
“Rəqəmsal iqtisadiyyat investisiya mühitinin yaxşılaşdırılmasına da ciddi töhfə verir. Xarici investorlar daha çox şəffaf, rəqəmsallaşmış və proqnozlaşdırılan hüquqi mühitə malik ölkələrə üstünlük verirlər. Dövlət xidmətlərinin elektronlaşdırılması, lisenziyaların və icazələrin rəqəmsal formada təqdim edilməsi, rəqəmsal məhkəmə və vergi sistemlərinin inkişafı korrupsiya risklərini azaldır, sahibkarlıq fəaliyyətini sürətləndirir və investisiya risklərini minimuma endirir”.
Bunu iqtisadçı ekspert Asif İbrahimov bildirib. Ekspert qeyd edib ki, rəqəmsal transformasiya əmək bazarında da yeni imkanlar yaradır. Proqram təminatı, kibertəhlükəsizlik, məlumat analitikası, süni intellekt, robototexnika, elektron ticarət və rəqəmsal marketinq kimi sahələr yüksək əlavə dəyər yaradan yeni peşələrin formalaşmasına səbəb olur. Bu isə gənclərin daha yüksək gəlir əldə etməsinə, yüksək ixtisaslı mütəxəssislərin ölkədə qalmasına və beyin axınının azalmasına töhfə verə bilər:
“Bununla yanaşı, rəqəmsallaşma dövlət maliyyəsinin daha səmərəli idarə olunmasına da xidmət edir. Elektron vergi sistemləri, rəqəmsal ödənişlər və vahid məlumat bazalarının inteqrasiyası kölgə iqtisadiyyatının həcmini azaldır, vergi daxilolmalarını artırır və büdcə vəsaitlərinin daha şəffaf idarə edilməsinə imkan yaradır”.
Sevinc Qarayeva



