Ölkəmizdə 2016-cı ildə həyata keçirilən islahatlar 2017-ci ilin birinci rübündə öz müsbət nəticələrini göstərib.
Belə ki, cari ilin birinci rübündə Azərbaycanda iqtisadi inkişaf təmin olunub, sosial məsələlər həllini tapıb. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ümumdünya iqtisadi böhranın fəsadlarını uğurla aradan qaldırıb və inkişaf yoluna çıxıb.
Belə ki, cari ilin ilk üç ayı ərzində qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar çoxalaraq 38,5 milyard dollar təşkil edib. Ölkənin valyuta ehtiyatları xarici borcu beş dəfədən çox üstələyir. Məlum olub ki, qeyd edilən dövrdə ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 10 faiz artıb, idxal 17 faiz azalıb. Ticarət dövriyyəsinin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bir sözlə, Azərbaycan 2015-2016-cı illərdəki ümumdünya iqtisadi böhranın fəsadlarını uğurla aradan qaldırıb və inkişaf yoluna çıxıb. Dövlət başçısı qarşıdan gələn dövr üçün əsas hədəfləri də açıqlayıb. Prezident vurğulayıb ki, sənaye istehsalı və kənd təsərrüfatının inkişafı prioritet istiqamət olaraq qalır. Bu sahədə dövlətin başladığı işlər daha da sürətlənməlidir. Ölkədə makroiqtisadi sabitlik təmin olunmalı, məhsulların süni qiymət artımına imkan verilməməlidir. Dövlət büdcəsinin icrası və büdcə xərcləri tam yerinə yetirilməli, investisiya proqramları, o cümlədən infrastruktur layihələri (yol, su, qaz, kanalizasiya və s.) yüz faiz icra olunmalıdır. Xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal işlərin aparılmalı olduğu vurğulanıb.
Müşavirədə qeyd edilən məsələlərə münasibət bildirən millət vəkili Tahir Rzayev deyib ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatı ilə bağlı qarşıya qoyduğu vəzifələr ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, insanların həyat şəraitinin yaxşılaşmasına istiqamətlənib. Dövlət başçısının kənd təsərrüfatı sahəsinin sürətli inkişafı ilə bağlı verdiyi tapşırıqların mühüm əhəmiyyət daşıdığını dilə gətirən deputat bildirib ki, əsas məqsəd bu sahəni inkişaf etdirməkdir: "Prezident ötən günkü iclasda sahibkarlığın inkişafına diqqətin daha da artırılması ilə bağlı məsələlərə də toxundu. Təbii ki, bütün bunlar ölkəmizin neftdən asılılığın maksimum şəkildə azaldılmasına xidmət edir". Regionlarda iqtisadiyyatın inkişafı üçün xeyli işlərin görüldüyünü dilə gətirən T. Rzayev kənd təsərrüfatı sahəsində müəyyən məsələlərin təcili və fəal şəkildə həll olunmasının vacibliyini qeyd edib: "Eyni zamanda, aqrar sahədə kadr potensialının inkişafına diqqət yetirilməlidir, çünki yeni gətirilən müasir, kompüter sistemi ilə təchiz edilmiş texnikanın istifadəsi yeni savadlı kadrların olmasını tələb edir. Bütün bu tədbirlər göstərir ki, bu gün aqrar sahənin inkişafı mühüm bir vəzifədir və Prezidentin bu istiqamətdə qarşıya qoyduğu tapşırıqlar ölkə iqtisadiyyatının inkişafı üçün çox vacibdir ".
İqtisadçı-ekspert Emin Əliyev isə bildirib ki, Azərbaycan prezidentinin Nazirlər Kabinetinin I rübün yekunlarına dair iclasda çıxışı zamanı səsləndirdiyi rəqəmlərə fikir versək görərik ki, ölkəmizdə 3 ay müddətində qeyri-neft sektorunun, ixracın artımı və idxalın əvəzlənməsi istiqamətində böyük əsaslı işlər görülüb. Onun sözlərinə görə, 2017-ci ildə ölkəmizdə görülən işlərdən ən mühümü iqtisadiyyatın ən önəmli indikatorlarından biri sayılan kənd təsərrüfatı və tikinti sektorunun canlanmasıdır: "Azərbaycan prezidentinin iclasda söylədiyi kimi, cari ilin 3 ay müddətində kənd təsərrüfatı 3,5 faiz artıb ki, bu da kütləvi şəkildə yeni iş yerlərinin açılmasına imkan yaradıb. Belə ki bu müddət ərzində ölkəmizdə 85 min yeni iş yerləri açılıb ki, onlardan 45 mindən çoxu özəl, korporativ sektorun payına düşüb. Bu, çox uğurlu göstəricilərdən biridir. Bununla yanaşı, Azərbaycan prezidenti həmçinin bildirdi ki, hazırda 300-dən çox hündür mərtəbəli binaların tikilməsi və inşası həyata keçirilir. Bunun özü də böyük göstəricidir. Çünki tikinti sektoru özündə bir neçə sahəni əhatə edir və onların inkişafına impuls verir".
