Sınmışam
Talanları anlamadıq qəsd kimi,
Yad ehyamın qəbul etdik tost kimi,
Düşmənimi vəsf elədi dost kimi -
İlham məni aldadanda sınmışam.
Xainləri əzizləyib kirvə tək,
Göyçəmizi bağışladıq töhfə tək.
Nankorlara könlün açdı süfrə tək
Atam məni aldadanda sınmışam!
Vəsf etdikcə yel qanadlı atları,
Gizli qaldı çox sirlərin qatları.
Yazıq sanıb daldaladı qəddarı
Anam məni aldadanda sınmışam!
İfrat dözüm dərd gətirdi nəhayət,
Meydan verdi qudurğana bəraət.
Məhəbbəti diz çökdürdü xəyanət,
İnam məni aldadanda sınmışam!
Mən qan töküb məğrur-məğrur gəzmədim,
Yad bağından bir yarpaq da üzmədim,
Haqdan keçib yıxdığımı kəsmədim,
Xudam məni aldadanda sınmışam!
Alxanlıdan
(Moskvada yaşayan qardaşım Vilayətə)
Qardaş, bu yerlərə bir səfər eylə,
Əsir dağlarına bax Alxanlıdan!
Qara günlərini al səhər eylə,
Nur ol Ərgünəşə yağ Alxanlıdan!
Qəm kölgə salmasın gözünə yaşdan,
Kəkliyin, qartalın uçub o daşdan.
Boylan, Füzuliyə səhər obaşdan -
Ayna tək görünür dağ Alxanlıdan.
İz getmir o səngər gordan o yana,
Yağılar qurduğu tordan o yana.
Qəlbin atlansa da burdan o yana,
Kiçik bir cığır da yox Alxanlıdan.
Qeyb olub gördüyün meynəli kəndlər,
Keçir Axundludan tikanlı sədlər!
Coşan qəzəbini mərmiyə döndər,
Düşmənin başına çax Alxanlıdan!
Ötən turacların dilindən öp, sən,
Solğun yamacların telindən öp, sən
Yanıq divarların külündən öp, sən!
Qovrula-qovrula çıx Alxanlıdan!
Bulaqlar ağlardı analar kimi,
Yarpaqlar sapsarı xınalar kimi.
Düşüb pərən-pərən sonalar kimi!
Gördüyün bəhərli bağ Alxanlıdan!
Bu məcnun çölləri görmək istəsən,
Yovşan hörüklərin hörmək istəsən
Odlu səngərlərə girmək istəsən,
Bir az Haramıya qalx Alxanlıdan.
Kərəm, nəyə gərək bu kövrək ağı!
Ya qalx azad elə ana torpağı -
Ya da ol bir cansız çinar yarpağı
Düşüb Köndələnə, ax Alxanlıdan!
Olmuşam
Yurd-yuvasız bir xəciləm indi mən,
Çal-çağırlı çağlarımdan olmuşam.
Çiçəkləri mərmilərlə döyülən,
Bostanımdan, tağlarımdan olmuşam.
Qönçələri min bir ətir qoxuyan,
Çiçəkləri əlvan xalı toxuyan.
Bülbülləri qürbətlərdə oxuyan
Bar-bəhərli bağlarımdan olmuşam!
Hər yaxını, qan çəkəri ağlayan,
Qoç Nəbisi, ər Həcəri ağlayan,
Qubadlısı, Kəlbəcəri ağlayan
Allı-güllü dağlarımdan olmuşam!
Vüsal anı həftələnən, aylanan,
Göz yaşları selə dönən, çaylanan,
Qeyrət umub yollarıma boylanan
Neçə əsir ağlarımdan olmuşam.
Göyərdi
Savalanın qara daşı göyərdi.
M.Araz
Dünya mənlə höc olubdur höc, Allah!
Hara getsin bu zavallı köç, Allah?
Bağlı yolum açılmadı heç, Allah!
Göz yaşlarım gözlərimdə göyərdi.
Getdi daha o bəxtəvər zamanım,
Ağı deyir indi tarım, kamanım!
Dağlarımda çiliklənən gümanım,
Çadır-çadır düzlərimdə göyərdi!
Bircə əsim yel olmadın nə yaxşı,
Boş vədlərə gül olmadın nə yaxşı,
Kərəm, sönüb kül olmadın nə yaxşı,
Vətən dərdi sözlərində göyərdi!
Sarıtel
Dünya susub dözmədədi,
Şər haqqımı üzmədədi.
Zalım düşmən düzmədədi,
Yollarıma daş, sarıtel!
Göyçəyisən sən elimin,
Şəkərisən öz dilimin.
Yetmiş iki gözəlimin
Ən gözəli "Baş sarıtel".
Aş keçilməz bu hədləri,
Namərd çəkən sərhədləri.
Uçur, dağıt bu sədləri
Hayqır, çağla, daş, sarıtel!
Yağılardan bac alaydım,
Dağlarım tək ucalaydım.
Səni, Göyçədə çalaydım
Zəfər günü kaş, sarıtel!
Hər dərdimlə tənsən elə,
Yaralı vətənsən elə.
Nə yaxşı ki, sənsən elə
Kərəmə sirdaş, sarıtel.
Kərəm SALAHOĞLU