
İyunun 5-də Heydər Əliyev Sarayında Xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşdırılıb.
Yaradıcılıq gecəsində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Səməd Vurğunun yaradıcılıq işığı bu gün də xalqımızın müxtəlif nəsillərinin nümayəndələrini Vətəni, torpağı və ana dilini sevməyə səsləyir.
Xalq yazıçısı qeyd edib ki, məktəb illərindən Səməd Vurğunun “Azərbaycan” şeirini əzbər bilirik və poeziyamızda bu qədər geniş yayılan başqa bir şeir tapmaq çətindir.
“Səməd Vurğun qəlblərdə yaşayır və bundan sonra da yaşayacaq. Çətin və mürəkkəb bir dövrdə fəaliyyət göstərən şair öz yaradıcılığı ilə xalqın yaddaşında silinməz iz qoyub. Onun “Vaqif” pyesi Azərbaycan xalqını məhv etməyin mümkünsüz olduğunu bir daha xatırladır. İllər keçsə də, şairin sözü və ideyaları hər zaman yaşayacaq və eşidiləcək”, – deyə Xalq yazıçısı vurğulayıb.
Tədbirin bədii hissəsində incəsənət ustaları şairin şeir və poemalarından parçalar səsləndirib, sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. Həmçinin Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoxronika materialları nümayiş olunub.





