|
|
|
|
"Bugünlərdə iki xoş xəbər aldım. Birini Almaniyadan, yazar dostum Orxan Arasdan, o birini Türkiyədən, "Anatoli" yayın evinin müdiri, dostum Şərəf Yılmazdan. Orhan bəy Almaniyada alman dilində uşaqlar üçün "Vindorvok" nəşriyyatında "Hekayələr və nağıllar" kitabımın nəşr oldunduğunu bildirdi. Bu, mənim Almaniyada alman dilində çap olunan üçüncü kitabımdı. Hər üçü eyni nəşriyyat tərəfindən yayımlanıb. Birinci kitab "Bələdçi" romanım, ikinci kitab "Alın yazısı" romanımdı. Bir qədər sonra Orxan bəy son kitabımın Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş olunduğunu xəbər verdi".
Bu sözləri qəzetimizə açıqlamasında yazıçı Eyvaz Zeynalov deyib.
O bildirib ki, Türkiyədə, İstanbulda işıq üzü görən son kitabı hekayələrdən ibarətdir:
"Kitab "Komşunun misafiri" ("Qonşunun qonağı") adlanır. Bu, Türkiyə türkcəsində yayımlanan dördüncü kitabımdır. İlk kitabım, "Kara(b)ağlayan hikayeler" 2011-ci ildə Ankarada işıq üzü görüb. İkinci kitabım "Eski bsikilet" ("Köhnə velosiped") İstanbulda "Ferfir" nəşriyyatında çap olunub. Üçüncü isə "İntikam" adlanan romanımdır. İlk kitabımı Türkiyə türkcəsinə İmdat Avşarla Ömər Küçükmehmetoğlu çevirib. Sonrakı kitablarımın hamısını dostum Ömər bəy tərcümə edib. Bu il, eyni zamanda, İstanbulda, "Ferfir" yayın evində çıxan "Temrin" dərgisinin bir özəl sayı üz qabığında iri rəsmim verilməklə mənim həyat və yaradıcılığıma həsr olunub. Son kitabımla əlaqədar İstanbula dəvət olunmuşdum. İstanbuldan yayın evinin müdiri Şərəf Yılmazla Kahramanmaraş şəhərindəki kitab sərgisinə də getdik. Orda bir sıra görüşlər keçirdik. Sonra biz oradan qonşu Antep şəhərinə yollandıq. Hər iki şəhərdə türkiyəli yazarlarla maraqlı görüşlərimiz oldu".
Yazıçı bütün bu görüşlərin təşkilində gənc tərcüməçi Əbdülqadir Özqanın xüsusi rolunu minnətdarlıqla vurğulayıb.
XƏDİCƏ