
Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni adalar yaradılacaq. Süni adada işlər Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək. Artıq "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılma formaları müəyyən olunub. Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər. Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.
Dənizdə süni torpaq sahələrinin yaradılması beynəlxalq təcrübədə indiyədək istifadə edilib və uğurla icra olunub. Süni torpaq sahələrinin yaradılmasında məqsəd dövlətlərin istifadə maraqlarına görə dəyişir. Bu sahələrdən əsasən nəqliyyat, turizm, enerji, hərbi məqsədlər üçün istifadə olunur.
Dünyanın əksər ticarət yolları Cənubi Çin dənizində yerləşir. Dünya ticarət gəmilərinin dörddə biri bu bölgədən keçir. Bu dənizdə neft və təbii qaz ehtiyatları var, balıq ovu da aparılır. Bu bölgə Çin və Yaponiya arasında neft idxalı marşrutu üçün də vacibdir. Son 5 ildə isə Çin Xalq Respublikası bu bölgədə süni adalar salaraq hərbi gücünü artırır.
Dubayın ən məşhur süni adası "Palm Jumeirah" dünyanın yaradıcılıq və gözəllik simvolu kimi təsvir edilir. "Palm Jumeirah"dakı lüks binalarda və şəxsi yaşayış yerlərində təxminən 78 min insan yaşayır.
San-Fransisko Körfəzində yerləşən "Treasure Island" 1939-1940-cı illərdə San Fransisko Beynəlxalq Sərgisi üçün süni şəkildə inşa edilib. O vaxtdan bəri bu süni ada hərbi məqsədlər üçün istifadə olunsa da, sonradan ticarət və yaşayış məqsədləri üçün yenidən işlənib. Bu gün "Treasure Island" restoranlar, otellər və istirahət zonalarına ev sahibliyi edir.
Bundan əlavə, ABŞ, Yaponiya, Niderland, Almaniya, Filippində də süni torpaq sahələri mövcuddur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rəşad İsmayılov deyib ki, layihəyə dövlətin deyil, investorların cəlb edilməsi nəzərdə tutulur. Ancaq infrastrukturdan danışmaq hələ tezdir. Eyni zamanda, tikintinin həm hüquqi, həm də fiziki şəxslərin istifadəsinə veriləcəyi ehtimal edilir: "İlk dəfə olaraq belə adaların hələ 2011-ci ildə Qaradağ rayonunda neft bumu və iqtisadi canlanma dövründə yaradılması qərara alınmışdı. Layihə "Khazar Island" adlanırdı və sonra bütöv bir şəhər tikilməli idi. Onun dayandırılmasının səbəbləri müxtəlif olub - ərizənin gec verilməsindən və kredit vəsaitlərinin sahibi tərəfindən mənimsənilməsindən tutmuş, rentabelsizliyə qədər. İndi yarımçıq qalan layihə dövlətin balansındadır. Ancaq ilk uğursuzluğa baxmayaraq, bizdə məsələni ortada buraxmamağa qərar verilib. Yeri gəlmişkən, hazırda Nardaran kəndində "Sea Breeze Resort" sağlamlıq kompleksinin ərazisində süni adanın yaradılması istiqamətində işlər aparılır və burada gəmi formalı mehmanxana tikilir".
Dənizdə süni ərazilərin yaradılması ilə bağlı ideya cəmiyyətdə necə qarşılanır?
Bəziləri bunu uğurlu, iddialı və vaxtında hesab etsə də, digərlərinin fikrincə, bu, çoxlu ekoloji, iqtisadi və sosial problemlər yaradır. Birincisi, qorxular var ki, bu halda əksər vətəndaşlar yalnız uzaqdan dənizə heyran qalacaqlar və sahil zolağına çıxışı itirəcəklər. Zatən, indi də sahildə aparılan irimiqyaslı tikintiyə görə dənizə asanlıqla çıxa biləcəyiniz yer tapmaq asan deyil. Təbii ki, qanunda yəqin ki, lazımi norma və qaydalara əməl olunması nəzərə alınmaqla hər şey açıqlanacaq, amma tam icra olunacaqmı?
Ekoloji tərəfə gəlincə, bildirilir ki, artıq böyük miqdarda təmizlənməmiş tullantı suları Xəzər dənizinə axıdılır. Dənizdə aparılan irimiqyaslı tikinti onun onsuz da acınacaqlı durumda olan ekologiyasına növbəti zərbə olacaqmı?
Narahatlığa daha bir səbəb. Xəzər, bildiyimiz kimi, qeyri-sabitliyi ilə seçilən dənizdir. İndi dünyanın ən böyük gölü əhəmiyyətli dayazlaşma mərhələsindədir, lakin bu, artıq dəfələrlə baş verib və suyun səviyyəsi yenidən yüksəlməyə başlayıb. Belə dövrlər orta hesabla 250 ildən birdir. Bugünkü səviyyə öz tarixində ən aşağı səviyyə deyil. Bəziləri artımın 2030-cu ilə, bəziləri isə 2050-ci ilə qədər başlayacağını proqnozlaşdırır. Bəs əhəmiyyətli artım halında bu adaların taleyi necə olacaq?
Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, belə adaların salınması kommersiya layihəsidir və orada istirahət üçün şərait yaradılır. Əsas məqsədi turizmdən qazanc əldə etməkdir. Naviqasiyaya təsirinə gəlincə, bu, gəmilərin marşrutu əsasında tikinti zamanı, şübhəsiz ki, nəzərə alınacaq: "Bir çox ölkələrdə, xüsusən də Aralıq dənizi ölkələrində, eləcə də Qara dənizdə süni adalar var. Dubaydakı süni adalar çox məşhurdur. Amma tikinti zamanı nəzərə almaq lazımdır ki, bir çox dənizlərdə süni adalar olsa da, orada suyun səviyyəsi kəskin şəkildə dəyişmir. Xəzərdə, məlum olduğu kimi, səviyyə qalxır və enir. İndi ciddi azalma var, amma ola bilər ki, müəyyən müddətdən sonra yenidən qalxmağa başlayacaq. Bu məqam da diqqətdə saxlanılmalıdır".
Bu cür tikintinin dünyanın ən böyük gölünün ekologiyasına mənfi təsir göstərib-etməyəcəyi sualına cavab verən ekspert qeyd edib ki, bu, hər şeyin necə təşkil olunmasından asılıdır: "Əgər iş bütün ekoloji standartlara cavab verirsə, o zaman narahatlığa əsas yoxdur".
İqtisadi fakta gəlincə, ekspertlərin fikrincə, bu layihənin gəlirliliyini qiymətləndirmək üçün onun texniki-iqtisadi əsaslandırması ilə tanış olmaq lazımdır. Lakin onların fikrincə, ona quruda digər ərazilərdə daha faydalı istifadə edilə bilən böyük həcmdə yaşıl elektrik enerjisi istehsal etmək üçün xərclənə biləcək qədər böyük məbləğdə pul xərclənməli olacaq.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu qərar ilk növbədə Xəzər dənizinin güclü dayazlaşması ilə bağlıdır və bu səbəbdən Bakı limanı üçün yeni şəraitin yaradılmasına ehtiyac var: "Mövcud reallıqlarda limanımız, nəhayət, böyük quru yük gəmilərini qəbul edə bilməyəcək və onu Xəzər dənizinə daha da dərinləşdirmək üçün bəndlər çəkilməli olacaq. Digər səbəb Azərbaycanda turizmin inkişafıdır. Əgər turizm infrastrukturu dövlətin cəlb edə biləcəyi özəl investisiyalar hesabına qurulursa, bu, müsbət haldır. Bu, ölkəmizin turizm potensialının əhəmiyyətli dərəcədə artmasına, yeni iş yerlərinin açılmasına töhfə verə bilər. Söhbət dövlət investisiyalarından gedirsə, o zaman hər şeyi diqqətlə düşünmək lazımdır, xüsusən də bundan dövlətin hansı dividendlər alacağı barədə".
İqtisadçı ekspert Eyyub Kərimli hesab edir ki, Xəzərdə süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün yeni imkanlar açacaq. Bu adalar gələcəkdə, həm daşınmaz əmlaka xarici investisiya qoyuluşunu, həm turizmin inkişafına öz müsbət təsirini göstərəcək. Sahibkarların sözügedən torpaq sahələrinin üzərində fəaliyyət göstərməyə təşviq etmək üçün güzəştlərin tətbiqi isə sahibkarlıq sahələrinin inkişafına təkan verəcək. O qeyd edib ki, dənizdə süni torpaq sahələrinin yaradılmasından əsasən beynəlxalq təcrübədə geniş istifadə olunur. Bəzi ölkələr bundan enerji, nəqliyyat, turizm və s. məqsədlər üçün istifadə edirlər: "Yaradılacaq adalarda infrastruktur qurulandan sonra sahibkarların çoxu orda fəaliyyət göstərməyə can atacaqlar. Ona görə də orda fəaliyyət göstərəcək sahibkarlara münbit rəqabət şəraiti yaradılmalıdır. Sahibkarlara şəffaf fəaliyyət göstərməyə imkan verilməklə onları bu əraziyə cəlb etmək olar,
Millət vəkili Fazil Mustafa hesab edir ki, Xəzər dənizində süni adaların yaradılması iqtisadi və turizm baxımından vacibdir: "Hesab edirəm ki, yaradılacaq adaları dövlət mülkiyyətində saxlamağın bir mənası yoxdur. Bu, imkan yaradacaq ki, dövlət investisiyalar qoysun. Bu, büdcədən xərclənən vəsait deməkdir. Bu da dövlətin indiki vəziyyətində daha çox Qarabağın bərpasına yönəlməlidir. Daha yaxşı olar ki, süni adalar özəlləşdirilsin. Burada məsələ özəl investisiyaya yönəldilsin. Dövlət sadəcə çərçivəni müəyyənləşdirsin ki, hansı istiqamətdə investisiyalar xərclənə bilər. Onda sahibkar biləcək ki, marağına uyğundursa, bu istiqamətdə adaları özəlləşdirib, vəsait qoya bilər. Yəni strategiyanı dövlət müəyyənləşdirir, amma qalan məsələləri bilavasitə özləri həll edirlər. Mən özəlləşdirmə prinsipinin tərəfdarıyam".
Sevinc QARAYEVA



