Azərbaycan növbəti qlobal əhəmiyyətli layihəsini uğurla həyata keçirib. Çoxları üçün qeyri-adi səslənən, gözlənilməz olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq reallığa çevrilib.
Nəticədə ölkəmiz təkcə Şərqlə Qərbi birləşdirən Yeni İpək Yolunda deyil, gələcəkdə Şimal-Cənub, Qərb-Şimal, Qərb-Cənub kimi nəhəng layihələrdə dəmir körpü rolunu oynayacaq.
Təsadüfi deyil ki, oktyabrın 30-da prezident İlham Əliyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təşkil olunan təntənəli açılış mərasimdə çıxış zamanı Bakı-Tbilisi-Qars dəmir yolu xəttini tarixi və strateji əhəmiyyətli qlobal layihə adlandırıb: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu layihə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, daha sonra isə bundan da böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bu dəmir yolu xəttindən istifadə edən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, əməkdaşlıq dərinləşəcək, ölkələr bir-birinə daha yaxın olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini də artıracaq. Bu yol bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək".
Azərbaycan, Gürcüstan və Türkiyənin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini, təkcə regiona deyil, eyni zamanda dünya üçün önəmli olan layihələri icra etdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı sayəsində 2006-cı ildə böyük tarixi əhəmiyyətə malik olan, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri inşa edilib: "Dünya miqyaslı, Avropanın ən böyük infra-struktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi də məhz Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaq, bir-birini dəstəkləyəcək".
Prezident qeyd edib ki, Bakı-Tbilisi-Qars layihəsinə Orta Asiya ölkələri, o cümlədən, Qazaxıstan böyük maraq göstərir: "Yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək".
İlham Əliyev vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Avropa üçün böyük əhəmiyyəti var: "Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm addımlar atır. Ölkəmizin ərazisində dəhlizlə bağlı bütün işlər tamamlanıb, bütün infrastruktur hazırdır. Azərbaycan digər ölkələrdə də infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Hazırda Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində də iş aparılır. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi isə Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək".
Bu uğurlu layihə ilə bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, "Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi müstəqillik tariximizin ən mühüm səhifələrindən biridir. Bu yol ölkə prezidenti İlham Əliyevin liderliyində dövlətimizin həyata keçirdiyi beynəlxalq layihələrdən biri olmaqla böyük tarixi və strateji əhəmiyyət daşıyır. Bu dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, Asiya və Avropanı birləşdirəcək, ticarət və kommunikasiyanı genişləndirəcək, dünya ticarətinə yeni nəfəs verəcək".
Deputat hesab edir ki, layihənin işə düşməsi ilə Azərbaycan dünyanın iki iqtisadi güc mərkəzi olan Avropa İttifaqı və Cənub-Şərqi Asiya ölkələri arasında ən əlverişli yol olur, şəbəkə ölkə halına gəlir və yeni infrastruktur yaranır: "Bundan sonra dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq və bütün ölkə vətəndaşlarının rifah halı daha da yaxşılaşacaq. Həyata keçirilən bütün layihələr xalqımızın təkcə indiki deyil, gələcək nəsillərinin də həyatının təmin edilməsinə yönəlib".
Deputat Elman Nəsirov isə qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Azərbaycan daha bir tarixi hadisəyə imza atıb. O "Trend"ə bildirib ki, bu hadisə bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib: "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixi mərhələnin başlanğıcıdır. 10 il ərzində ərsəyə gələn bu layihə nəticə etibarı ilə Avropa ilə Asiya arasında yük daşımalarına son dərəcə ciddi təsir göstərəcək. Bu, çox mühüm bir hadisədir. Bu layihə ilə Azərbaycan, Gürcüstan və Türkiyənin mövqeləri daha da güclənəcək, hər 3 ölkə böyük maliyyə əldə edəcək. Bu hadisə Azərbaycanın ixrac imkanlarını yüksəldəcək. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da gücləndirəcək. Bu proses dünyaya həm də onu göstərib ki, Azərbaycanın təşəbbüsü ilə olan bütün layihələr təsdiqini tapır və reallaşır. Bu layihə Azərbaycanın daha bir tarixi addımıdır. Layihənin reallaşması həmin xətt boyunca ölkələrin Azərbaycanla əməkdaşlığının daha da möhkəmlənməsinə səbəb olacaq".
E.Nəsirov onu da bildirib ki, layihə regionda əməkdaşlığa xidmət edən bir addımdır: "Ermənistan isə bu layihənin reallaşmasını matəm içərisində qarşılayıb. Ermənistan mətbuatı etiraf edir ki, Serj Sarkisyanın siyasəti nəticəsində iqtisadiyyat iflas vəziyyətinə düşüb, ölkə blokada vəziyyətindədir və əhalinin yoxsulluq səviyyəsi sürətlə artır. Bu layihə ilə Gürcüstan, Azərbaycan və Türkiyənin güclənməsi Ermənistanı daha da iflic vəziyyətinə salacaq".
Deputat Tahir Mirkişili isə bildirib ki, prezidentin qeyd etdiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: "Bu layihə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mühüm bir hissəsidir. Hazırda Avropa və Asiya arasında olan ticarət əlaqələri, yük daşımaları hər il genişlənir. Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 mlrd dolları, yük daşımalarının həcmi isə illik 100 milyon tonu keçir. Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi mənfəət vəd edir. Hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar şimaldan Trans-Sibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu ilə daşınır. Şimal dəmir yolu marşrutu əsasən siyasi cəhətdən Avropa Birliyi ölkələri ilə sabit münasibətəri olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşrutu isə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir. Məhz bu konteksdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranıb".
T.Mirkişili bildirib ki, məhz 2007-ci ildə prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilis-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalanıb: "O zaman digər bir layihənin də həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini sərf etmişdilər. Bu layihə Qars-Gümrü-Tbilisi layihəsi idi. Bu layihənin bəzi hissələri hazır idi. Ancaq Azərbaycan dövlətinin gücü, prezident İlham Əliyevin nüfüzu və Bakı-Tbilis-Qars layihəsinin iqtisadi potensialı bu layihənin qalib gəlməsinə səbəb olub. Bakı-Tbilis-Qars dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir. Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var. Bakı-Tbilis-Qars layihəsi qərb istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəkəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin şərq limanları vasitəsilə Çinə qədər uzanacaq. Hazırda Qazaxstanın Aktau limanının yükaşırma gücü ildə 19.5 milyon tona qədər çatıb. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanının da ilkin mərhələdə yükaşırma gücü 10 milyon ton ətrafındadır. Hazırda Türkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi 4.2 mlrd dollardır. İlkin hesablamalara görə, Bakı-Tbilis-Qars dəmir yolunun işə düşməsi ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 mlrd dollara çatacaq".
T.Mirkişili hesab edir ki, layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq: "Bununla yanaşı, Azərbaycanın iştirakçısı olduğu digər mühüm bir beynəlxalq dəmir yolu layihəsinin bu yaxınlarda işə düşməsi planlaşdırılır. Bu, Şimal-Cənub beynəlxalq dəmir yolu layihəsidir ki, bu layihənin də Bakı-Tbilis-Qars dəmir yolu ilə inteqrasiyası Azərbaycan üçün əlavə böyük iqtisadi fayda yaradacaq. Layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaq ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək".
Ceyhun ABASOV