Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” Komissiyasının növbəti iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə AMEA prezidenti Akif Əlizadə işçi qruplarında fəaliyyət göstərən tədqiqatçı alimlərin qarşısında duran vəzifələrdən danışıb. Akademiya rəhbəri qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir.
Göstərilən istiqamətlər üzrə kitab və xəritələrin nəşri, tarixi mövzuda zəngin faktlarla əhatə olunan elmi məqalələrin xarici dillərə tərcümə olunaraq təbliğ edilməsinin ermənilərin uydurma faktlara uyğun yaydıqları informasiyalara tutarlı cavab olduğunu vurğulayan AMEA prezidenti soyqırım tədqiqatlarının, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında alimlərin qarşısında duran vəzifələrdən danışıb.
Komissiyanın sədr müavini, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli soyqırım tədqiqatları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin imzaladığı “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair Fəaliyyət Planı”nda AMEA qarşısında da konkret vəzifələrin qoyulduğunu xatırladan İ.Həbibbəyli elmi-tədqiqat müəssisələrində keçiriləcək beynəlxalq konfransların böyük əhəmiyyət kəsb etdiyini bildirib. Akademik AMEA-da azərbaycanlılara qarşı törədilən soyqırımlarının muzeyinin yaradılması, “Azərbaycan tarixi – hər bir ölkəyə” kitab mübadiləsi layihəsinin həyata keçirilməsi, soyqırımları əks etdirən tarixi xəritələrin və elektron variantlarının hazırlanması, işğal olunmuş ərazilərdəki Azərbaycan toponimlərinin ingilis, rus, fransız və ərəb dillərində düzgün orfoqrafik yazılış kataloqunun hazırlanması, azərbaycanlılara qarşı soyqırımlara həsr edilmiş elmi konfransların keçirilməsi, bu mövzuda KİV-də məqalələrin çap edilməsi, kitabların təqdimatı və müzakirəsi, soyqırımlara dair rəsm sərgilərinin təşkili və s. məsələlər barədə ətraflı danışıb.
Hər bir məsələyə dair məsul şəxslərin təyin olunduğunu qeyd edən akademik İ.Həbibbəyli işçi qruplarında təmsil olunan alimlərin qarşısında qoyulan konkret vəzifələri diqqətə çatdırıb.