|
|
|
|
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib.
Regionda həyata keçirilən bir sıra sosial-iqtisadi layihələrlə yaxından tanış olan ölkə başçısı yerli və mərkəzi icra oqranlarının rəhbər şəxsləri, iş adamlarının iştirakı ilə keçirdiyi müşavirədə çıxış edərək son dövrlər ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlara, görülən işlərə toxunub, cənub zonası üçün ənənəvi kənd təsərrüfatı sahələri hesab olunan çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələləri ilə bağlı fikirlərini bildirib.
Ölkə başçısı qeyd edib ki, Azərbaycanda çayçılığın çox böyük ənənələri var: "Lənkəranda birinci çay fabriki 1930-cu illərdə yaradılıb. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilib və çayın istehsalı 26 min tona çatıb. Müəyyən səbəblər üzündən fermerlər, kəndlilər tərəfindən çayçılığa maraq azaldı, dövlət də öz dəstəyini göstərə bilmədi. Ona görə biz demək olar ki, çayçılığı itirmək ərəfəsində idik. Son illər ərzində bu sahəyə göstərilən xüsusi diqqət hesabına biz çayçılığı bərpa edirik və edəcəyik. Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır. Dövlət öz dəstəyini göstərməlidir, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Bu sahələr müəyyən edilməlidir. Çünki cənub zonasında boş qalan o qədər də böyük torpaq sahələrimiz yoxdur. Ona görə biz istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyalar salmalıyıq. Eyni zamanda, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda, onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Bu, eyni zamanda, sitrus meyvələrinin istehsalına da aiddir. Biz sitrusçuluğu da dağətəyi ərazilərdə, o cümlədən, bu ərazilərdə inkişaf etdirməliyik. Müvafiq dövlət qurumları burada yeni çay plantasiyalarının salınması ilə bağlı təkliflərini tezliklə verməlidirlər. Əlbəttə, bu plantasiyaların su təminatı da təşkil edilməlidir. Davamlı su təminatı olmalıdır. Dünyanın ən qabaqcıl texnologiyaları tətbiq edilməlidir. Çayçılıq təsərrüfatında olarkən mənə məruzə edildi ki, biz ən qabaqcıl texnologiyaları tətbiq etsək, məhsuldarlığı bir neçə dəfə artıra bilərik.
Bu, onu deməyə əsas verir ki, biz hətta məhdud olan torpaq sahələrində keyfiyyətli və böyük həcmdə çay istehsalına nail ola bilərik".
Prezident vurğulayıb ki, çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir: "Ötən əsrin 80-ci illərindən fərqli olaraq, bu gün bu sahə üzrə kənd təsərrüfatı elmi inkişaf edib. Qeyd etməliyəm ki, dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Astara rayonuna keçən səfərimdə "Astaraçay" müəssisəsində olmuşam. Bu dəfə də həmin müəssisənin plantasiyalarında olarkən məruzə edildi ki, onlar məhz bu yanaşmanı tətbiq edirlər, ən müasir texnologiyalar tətbiq olunur.
İri çayçılıq və tingçilik təsərrüfatı yaradılmalıdır. Əlbəttə ki, xüsusi texnika gətirilməlidir. İndi bu texnika var, gətirilir. Kənd Təsərrüfatı Nazirliyi növbəti illərdə xüsusilə çayçılıq, çəltikçilik, sitrusçuluq üçün xüsusi texnikanın alınmasını təmin etməlidir. 10 min texnika gətirilib. Bu texnika daha çox pambıqçılığın inkişafına xidmət göstərəcək. Biz bunun hesabına pambığın əkin sahələrini təxminən 10 dəfə artırmışıq. Bu sahələr üçün də xüsusi texnika gətirilməlidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməlidir ki, bu işlər daha da sürətlə aparılsın".
Çəltikçiliyin inkişafına gəldikdə prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir: "Lənkəranda çəltikçilik təsərrüfatının işi ilə tanış olmuşam. Eyni zamanda, emal müəssisəsi də yaradılıb. Çıxışlarda səslənən təkliflərdən biri də ondan ibarətdir ki, dövlət dəstəyi hesabına yeni emal müəssisələri yaradılsın. Mən bunu dəstəkləyirəm. Bu emal müəssisələrində əlbəttə ki, həm çeşidləmə, həm keyfiyyət və həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilməlidir. Paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bu sahəyə də diqqət göstərilməlidir. Çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik. Cəlilabad rayonunda bir paketləmə müəssisəsinin açılışında da olmuşam. Orada mərci, noxud paketlənir və satışa çıxarılır. Bu da çox gözəl və gəlirli bir sahədir. Əfsuslar olsun ki, biz bu gün də özümüzü bu məhsullarla təmin edə bilmirik və idxaldan asılıyıq. Ona görə, bu sahələrə də çox ciddi dəstək verilməlidir. Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır".
