdlərinin həm yadında qalacaq, həm də düşüncələrində...", - Oqtay müəllim sözarası həmkarlarına belə deyirdi. Bu fikirlərin mahiyyəti də pedaqoji düşüncələr idi...
Oqtay müəllimi şagirdləri qürurla, ehtiramlarla xatırlayırlar. Bu qürur da sevgidi, bu ehtiram da. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri namizədi mərhum Məhərrəm Həsənovun xatırlaması ustadlığa, ustada sədaqət kimi səslənir : "...Mənə sonralar məlum oldu ki, biz şagirdlərdə olan hər hansı bir cücərtini duyan kimi Oqtay müəllim onu inkişaf etdirirmiş. Mənim bu gün coğrafiyaçı olmağım Oqtay müəllimin zəhmətinin bəhrəsidir..."
1990-cı ildə Oqtay Ələkbərova "Metodist müəllim" adı verildi. Bu sevinci çoxsaylı məzun şagirdlərinin təbrikləri ilə qoşa yaşadı...
Dəfələrlə Zəngilan Rayon Partiya Komitəsinin Fəxri fərmanına layiq görülüb. Bu, dövrün dəyərli təltifi idi. Adı Zəngilan Rayon Partiya Komitəsinin "Şərəf kitabı"na yazılmışdı...
Oqtay müəllim Zəngilan müharibə şəraitində olanda da, müharibədə də, müdafiə olunanda da vaxtaşırı döyüşənlərlə nəfəs-nəfəsə dayanıb söhbətləşərdi. Söhbətləri Zəngilana sevginin ifadəsi olan şeirlərlə tamamlanardı. "Zəngilanlıların ayağı bu torpaqdan, gözləri Zəngilanın göylərindən, ruhu Zəngilanın müqəddəsliyindən üzülməsin deyə səngərlərdəsiniz. Ən etibarlı səngəriniz ürəyinizdi, Vətənə sevginizdi, bir də Zəngilanlılığınızdı...", - əsgərlər Oqtay müəllimin bu kəlamlarını döyüş əzminə, qələbə ruhuna müəllim, şair, ağsaqqal xeyir-duası bilərdi. Zəngilanın hücum əməliyyatında da belə olmuşdu, son müdafiə döyüşlərində də...
Oqtay Ələkbərov dostluğa sədaqətli azərbaycanlıdır. Yaşının bu çağında da zamanında aralarında xeyli yaş fərqi olsa da, əczaçı-həkim olan Ələsgər Paşayevi, "sözünün yiyəsi olan bir insan kimi tanınan (və sevilən), ixtisasını mükəmməl bilən, mükəmməl tədris edən" (ifadələr Oqtay müəllimə məxsusdur) Azərbaycan dili və ədəbiyyat müəllimi Allahverdi Həsənovu sədaqətlə xatırlayır.
Oqtay Ələkbərov ruhu rəvan insandı. Musiqini sevir də, sevdirir də. Sevgisini dinləyənlərə qarmonun, akardeonun dilləriylə çatdırardı. Zəngilanlılar 1982-1990-cı illərdə onun ifasında incə (və cazibədar) bir mətləb də duyardı: "Suyunu içdiyin, çiçəklərinin ətrini ruhunun nazbalıncı bildiyin, ləçəklərinin şehini, ağacların yarpaqlarının bürüncəyi olan mehini sevdiyin torpağa ən böyük borcun onu qorumaqdı, eloğlu, elimizin oğlu..." Onun musiqi ilə çatdırmaq istədiyi mətləblər belə olub. Bu həyata bu fəlsəfi baxış Zəngilanın müdafiəsində, müdafiə döyüşlərində nə qədər gərəkli oldu!..
Hələ yüzlərlə şeiri! Onlarla poemaları! Azərbaycanda və xaricdə dərc edilən bu şeirlər Oqtay Zəngilanlının könül dünyasının xəritəsidi...
Oqtay müəllim şairdi. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Vətən", "Ana Vətən", "Qızıl qələm" media mükafatları laureatıdı, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. 2016-cı ildə Prezident təqaüdü alıb. Şeirləri müntəzəm olaraq Azərbaycanın, eləcə də Türkiyənin müxtəlif mətbut orqanlarında və ədəbi məcmuələrdə çap olunub. Müəllifi olduğu "Dağlar üz döndərib məndən", "Bir tənhalıq axtarıram", "Çəkir öz dərdini özündə dünya", "İç dünyama səyahət" və digər kitabları ilə oxucularının rəğbətini qazanan Oqtay Zəngilanlının poeziyasında əsas yeri vətən-yurd sevgisi tutur.
Oqtay müəllim təbiəti sevirdi, sevdiyi təbiəti məqalələrində də, şeirlərində də tanıdırdı, bu tanıtma sevdirmək idi. "Dünyanın ən böyük çinar meşəsi" elmi məqaləsi 2014-cü ildə Qazaxıstanda dərc olunub, 2015-ci ildə "Zəngilan: tarixi, coğrafiyası, iqtisadiyyatı" monoqrafiyası, 2021-ci ildə "Mincivan: sirli-soraqlı dünyamız" kitabı nəşr edilib. Neçə şeirlər kitabında da təbiət böyük vətəndaşlıq sevgisi ilə təsvir edilib...
Oqtay müəllim gözəl ailə başçısıdı. Həyat yoldaşı Tamara xanım ali təhsilli müəllim olub, o da təqaüddədi. Qızı Kəmalə, oğulları Namiq, Samir, Şaiq, Elmir ali təhsilli mütəxəssislərdi...
...Oqtay müəllim deyir ki, Zəngilan doğmanı yaddan ayırıd etməyi bacarırdı. Yeniyetməliyimdə də, cavanlığımda da özüm də torpağa bağlı olmuşam, sözüm də, şeirim də bağlı olub. Qoy bunu bəşər bir də eşitsin!..
Oqtay müəllim göy üzünə pıçıltıyla deyir ki, cavanlığımda dolaşdığım yerlərə güzarım düşəndə torpaq məni nəfəsimdən tanıdı...



