Milli Məclisin (MM) dünənki plenar iclasında “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Qeyd edək ki, dempinq xarici bazarlarda rəqibləri sıradan çıxarmaq məqsədilə malların maya dəyərindən və daxili bazardakından daha ucuz satılması deməkdir. Qanun layihəsinin məqsədi isə yerli istehsalçıların iqtisadi maraqlarının müdafiəsinə yönəlib. Yəni bu, subsidiyalaşdırılan idxalın, antidempinqin formalaşdırılması və tətbiqi qaydalarını tənzimləməlidir.
Z.Səmədzadə bildirib ki, qanun layihəsi idxalın tam qadağan olunması məqsədi daşımır: “Qanun layihəsində nəzərdə tutulub ki, araşdırma orqanı bazarda müvafiq araşdırma aparacaq. Layihəyə əsasən, dempinqli idxala qarşı 3 tədbir görüləcək. Antidempinq, kompensasiya və mühafizə tədbirləri. Birinci halda uyğun antidempinq rüsumu tətbiq ediləcək. İkinci halda ölkəyə idxal olunan mallarla yerli məhsullar arasında qiymət pariteti pozulması olsa, kompensasiya tədbirləri görüləcək. Üçüncü halda isə idxal kəskin artdığı, yerli istehsal məhsullarına təzyiqin gücləndiyi müəyyən edildikdə, tədbirlər həyata keçiriləcək. Milli bazarımızın sivil qaydada qorunması üçün bu qanuna ehtiyac var”.
Millət vəkili Hikmət Babaoğlu qanun layihəsində ixracatçıların vergidən azad edilməsi məsələsinin əksini tapmasını təklif edib.
Millət vəkili Musa Quliyev böhran şəraitində bəzi ölkələrin Azərbaycanda məhsullarını maya dəyərindən və daxili bazardakından ucuz satılmasına çalışacaqlarını qeyd edib: “Ona görə də yerli istehsalın qorunması üçün bu qanun vacibdir. Ancaq biz bəzən yerli bazarı qorumaq adı altında daxildə monopoliya yaradılması cəhdlərini görmüşük. Ona görə də çox ehtiyatlı hərəkət etmək lazımdır. Qanunu tam olaraq Azərbaycan dilinə tərcümə etmək lazımdır, çünki qanun sadə insanın başa düşəcəyi dildə deyil. Qanun layihəsində araşdırma dövründə malların 6 aya qədər saxlanılması əksini tapıb. Mallar harada saxlanacaq, saxlanma xərcləri kim tərəfindən ödənəcək? Mən bu qanunun nə qədər xeyirli, nə qədər zərərli olduğunu hələ özüm üçün araşdıra bilməmişəm”.
Daha sonra yenidən söz alan Z.Səmədzadə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə birlikdə qanun üzərində işləniləcəyini nəzərə çatdırıb: “Qanunun dilində də problem var, mən aidiyyəti strukturlarla danışmışam. Bu gün görürük ki, bizimlə əməkdaşlıq edən bəzi ölkələr Azərbaycana idxal olunan məhsullarda dempinq siyasəti yürüdürlər. Məsələn, son illərdə Azərbaycana kartof idxalı o qədər artdı ki, bizim istehsalçılar Azərbaycanın bir çox yerlərində kartof istehsalını dayandırdılar. Çünki idxal edilən kartof Azərbaycanda istehsal edilən kartofun maya dəyərindən aşağı idi. Araşdırmalar aparanda gördük ki, kartof idxal edən ölkələrdə istehsalçılara subsidiyalar verilir, digər yardımlar olur. Yaxud, dünyaya nəzər salsaq, ABŞ-da Rusiyanın ucuz metallurgiya məhsullarının satışına qadağan qoyulmuşdu. ABŞ-ın o vaxtkı prezidenti Corc Buşa sual verilmişdi ki, siz Ümumdünya Ticarət Təşkilatının üzvüsünüz, nə üçün belə addım atırsınız? Corc Buş cavab vermişdi ki, ölkəmin maraqları hər şeydən üstündür. Ona görə də bu qanun layihəsi çox vacib mərhələdə hazırlanıb, təkmilləşməsinə də ehtiyac var. Ancaq qanun prezidentin təşəbbüsü ilə daxil olub və birinci oxunuşda dəyişikliklər edə bilmərik. Növbəti oxunuşda qanun layihəsi təkmilləşdiriləcək”.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Kamil HƏMZƏOĞLU