Sitrus meyvələrinin istehsalından danışan prezident qeyd edib ki, bu sahəyə də çox böyük diqqət göstərilir: "Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Qeyd etməliyəm ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır. Əlbəttə ki, su təminatı olmalıdır. Məndə bəzi rəqəmlər var, hesab edirəm ki, fermerlər üçün maraqlı olar. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilmişdir. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin".
Ölkə başçısı məlumat üçün bildirib ki, 2016-cı ildə ölkəmizə 17 milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edilib: "Ondan 9 min tonu limon, 4600 tonu naringi, 12 min tonu portağal, 2 min tonu kivi olub. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, sahibkarlar bunu eşitsinlər. Məhz ilkin mərhələdə Azərbaycanda bu qədər sitrus meyvələri yetişdirilməlidir ki, biz idxaldan asılılığı aradan götürək. İdxaldan asılılığı aradan götürmək üçün Azərbaycanda əlavə 27 min ton sitrus meyvələri istehsal olunmalıdır. Məndə olan məlumata görə, bizdə 2010-cu ildə 19 min ton, 2016-cı ildə isə 46 min ton sitrus meyvələri tədarük edilib. Artım çox böyükdür - 6 il ərzində iki dəfədən çox. Bu, yaxşı dinamikadır, ancaq hələ ki, bizi tam qane edə bilməz".
Prezident vurğulayıb ki, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək, görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur: "Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək, bu məbləğə qənaət etmiş olarıq. Bu, birinci vəzifədir, birinci mərhələdir. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq. Verilən tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz bu məqsədə çatacağıq. Bununla paralel olaraq, biz bu məhsullar üçün ixrac bazarlarını da axtarmalıyıq.
Çayçılığa gəldikdə, artıq bu bazarlar var. Sadəcə Azərbaycanda idxal olunan xammal əsasında daha çox çay istehsal edilir. O ki qaldı, sitrus meyvələrinin, düyünün istehsalına, əlbəttə ki, biz paralel olaraq ixrac bazarlarına çıxmalıyıq.
Bütün bu işləri görmək üçün müvafiq dövlət orqanları birgə işləməlidir - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti, yerli icra orqanları. İşlərin ümumi rəhbərliyini Prezident Administrasiyası icra edəcək".
Dövlət rəhbəri əlavə edib ki, Azərbaycan üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır: "Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq. Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var.
Mən əminəm ki, bu gün verilən bütün tapşırıqlar qısa müddət ərzində icra ediləcək. Qeyd etməliyəm ki, müşavirədə səslənən təkliflər bir daha təhlil olunmalıdır. Mənə konkret təkliflər verilməlidir ki, tezliklə bütün tapşırıqlar yerinə yetirilsin və bu sahələr sürətlə inkişaf etsin".
Prezidentin sədrliyi ilə Lənkaranda keçirilən respublika müşavirəsində müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, son illər ərzində prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qeyri-neft sektorunun, xüsusən də, aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunub. O, SİA-ya bildirib ki, prezident İlham Əliyevin tez-tez bölgələrə səfər etməsi, pambıq, tütün, fındıq, barama, çay, çəltik və sitrus meyvələri istehsalına dair respublika müşavirələrinin keçirilməsi, həmin sahələrin inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu aqrar sahədə böyük dəyişikliklərə səbəb olur, qeyri-neft sektorunun inkişafına güclü təkan verir: "Bütün görülən işlərin təhlili ortaya belə bir reallığı çıxarır ki, bu dövr Azərbaycanın müasir tarixinə dönüş illəri kimi həkk olunacaq. Çünki aqrar sahədə aparılan islahatlar və bu sahəyə dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına gətirib çıxarıb".
Deputat qeyd edib ki, ölkədə sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində yeni zavod və fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri fəaliyyət göstərir: "Böyük sənaye müəssisələrinin tikintisi üçün də investisiyalar ayrılır. Hər ötən gün ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, sənaye müəssisələri yaradılır və "Made in Azerbaijan" brendi ilə dünya bazarlarına keyfiyyətli məhsullar çıxarılır".
S.Vəliyeva əlavə edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatların reallaşdırılması sayəsində Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənəcək.
Ceyhun ABASOV