Məlum olduğu kimi, aprelin 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Müşavirədəki çıxışında bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla davam etdirildiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, 2017-ci il bizim üçün uğurlu il olacaq. Dövlət başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd edib, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü söyləyib.
Azərbaycanın beynəlxalq əlaqələrinin daha da gücləndiyini deyən prezident İlham Əliyev qeyd edib ki, xarici ölkələrə səfərləri, apardığı danışıqlar Azərbaycanın dünyada nüfuzunun yüksəlməsinə, ölkəmizin ikitərəfli və çoxtərəfli əlaqələrinin möhkəmlənməsinə xidmət edib: "2017-ci ilin 3 ayında 7 dövlət başçısının Azərbaycana səfər etməsi dünyada ölkəmizə olan hörmətin göstəricisidir. Fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai-siyasi xadimlərin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirakı, həmçinin ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin ölkəmizdə görüşü Azərbaycanın dünyadakı rolunu və yüksək nüfuzunu əks etdirir".
Ölkə başçısı bildirib ki, cari ilin birinci rübündə Azərbaycanda iqtisadi inkişaf təmin olunub, sosial məsələlər həllini tapıb: "Azərbaycan ümumdünya iqtisadi böhranın fəsadlarını uğurla aradan qaldırıb və inkişaf yoluna çıxıb. 2016-cı ildə həyata keçirilən islahatlar 2017-ci ilin birinci rübündə öz müsbət nəticələrini göstərib. Cari ilin ilk 3 ayı ərzində qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar çoxalaraq 38,5 milyard dollar təşkil edib. Ölkənin valyuta ehtiyatları xarici borcu 5 dəfədən çox üstələyir. Ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 10 faiz artıb, idxal 17 faiz azalıb. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir".
Ölkədə 85 min yeni iş yerinin yaradıldığını deyən dövlət rəhbəri onu da qeyd edib ki, Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir: "Birinci rübdə ölkəyə gələn turistlərin sayı 25 faiz artıb".
Ölkənin dinamik inkişafı, müasir sosial-iqtisadi infrastrukturun yaradılması, şəhərlər və digər yaşayış məkanlarında ən müasir standartlara uyğun quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, ölkədə hökm sürən sabitlik və təhlükəsizlik, müasir turizm infrastrukturunun yaradılması, viza rejiminin sadələşdirilməsi və "ASAN viza" sisteminin yaradılması, Azərbaycanın ardıcıl şəkildə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizin dünyada müsbət imicinin formalaşması Azərbaycanda turizmin inkişafını şərtləndirən amillərdir.
Müşavirədə qarşıdan gələn dövrdə əsas hədəflərə toxunan prezident bildirib ki, sənaye istehsalı və kənd təsərrüfatının inkişafı prioritet istiqamətlər olaraq qalır: "Bu sahədə dövlətin başladığı işlər daha da sürətlənməlidir. Ölkədə makroiqtisadi sabitlik təmin olunmalı, məhsulların süni qiymət artımına imkan verilməməlidir. Sosial sahə üzrə dövlət büdcəsinin icrası və büdcə xərcləri tam yerinə yetirilməlidir. İnvestisiya proqramları, o cümlədən, infrastruktur layihələri (yol, su, qaz, kanalizasiya və s.) 100 faiz icra olunmalıdır. Azərbaycanın 270 kəndinə modul tipli içməli su qurğularının quraşdırılması işi sürətləndirilməli, həmin yaşayış məntəqələrinin əhalisi bu işin tezliklə yekunlaşmasına ictimai nəzarəti artırmalıdır".
Sahibkarlığın inkişafına dövlət qayğısı və diqqətinin davam etdirilməli olduğunu deyən ölkə başçısı vurğulayıb ki, bu diqqət daha da artırılmalıdır.
Müşavirədə kənd təsərrüfatı sahəsinə də toxunan prezident bildirib ki, cari ildə 150 min hektar yeni torpaq sahəsinin suvarılması ilə bağlı başlanmış iş yekunlaşmalıdır: "Bu, kənd təsərrüfatı məhsullarının istehsalına ciddi təsir göstərməlidir. Kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılmış Pilot Suvarma zavodu, Pestisid zavodu və gələn il inşa ediləcək Azot gübrələri zavodunun tikintisi sürətləndirilməlidir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalına öz töhfəsini göstərməlidir. Kənd təsərrüfatı sahəsində böyük aqrar zonaların və iri fermer təsərrüfatlarının yaradılması işi davam etdirilməli, bu sahəyə nəzarət gücləndirilməlidir".
