Mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan danışıqlarda ilk dəfə Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak ediblər.
Vyana görüşü zamanı münaqişə zonasında yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub, tərəflər arasında atəşkəsin möhkəmləndirilməsinə dair razılıq əldə edilib. Lakin münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejimi yenidən pozulub. Nəticədə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid olub. Bu, Ermənistanın danışıqlar prosesinə, əldə olunan razılaşmalara məhəl qoymadığını bir daha ortaya qoyub. İşğalçı ölkə öz təcavüzkar niyyətindən əl çəkmək fikrində deyil. Ona görə də, həmsədr dövlətlərin "danışıqlar prosesinin alternativi yoxdur", "Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz" kimi ifadələr heç də münaqişənin həllinə kömək etməyəcək. Əksinə Azərbaycan təşəbbüsü öz əlinə alaraq istənilən yolla problemi müsbət sonluqla bitirməlidir. Torpaqlarımız erməni işğalından azad edilməlidir.
Son hadisə ilə bağlı Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib. Bildirilib ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Prezidentlərin Vyana görüşü ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutan görüş demək olar ki, əvvəlkilər kimi Qarabağdan daha çox ATƏT-ə və onun bivec "sülhyaratma missiyasına" xeyir gətirdi: "Sözsüz ki, çətin durumda olan Ermənistanın cinayətkar və sapdan asılı qalan prezidenti Serj Sarkisyanı Rusiya çox böyük ustalıqla və məharətlə xilas etdi. Bundan əlavə, yenə Qarabağ hesabına kişi olub öz ailə-uşaqlarını dolandıran həmsədrlərin dəstəsinə hazıryeyən bir xeyli "kameragüdənlər" də qatılacaq. Axı bu "ağıllı diplomatlar" qoşunların təmas xəttində vəziyyətə nəzarət etmək üçün yeni "kəşf" icad ediblər: Bütün cəbhəboyu müşahidə kameraları quraşdırılacaq".
Ü.Cəfərovun sözlərinə görə, bu kameraları izləmək üçün də qərara alınıb ki, bir sürü təzə xarici avara dəstəsi təşkil olunsun: "Onlar da dünyanı gəzib dolaşan digər avara diplomatlar kimi sadəcə yeyib-yatmaqla öz günlərini keçirəcəklər. Görünən odur ki, Qarabağ məsələsinin tam həlli yəqin ki, bir xeyli sonraya qaldı. Vyanadan bizə verilən görüntülərdə Ermənistan prezidentinin sağ tərəfində lövbər salmış Rusiya xarici işlər naziri Sergey Lavrovun necə "dişlərini ağartması" və öz əlaltısı Serj Sarkisyanla necə xısın-xısın gülümsəməsi onu deməyə əsas verir ki, onlar öz məqsədlərinə demək olar ki, tam şəkildə nail olublar".
Əvvəllər bu xariciləri - BMT, ATƏT və digər irili-xırdalı qurumları öz pulunun, hər qəpiyinin qədrini bilən, loru dillə desək, qənaətcil, xəsis, çox simic bir toplum kimi təsəvvür etdiyini deyən ekspert qeyd edib ki, bunların o sarıdan heç düz-əməlli "ağlı" da yox imiş: "Guya bu günə kimi ATƏT-in Minsk Qrupu hansı qələti yapmışdı ki, bunlar bundan sonra hansısa nəticələr ortalığa qoysunlar? Ermənistana açıq havadarlıq edən Rusiya tərəfi bizə iyun ayında guya hansısa məsələlərin müzakirəyə çıxarılacağını bəyan edir. Bəri başdan deyirəm ki, boş və hiyləgərcəsinə düşünülmüş planın tərkib hissəsidir. Görüşlə bağlı yayılan bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz?! Bəlkə bunlar özlərini çox ağıllı hesab edirlər, amma məncə bunlar çox yanılırlar. Sülh yolu ilə həll edə bilmirsinizsə, bunun başqa yolunun adı nədir? Bəlkə erməniləri musiqi ilə, çal-çağır ilə işğalçılıq niyyətlərindən çəkindirmək mümkündür? Desinlər, biz də artıq-əksik danışmayaq, heç nə deməyək".