Ekspert qeyd edib ki, ölkəmizin 2017-ci ilin ilk rübündə əldə olunan iqtisadi uğurlarından biri təbii ehtiyatlarımızın artmasıdır: "Son 3 ayda ölkəmizin valyuta ehtiyatları 1 milyarddan çox artıb. Bu, çox uğurlu göstəricidir. Çünki ölkənin dayanıqlı olması onun valyuta ehtiyatlarının mövcud göstəricisi və onun artım və düşmə dinamikasıdır. Azərbaycanda bu dinamika yüksələn xətlə inkişaf etdiyinə görə, bu həm ölkəmizin reytinqinin, həm də borclanma qabiliyyətinin artmasına əsaslı təsir edir".
Cari ilin ilk rübündə ölkəmizdə turizm sektorunun inkişaf etdiyini deyən E. Əliyev vurğulayıb ki, Azərbaycanda bu müddət ərzində ASAN viza vasitəsilə 40 mindən elektron viza verilib: "Ölkəmizə bu müddət ərzində bir sıra yaxın və uzaq ölkələrdən turistlər gəlib ki, bu da öz növbəsində Azərbaycana valyuta axınını təmin etməklə yanaşı, yeni iş yerlərinin açılmasına xidmət edir".
E. Əliyev qeyd edib ki, ümumilikdə ilk rübün göstəricilərinə baxsaq, cari ilin ölkəmiz üçün uğurla başladığını söyləmək mümkündür: "Bu dinamika davam edəcəyi halda, 2017-ci ilin uğurla bitəcəyini söyləmək olar".
Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, 2016-cı ildə ölkə prezidentinin iradəsi ilə keçirilən dərin iqtisadi islahatlar öz nəticələrini 2017-ci ilin 1-ci rübündə də göstərməyə başlayıb. Onun sözlərinə görə, iqtisadi sabitliyin təmin olunması, qeyri neft sektorunun inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının genişləndrilməsi, ixracın artırılması, yeni iş yerlərinin açılması - bütün bunlar ölkə prezidentinin 2016-cı ilin sonunda elan etdiyi hədəflərdir və qısa müddət keçməsinə baxmayaraq, bütün bu hədəflər üzrə müsbət nəticələr əldə edilib: "Görülən işlər yürüdülən iqtisadi siyasətin effektivliyi və ölkədə yaradılmış əlverişli sahibkarlıq mühitinə öz bəhrələrini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı olmaqla yanaşı, inkişaf edir. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb".
Millət vəkili Eldəniz Səlimovun sözlərinə görə isə istehsal olunan məhsulların ixracı ilə əlaqədar Azərbaycan brendini dünyada təbliğ etmək, ticarət evlərinin yaradılmasının sürətləndirilməsi bir vəzifə olaraq qarşıya qoyulub. O deyib ki, böyük aqrar zonaların, iri fermer təsərrüfatının yaradılması işi davam etdirilməklə bu sahəyə nəzarət gücləndirilib, müxtəlif zonalarda aqroparkların yaradılması prosesinə start verilib: "Ölkə başçısının qeyri neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizin kənd təsərrüfatı rayonlarında böyük aqrar zonaların, iri fermer təsərrüfatların yaradılması işi davam etdirilir. 2016-cı ildə cənab prezidentimiz tərəfindən açılışı edilmiş 523 hektar ərazidə salınan Yalama Aqroparkının yaradılmasının birinci mərhələsi başa çatıb. Layihənin birinci mərhələsinə uyğun olaraq, 1000 başı sağmal mal olmaqla, 3000 başlı cins iri buynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Müqtədir qəsəbəsində dövlət ehtiyat fondunun torpaqları icarəyə götürülərək 957 hektar müasir suvarma sisteminə malik iri taxılçılıq təsərrüfatı yaradılacaq. Bu layihələr tam gücü ilə işə düşdükdə 300 nəfərlik iş yeri yaradılması nəzərdə tutulur".
E. Səlimov qeyd edib ki, son illər Azərbaycanda təsərrüfatla məşğul olan insanların, torpağa bağlılığının artması ölkə başçısının bu sahəyə göstərdiyi diqqətin və qayğının nəticəsidir: "Bu gün regionlarda əkilməyən torpaqların dövriyyəyə qaytarılması prosesi sürətlənməkdədir. Yaxın gələcəkdə dövlətin dəstəyi ilə ölkəmiz öz əhalisini kənd təsərrüfatı və sənaye məhsulları ilə tam təmin edəcəkdir".
PƏRVANƏ