Sumqayıt şəhər Mərkəzi Kitabxanasında görkəmli ədib Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunan müzakirə təşkil edilib. “1 yazıçı - 1 kitab” layihəsi çərçivəsində keçirilən tədbirdə ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Daha sonra C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi əsasında çəkilmiş qısametrajlı film nümayiş etdirilib. Ardınca ədibin əsərlərindən ibarət sərgi haqqında geniş məlumat verilib, şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin ifasında “Saqqallı uşaq” hekayəsi əsasında səhnəcik göstərilib. Həmçinin, yazıçının “Poçt qutusu”, “Buz”, “Saqqallı uşaq”, “Qurbanəli bəy” hekayələrilə bağlı müzakirə aparılıb, oxucuların fikirləri öyrənilib.
S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin əməkdaşları 15 saylı məktəbin 6a sinfində, Azərbaycan romantizminin banilərindən olan Hüseyn Cavidin 135 illiyi ilə əlaqədar “Yerə enməm də, səma şairiyəm” adlı ədəbiyyat saatı keçirib. Tədbirdə ədibin yaradıcılığı haqqında geniş məlumat verilib, şagirdlərin ifasında şeirləri dinlənilib, əsərlərindən parçalar oxunub.
M.Ə.Sabir adına kitabxana filialında Xalq şairi Xəlil Rza Ulutürkün 85 illiyinə həsr edilmiş “Alovlu vətənpərvər” adlı şeir müsabiqəsi təşkil olunub. Müsabiqədə 35 və 39 saylı məktəblərin şagirdlərinin ifasında şairin “Ömrüm”, “Azərbaycan həsrəti”, “Oğlum Təbrizə”, “Yenə dönəcəyəm Azərbaycana”, “Ana dilim”, “Mənim şeirim”, “Gerbimiz qəlbimiz” və digər şeirləri səslənib. Müsabiqədə Sumqayıt yazarları Asif Asiman, Elbrus Qayalı və Rəhilə Veysəllidən ibarət münsiflər heyətinin qərarına əsasən, I yerə Aysu Ağayeva və İbrahim Əliyev, II yerə Ayşən Orucova, Nuray Babazadə və Mələk Cəbrayılova, III yerə Fatimə Əkbərova, Sevil Əsgərova, Zəhra Əliyeva, həvəsləndirici mükafata Nigar Quluzadə və İlahə Nəbiyeva layiq görülüblər. Sonda müsabiqə qaliblərinə kitab hədiyyə olunub.
Daha bir müsabiqə şəhərin Mərkəzi Uşaq Kitabxanasında gerçəkləşib. Kitabxanada Təbiət elmləri təmayüllü gimnaziyanın, 11, 12, 17 saylı ümumtəhsil məktəblərinin şagirdləri arasında “Kitab mənim sevimli dostumdur...” adlı inşa müsabiqəsi keçirilib. Orta ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət münsiflər heyətinin qərarına əsasən, 17 nəfər iştirakçının qatıldığı müsabiqədə 12 saylı məktəbin şagirdi Zeynəb Əsgərzadə I, Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Ləman Məmmədova II, 17 saylı məktəbin şagirdi Rəna Fərəcullayeva III yerə layiq görülüblər. Qaliblər Fəxri Fərman və hədiyyələrlə təltif ediliblər.
Xədicə RƏHMAN