|
|
|
|
Oktyabrın 27-də Sofiyada görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş konfrans olub.
Konfrans "Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən gerçəkləşdirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, AMEA nəzdində Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli, AMEA nəzdində Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov, BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin "Türkologiya və altayşünaslıq" kafedrasının rəhbəri İrina Sarıivanova, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska çıxış edib, dahi şairin həyat və yaradıcılığından söz açıblar.
Tədbirdə Sofiya meri Yordanka Fandıkova, Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev, Q.S.Rakovski adına Hərbi Akademiyanın rektoru Qrudi Anqelov, "Slavyanlar" fondunun sədri Zaxari Zaxariev, Elm, Təhsil və Mədəniyyət üzrə İctimai Akademiyanın sədri akademik Asen Boqdanovun tədbir iştirakçılarına ünvanlanmış məktubları səsləndirilib.
Konfransda Azərbaycan ədəbiyyatının zəngin əsaslarından söz açan səfir Nərgiz Qurbanova Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu bildirib, onun şair və filosof, lirik dramaturq, istedadlı alim və ədib kimi nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda şöhrətindən söz açıb.
Vasil Nikolov H.Cavidə həsr olunan bu tədbirin Azərbaycan və Bolqarıstan arasında mədəni və elmi sahədə əlaqələrin genişlənməsinin təzahürü olduğunu bildirib.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Bolqarıstanda H.Cavid yaradıcılığına həsr edilən bu tədbirin böyük mədəni hadisə və Avropada Cavid irsilə bağlı ilk konfrans olduğunu diqqətə çatdırıb. Belə bir tədbirin Bolqarıstanda keçirilməsinin təsadüfi olmadığını bildirən vitse-prezident bunun ölkələrimiz arasında mədəni və elmi sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən xəbər verdiyini söyləyib. Hər iki akademiya arasında imzalanan elm və texnologiya üzrə əməkdaşlıq haqqında sazişi yüksək qiymətləndirən İ.Həbibbəyli elmi sahədə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu əlavə edib.
Daha sonra çıxış edən mühazirəçilər H.Cavid yaradıcılığının müxtəlif cəhətlərinə toxunub, onun əsərlərinin qısa təhlilini verərək, dramaturqun Azərbaycan ədəbiyyatına töhfəsindən, əsasını qoyduğu ədəbi cərəyandan, ədibin yaratdığı obrazlar və onların xüsusiyyətlərindən bəhs ediblər.
Konfrans çərçivəsində, həmçinin, dramaturqun bolqar dilinə tərcümə edilmiş "Maral" və "Şeyda" əsərlərinin təqdimatı keçirilib, tələbələrin ifasında Azərbaycan və bolqar dillərində sözügedən əsərlərdən parçalar səsləndirilib.
Şahanə MÜŞFİQ