Prezidentin müşavirədəki çıxışıyla bağlı "525"ə fikirlərini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, 2017-ci ilin birinci rübünün yekunlarını qiymətləndirən zaman nəzərə almaq lazımdır ki, bu dövr ərzində iqtisadiyyatın stabil və eyni zamanda, demək olar ki, bütün makroiqtisadi göstəriciləri üzrə artımın qeydə alınması 2015-2016-cı illərdə həyata keçirilən tədbirlərin nəticəsidir: "Azərbaycan əksər neft ölkələrindən fərqli olaraq, post-neft dövrünə daha tez qədəm qoyub. Ölkəmiz 2015-ci ildən başlayaraq öz iqtisadi siyasətini və hədəflərini post-neft dövrünün çağırışlarına uyğun olaraq həyata keçirir. Məlum olduğu kimi, 2014-cü ilin sonunda Azərbaycan prezidenti ölkəmizdə post-neft dövrünün başladığını bəyan edib. Bununla bərabər neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində formalaşan gəlirlərə uyğun olaraq həm xərcləmə, həm ölkə iqtisadiyyatının neftin dünya bazarındakı yeni qiymətlərinə transformasiyası həyata keçirilib. Bu mənada, 2016-cı ili iqtisadi azalma ilə başa vursaq da, 2017-ci ilin birinci rübündə artıq iqtisadi artımı bərpa etmək mümkün olub. Eyni zamanda, hökumət tərəfindən qısamüddətli, orta və uzunmüddətli hədəflər ortaya qoyulub. Qısamüddətli hədəflər kimi, idxaldan asılılığın azaldılması əsas götürülüb. Bundan başqa, xərclərin mövcud gəlirlərə uyğunlaşdırılması qısamüddətli hədəflər sırasında prioritetlərdən biri olub".
V.Bayramov bildirib ki, nəticədə 2017-ci ilin birinci rübündə idxalın 17 faiz azalması qeydə alınıb: "İdxalın azaldılması xarici valyutanın ölkədə saxlanılması və istehlakın daha çox yerli məhsullar hesabına ödənilməsi baxımından olduqca vacib idi. Cari ilin ilk rübündə ixracatın ümumilikdə 50 faiz, qeyri-neft sektorunda isə 10 faiz artması ölkə gəlirlərin də artmasına gətirib çıxarır".
İqtisadçı alim qeyd edib ki, çox əhəmiyyətli məqamlardan biri də qeyri-neft ixracatında 2,4 faiz, qeyri-neft sənayesində 2 faizdən artıq artımın qeydə alınmasıdır: "Bu, iqtisadi diversifikasiya və neftdən asılılığın aradan qaldırılması baxımından vacibdir. Çünki qeyri-neft sektoru praktiki olaraq iqtisadiyyatın lokomotivinə çevrilir. Azərbaycan üçün əsas hədəf mərhələli şəkildə neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın qeyri-neft sektoru üzərində formalaşmasının təmin olunmasıdır".
V. Bayramov hesab edir ki, qeyri-neft sektorunun dəstəklənməsi ilə bağlı 2015-2016-cı illərdə həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətə malik idi: "Xüsusən də bu tədbirlər içərsində yerli istehsalın dəstəklənməsi üçün sahibkarlara 2 yüz min manatdan 5 milyon manatadək dəyərində investitisiya təşviqi sənədinin təklif edilməsi mühüm səciyyə daşıyır. Bu, nəticə etibarilə imkan verib ki, sahibkarlar vergi güzəştlərindən istifadə edə bilsin. Söhbət gəlir və mənfəət vergisində 50 faiz güzəşt, eyni zamanda, ölkəyə idxal edilən avadanlıqların tamamən vergidən azad edilməsindən gedir. Buraya torpaq və əmlak vergilərində tətbiq olunan güzəştləri də əlavə etmək olar. Bu da sahibkarlar üçün dolayı subsidiya və xərclərə qənaət edilməsi baxımından vacib idi. Təbii ki, yerli istehsalın stimullaşdırılmasına imkan yaradır".
Mərkəz sədrinin sözlərinə görə, digər əhəmiyyətli məqamlardan biri ixracın subsidiyalaşmasıdır: "Azərbaycanda artıq 2016-cı ildən başlayaraq, ixracatda subsidiyalar tətbiq edilməyə başlanılıb. Sahibkarlar ixrac etdiyi məhsulların növündən asılı olaraq, 3-5 faiz subsidiya əldə etmək imkanı qazanıb. Bu da ixracın stimullaşdırılması, eləcə də qeyri-neft ixracatının təşviq edilməsi baxımından olduqca vacibdir. Nəticə etibarilə bu özünü 2017-ci ilin birinci rübündə əldə oluna iqtisadi artımlarda göstərib".