Ü.Cəfərov bildirib ki, Rusiya rəhbərliyi yenə çox böyük riyakarlıq edərək bizə sayğısızlıq, hətta çəkinmədən deyərdim ki, xəyanət etdi: "Əslində onlar heç bir danışıq-filan olmadan da öz vassalı olan Ermənsitana başa sala bilərdi ki, ay qanmaz erməni başbilənləri, siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 20 ildən çoxdur ki yerinə yetirmirsiz. Bunu təcili etmək gərəkdir. Bu sözləri bir dəfə də dilinə gətirməyən Rusiyadan biz hansı ədaləti və səmimiyyəti gözləyə bilərik və gözlüyürük? Bunların yeganə məqsədi vaxt udmaq və məsələnin həllini illərlə sonraya saxlamaqdır".
Ekspert hesab edir ki, bu münaqişəni həll edəcək bir qüvvə varsa, o da Azərbaycan Silahlı Qüvvələridir: "Kim nə deyir desin, yalnız və yalnız güc yolu ilə bu rus-erməni hoqqabazlarını, o cümlədən, bunların nağıllarına inanan ABŞ, Fransa və digər ölkələri başa salmaq mümkün olacaq. Necə ki, aprelin əvvəllərində ordumuz bu biveclərə başa saldı ki, yetər artıq, bəsdirin bu xalqın heysiyyatı və mənliyi ilə oynadınız. Ya biz Qarabağ məsələsini həll edəcəyik, ya da bundan sonra da ölkəmizi təhdid edən və ona meydan oxuyan bir çox beynəlxalq güclərin çirkin oyunlarının iştrakçısı olub sonda çox ağır bir mənzərə ilə üzləşməli olacağıq".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Vyana görüşü nəticəsiz qaldı: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin ortaq bəyanatı münaqişənin həlliylə bağlı əsas məsələnin mahiyyətindən çox yenə detallarla boldur. Şeytan isə bildiyiniz kimi detallarda gizlənib. Bu detallar indiki halda bizim əleyhimizədir. Birinci detal: "Münaqişə hərbi yolla həll edilə bilməz". Bal kimi də həll edilə bilər. Ermənistan danışıqları əvvəlkitək uzadacaqsa, Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən başqa alternativi qalmayacaq. İkinci detal: "Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud idarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər". Başqa sözlə vasitəçilər insidentləri araşdırmaq istəyirlər. Bu Ermənistanın çoxdankı istəyidir. Çünki insidentlərin araşdırılması Ermənistanın status-kvonu uzatmaq siyasətinə uyğundur. Biz işğalçı Ermənistan ordusunu Ağdam, Füzuli və digər istiqamətlərdə daima təzyiq altında saxlamasaq İrəvan öz xoşu ilə işğal altındakı torpaqları boşaldarmı? Boşaltsaydı, bunu 22 ildə edərdi. Ona görə də Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin araşdırılmasına razılaşmaq olmaz. Necə ki, işğal ortadan qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı da təmas xəttindən geri çəkə bilmərik".
Politoloq qeyd edib ki, ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə məsuliyyət qoymur: "Ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz yoxdur.
Həmsədrlərin bəyanatından çox Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasında bir cümlə diqqətimi çəkdi. Lavrov deyib ki, çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, münaqişənin nizanlanmasını mərhələli şəkildə etmək lazım olacaq. Bu cümlə o deməkdirmi ki, vasitəçilər Ermənistanı status məsələsini qabartmadan Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasına razı sala bilərlər? Yaxın iki ayda bu cümlənin arxasındakı məntiqi görməliyik. Əgər əvvəlkitək Ermənistan hakimiyyəti 5 rayonun boşaldılmasını Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixinə bərabər tutacaqsa, Lavrovun sözlərinin əhəmiyyəti olmayacaq, danışıqlar apreldən əvvəlki vəziyyətinə qayıdacaq".
Mərkəz sədri hesab edir ki, bütün hallarda Vyana görüşü bizə lazım idi: "Çünki bu cəbhə bölgəsində aprel uğurumuzdan sonra prezidentlərin vasitəçilərin iştirakı ilə ilk görüşü idi. Bütün dünya gördü ki, Azərbaycan əbədiyyətə qədər nəticəsiz danışıqlardan bezib və işğal altındakı torpaqları boşaltmaq əzmindədir. Vyana bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Ancaq əgər Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa, növbəti görüşlər bizim əleyhimizə işləyə bilər. Çünki münaqişənin həllində konkret addımlar atılmadan görüşlərin davamı dövlət başçısı İlham Əliyevin dediyi kimi imitasiya xarakteri daşıyacaq. İmitasiya isə status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçilərimiz apreldə olduğu kimi silahları əllərində möhkəm saxlamalıdırlar".
Ceyhun ABASOV