İngiltərədə London şəhərinin Bloomsbury sahəsində yerləşən British Museum - Britaniya muzeyi dünyanın müxtəlif ərazilərindən bu ölkəyə səyahət edən insanların maraq dairəsində olan, dünya mədəniyyəti nümunələrini təqdim edən məşhur muzeylərdəndir.
1753-cü ildə yaradılmış muzey “insanlıq tarixi, incəsənət və mədəniyyətə həsr olunmuş” muzey kimi dəyərləndirilir. Həqiqətən də, bu əzəmətli sənət məbədinin səkkiz milyonluq eksponat xəzinəsi Şərq və Qərb dünyasının orijinal nümunələrini əhatə edir, milladdan öncəki dövrün tarixi mədəniyyət inciləri, tarixi hadisələrə şahid olmuş əşyaları, ən qədim dövlətlərə aid atributları qoruyub saxlayır. Britaniya muzeyi külli miqdarda kitab və əlyazmaların mühafizə edildiyi muzey kimi də özünəməxsusluq kəsb edir. Muzeyin Şərq Qanadındakı The King's Library - Kral kitabxanası öz zənginliyi ilə seçilir. Muzeyin Department of Ancient Egypt and Sudan - Antik Misir və Sudan bölməsi, Department of Greece and Rome - Yunan və Roma bölməsi, Department of the Middle East - Orta Şərq bölməsi, Department of Prints and Drawings - Çap və Rəsmlər bölməsi, Department of Prehistory and Europe - Tarixöncəsi və Avropa bölməsi, Çin, Yaponiya, İndoneziya, Tailand eksponatlarını əhatə edən Department of Asia - Asiya bölməsi, Department of Africa - Afrika bölməsi, Department of Coins and Medals - Pullar və Medallar bölməsi, Department of Conservation and Scientific Research - Konservasiya və Elmi Tədqiqatlar bölməsi, Libraries and Archives - Kitabxanalar və Arxivlər və digər bölmələri vardır.
Yaxın Şərqlə bağlı eksponantlar XIX əsrdən, xüsusilə də əsrin 20-ci illərindən sonra muzeydə toplanılmağa başlayıb. Urartu, Assuriya və Babilistan, Şumer mədəniyyətinə aid sənət nümunələri Britaniya muzeyinin ən qədim əsərlərindəndir. Yaxın Şərq, Sudan, Misir və digər ölkələrdə aparılan qazıntılar zamanı tapılmış arxeoloji abidələrin də burada yer almasını ayrıca qeyd etmək lazımdır. Muzeyin tarixi qədimliyi və zənginliyi təqdim etməsi onun əsas özəlliklərindən biridir. Burada, eyni zamanda, daha yeni dövrün eksponatlarına - çap nümunələri, rəsm əsərləri, medallar və dekorativ əsərlərə də rast gəlirik. Şərq nümunələri arasında Misirə aid eksponatlara daha çox təsadüf olunur. Department of Ancient Egypt and Sudan - Antik Misir və Sudan bölməsində qədim və əzəmətli Misir tarixi və mədəniyyət abidələri yerləşdirilib. Qeyd etmək lazımdır ki, Qahirədəki Misir muzeyi istisna olmaqla Britaniya muzeyi dünyada Misir əsərlərinin geniş təqdiminə görə ən böyük mədəniyyət ocağıdır. Misir eksponatları yüz mindən artıq nümunəni əhatə edir. Predynastic and Early Dynastic period - Sülalədən öncəki və ilkin sülalə dövrü, Old Kingdom - Qədim səltənət, Middle Kingdom - Orta səltənət, New Kingdom - Yeni səltənət, Third Intermediate Period - Üçüncü orta mərhələ, Late Period - Sonrakı mərhələ, Ptolemaic dynasty - Ptolomey səltənəti adı ilə təqdim olunan ayrı-ayrı sənət əsərləri Misirin qədim, çoxcəhətli və zəngin mədəniyyət, eləcə də tarixi nümunələrini dünya xalqlarına sərgiləməkdə mühüm işlər görür.
Yaxın Şərq, ortaq türk mədəniyyəti nümunələrinin təqdim edildiyi Department of the Middle East - Orta Şərq bölümü muzeyin zəngin və maraqlı hissələrindəndir. Ən qədim mədəniyyət nümunələrinə məhz bu bölmədə təsadüf olunur. Mesopatomiyaya aid 330 min eksponatı ilə Britaniya muzeyi həmin mədəniyyətə məxsus dünyanın ən əhəmiyyətli və böyük kolleksiyalarından birini təqdim edir. Qeyd olunduğu kimi, Şumer, Assuriya və Babilistana aid dünya mədəniyyətinin ən ilkin nümunələri də burada təqdim olunub. Sözügedən bölmədə türk, fars, ərəb, Qafqaz, Orta Asiya və digər Yaxın Şərq ölkələri və xalqlarının misilsiz əsərləri mövcuddur. Muzeydə həm islamdan öncəki, həm də VII əsr erkən islam dövrünə aid əsərlər vardır. Arxeoloji abidələr də daxil olmaqla 40.000 eksponatı əhatə edən islam mədəniyyəti nümunələri də öz zənginliyi ilə seçilir. Məlum olduğu kimi, islam Şərqində dulusçuluq, süşə və keramika, metal əşyaları, müxtəlif möhürlərin hazırlanması geniş şəkildə inkişaf etmişdi. Bunların böyük bir kolleksiyasına muzeydə təsadüf edirik.