Dövlət tərəfindən aqrar sektorunun dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərə toxunan V.Bayramov deyib ki, 2015-ci ildən etibarən Azərbaycanda kənd təsərrüfatı sektorunun prioritet istiqamətləri müəyyənləşib: "Prioritet istiqamətlər bir tərəfdən xammala tələbin ödənilməsi, digər tərəfdən məşğulluğun təmin edilməsi, sahibkarlığın genişlənməsi baxımından vacibdir. Təkcə pambıqçılıq sektorunda aparılan islahatlar və bu sahənin prioritet elan edilməsi əlavə olaraq 2 yüz minə yaxın yeni iş yerinin yaradılmasına şərait yaradıb. Nəticədə bu yalnız sahibkarların deyil, eyni zamanda regionlarda yaşayan vətəndaşlarımızın da məşğulluğunun təmin edilməsi baxımından kifayət qədər vacib bir məsələyə çevrilib. Bu mənada, 2017-ci ilin birinci rübünün yekunlarında iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi və növbəti illər üçün bu dayanıqlılığın saxlanılması əsas hədəflərdən biridir. Məlum olduğu kimi, ölkə prezidenti İlham Əliyev 2017-ci ili iqtisadiyyatda stabilliyin bərpa edilməsi, 2018-ci ili isə sürətli iqtisadi artımın təmin edilməsi dövrü kimi xarakterizə edib. Bu kontekstdə cari ilin birinci rübü növbəti dövrlərdə stabilliyin bərpa edilməsi və qorunması baxımından nikbinlik yaradır. Neftin bazar qiymətinin mövcud səviyyəsi də 2017-ci ildə stabilliyin bərpa edilməsi və qorunub saxlanılmasına imkan verir. Bu mənada, birinci rüb məhz stabilliyin qiymətləndirilməsi baxımından vacib idi. İlk rübün yekunlarında iqtisadi stabilliyin bərpa edilməsi il ərzində stabil iqtisadiyyatın formalaşması üçün ciddi zəmin yaradır".
Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki, Azərbaycanın beynəlxalq əlaqələri getdikcə daha da güclənir. O, "Milli.az"a bildirib ki, bir neçə il əvvəllə müqayisədə ölkəmiz artıq həm bölgədə, həm də dünyada kifayət qədər böyük nüfuza və rola malikdir: "Respublikamız nəinki region, bütün dünya üçün böyük əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır və bu istiqamətdə Avropanın enerji diversifikasiyası məhz Azərbaycanın uğurlu layihələri ilə bilavasitə bağlıdır. Bundan başqa, Azərbaycan Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizi sistemi yaradır. Bu dəhliz Asiya ilə Avropanın ticari mübadiləsini daha da fəallaşdıracaq və nəticədə həm Orta Asiya ölkələrinin dünya bazarlarına çıxışını təmin edəcək, həm də Avropadan Asiyaya yüklərin nəql edilməsi işi asanlaşdıracaq".
Deputat hesab edir ki, Azərbaycan artıq dünyaya nümunəvi modellər təqdim edir: "Azərbaycanın nümunəvi rolu bütün dünyada qəbul edilir. Söhbət ölkəmizdə fərqli dinlərin, millətlərin, bir-birilə əməkdaşlıq və qarşılıqlı hörmət sistemi tolerantlıqdan fərqli əsasda formalaşan təcrübədir. Dünyada çox təhlükəli proseslər getdiyinə görə, Azərbaycanın belə bir müsbət təcrübəsi dünya tərəfindən də qəbul edilir. Həmçinin, Bakıda müxtəlif beynəlxalq forumların, eləcə də ABŞ və Rusiya Silahlı Qüvvələrinin rəhbərlərinin dialoqunun keçirilməsi göstərir ki, Azərbaycan bölgədə bir sülh platformasına çevrilir. Azərbaycan öz təcrübəsini bölüşərək dünyada məhz belə bir sistemin formalaşmasına çağırır. Əvəzində Azərbaycan dünyadan yalnız bir şey gözləyir. Bölgədə sülh yaratmaq məqsədilə Dağlıq Qarabağ probleminin həllində beynəlxalq hüquq normalarını həyata keçirmək üçün Azərbaycana dəstək lazımdır. Təsadüfi deyil ki, Azərbaycanın xarici siyasəti də qarşılıqlı hörmət əsasında formalaşıb".
Ceyhun ABASOV