Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində hazırlanan "Folklorşünaslıq" elmi-nəzəri jurnalınının ilk sayı işıq üzü görüb.
Jurnalda folklorşünaslıq, ədəbiyyatşünaslıq, dil və nəzəri məsələlər, etnoqrafiya istiqamətləri üzrə məqalələr dərc olunub.
Fakültənin dekanı, Filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədov jurnalın yaranma ideyası və məqsədi haqqında bildirir: "Ölkəmizdə folklorumuza, klassik irsimizə hər zaman dövlət qayğısı hiss olunub. 2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində "Folklor haqqında Qanun"un qəbul edilməsi və Ümummili Lider Heydər Əliyev tərəfindən təsdiqlənməsi faktı da müstəqil Azərbaycan dövlətçiliyinin mənəvi-humanitar həyatında folklor mədəniyyətinə diqqət və qayğının əyani təzahürü idi. Ulu öndərin siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında davam edir, milli-mənəvi dəyərlərimizə, folklor nümunələrinə qayğı ilə yanaşılır... Bu siyasətə uyğun olaraq, Filologiya fakültəsində "Azərbaycan şifahi xalq ədəbiyyatı" kafedrasının nəzdində "Folklorşünaslıq" adlı elmi-nəzəri jurnalı çap etmək qərarına gəldik. Bu jurnalın ərsəyə gəlməsində kafedra müdiri professor Səhər Orucovanın zəhməti xüsusi qeyd olunmalıdır".
E.Məmmədov qeyd edir ki, folklor nə qədər qədim olsa da, onun haqqında elm, yəni folklorşünaslıq bir o qədər cavan elm sahəsidir. Folklorşünaslıq elmi folklorun yaranması, inkişaf qanunauyğunluqları, tarixi, çağdaş durumu, janrları və onların poetikası haqqında filoloji elm sahəsi olmaqla, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, dilçilik, dialektologiya, musiqişünaslıq, teatrşünaslıq, tarixişünaslıq, etnoqrafiya, fəlsəfə, etnologiya, etnopsixologiya və digər elmlərlə əlaqədardır.
Bu səbəbdən "Folklorşünaslıq" jurnalında bu sahələrə uyğun məqalələrin çapı nəzərdə tutulub: "Jurnal folklorşünaslıq sahəsində çalışan mütəxəssislərimizin, gənc alimlərimizin, tədqiqatçılarımızın elmi tədqiqatlarını, nailiyyətlərini bir araya gətirmək, mərkəzləşdirmək və işıqlandırmaq baxımından önəmli rol oynaya bilər. Burada məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində, onların xülasələri də yazıldığı dildən başqa, iki dildə veriləcəyi üçün, daha geniş arealda tanınacaq. Jurnalda müxtəlif xalqların ədəbi nümunələrinin yer alması isə tədqiqatçılar üçün yaxşı bir mənbə rolunu oynayacaq. Türkdilli xalqların tədqiqatçılarının araşdırmalarına xüsusi diqqət göstəriləcək. Bu isə Azərbaycan xalqının folklor nümunələrinin digər türkdilli xalqların nümunələri ilə müqayisəli şəkildə araşdırılmasına yeni bir yön verəcək. İnanırıq ki, bu jurnalın ömrü uzun olacaq və bu sahədə yeni üfüqlər açacaq".
Şahanə MÜŞFİQ