Türkiyəyə məxsus İznik keramikalarının dünyada ən zəngin kolleksiyası məhz Britaniya muzeyində qorunub saxlanılır. Miladdan əvvəl 1600-cü ilə aid Statue of Idrimi - Idrimi heykeli, miladdan əvvəl IX-VI əsrlərə aid Urartu bürüncləri, miladdan əvvəl IX əsrə aid stellər - daşlar türk əsərləri içində möhtəşəm yer tutur.
Türk, fars, ərəb, hind və İspaniya islam mədəniyyətini sərgiləyən Orta Şərq bölümündə ortaq Şərq və türk mədəniyyəti çərçivəsində Azərbaycan sənət əsərləri də mövcuddur. “Anatolia and Urartu” adlanan 54-cü salon Anadolu və Urartu mədəniyyətinə aid zəngin və qədim ekponatları təqdim edir. Məlum olduğu kimi Urartu dövləti Mesopatamiyadan şimalda, Şərqi Anadoluda - Türkiyədə Van gölü ətrafında meydana gəlmişdi. IX-VI əsrlərdə mövcud olmuş bu dövlət Cənubi Qafqazın qərb rayonlarını, Van, Urmiya və Göyçə gölləri arasındakı ərazini əhatə edirdi. Muzeydə Urartu haqqında verilən məlumatlarda onun Avropa və Asiya arasında əhəmiyyətli bir ərazidə yerləşdiyi, Türkiyə, Gürcüstan, Ermənistan və İranın şimal-qərbini əhatə etdiyi qeyd olunur. Əksər Qərb muzey və mənbələrində rast gəlinən Azərbaycanın torpaqları ilə bağlı yalnış faktlara burada da təsadüf edirik, Azərbaycanın tarixi əraziləri İranın, yaxud da Ermənistanın əraziləri kimi təqdim edilir. Halbuki Urmiya və Göyçə gölləri ətrafındakı torpaqlar bizim tarixi torpaqlarımızdır.
Məlum olduğu kimi, Urartu dövlətində əkinçilik, maldarlıq, atçılıq, üzümçülük, bağçılıq və sənətkarlıq inkişaf etmişdir. Eyni zamanda, dulusçuluq, metalişləmə, zərgərlik sahələri diqqət mərkəzində olmuşdur. Urartu mədəniyyətinin ən parlaq nümunələrindən biri də daşüstü mətnlər-kitabələr idi. Bütün bu qədim mədəni irsin nümunələrinə Britaniya muzeyinin eksponatları arasında da təsadüf edirik.
Kitab üzünün təsvirini əks etdirən eksponatda Səfəvilər və Qacarlar dövrünə aid sevgililər üçün təşkil edilmiş musiqi dəstgahları səhnəsi muzey eksponatları içərisində yer almışdır. Burada da Səfəvilər və Qacarlar dövləti yenə də “Səfəvi və Qacarlar dövründə İran” kimi təqdim olunur.
Muzeydə bizim üçün önəmli olan eksponatlar arasında dahi şairimiz Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinə çəkilmiş ilustrasiya da yer alıb. Şəklin altındakı izahda bu sözlər yazılır: “Leyli və Məcnun məktəbdə görüşürlər. Əlçatmaz sevginin klassik hekayəsi, Leyli və Məcnun hekayəsi ərəb folklorundan alınmış və İranda şair Nizami (1141-1209) tərəfindən məşhurlaşdırılmışdır...” Sonra şairin “Xəmsə”sinə daxil olan “Leyli və Məcnun” əsərindəki qəhrəmanlardan bəhs edilir. Göründüyü kimi, XXI əsrdə dünyanın ən məşhur muzeylərindən biri olan Britaniya muzeyində hələ də dahi Azərbaycan şairi Nizami Gəncəvi İran şairi kimi təqdim olunur. Halbuki “İranda şair Nizami” təqdimatını ən bəsit şəkildə Nizaminin doğulduğu və yaşadığı, eyni zamanda, təxəllüsü kimi götürdüyü Gəncə şəhərinin Azərbaycanda yerləşməsi ilə təkzib etmək mümkündür. Bu və bu tipli məsələlər tarix, ədəbiyyat sahələrində olduğu kimi, müzeyçilikdə də bizim üçün təsadüf edilən ən mühüm problemlərdəndir. Biz hələ də ən məşhur şairimizin, nəinki Azərbaycan, türk, Şərq, bütövlükdə dünya ədəbiyyatına ölməz əsərlər bəxş edən Nizaminin milyonlarla insanın seyr etdiyi muzeydə dünyaya İran şairi kimi təqdim edilməsini sakitcə izləməkdə davam edirik. Halbuki bu məsələnin sivil və hüquqi çərçivədə beynəlxalq dairələrə müraciət edilməklə həll olunması mədəni irsimizin qorunması və təbliği baxımından son dərəcə vacibdir.
Ümumiyyətlə, Qərb muzeylərindəki tarixi və mədəniyyət nümunələrimiz ilə bağlı iki əsas problemlə qarşılaşırıq:
1. Tarixən Azərbaycana məxsus olan əsərlərin, ekponatların İran adı altında təqdim olunması.
2. Azərbaycan, bötüvlükdə türk və islam mədəniyyətinə aid bu ərazilərdən qaçırılmış eksponatlar.
Bütün bu problemlərin, təbii ki, həlli yolları da mövcuddur. Elə qardaş Türkiyədə Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyinin səyi nəticəsində son on ildə dörd mindən artıq qaçırılmış əsərin ölkəyə qaytarılmasına nail olunub. Bunların arasında ABŞ, İngiltərə, Almaniya, İsveçrə, Danimarka və digər Qərb muzeylərindən geri alınmış əsərlər var. Bizim də bu təcrübədən istifadə etməmiz, dünya muzeylərindəki tarixi və mədəniyyət abidələrimizə sahib çıxmamız məqsədəuyğundur.