Azərbaycan əsgəri
Davası haqq davası, savaşı müqəddəsdir,
Ali Baş Komandanın tək bircə əmri bəsdir -
Hazırdır qəhrəmanlıq, igidlik dastanıyla,
Azadlıq tarixinə həkk etsin öz qanıyla
Qələbə salnaməsi, rəşadətlik əsəri
Azərbaycan əsgəri.
Hər biri bir qəhrəman, hər biri bir igid, ər,
Düşmənə göz dağıdır, vətənə möhkəm sipər,
Yağıları odlara, atəşlərə yaxacaq,
Azərbaycan bayrağın Şuşamıza taxacaq.
Vətən eşqi kükrəyən, dağ çayı, sel, Həkəri -
Azərbaycan əsgəri.
Vətən uğrunda şəhid olmaq üçün müntəzir,
Nə qədər ki, Şuşada qaniçən düşmən gəzir,
Nə qədər ki, məhv olub bir yağı qalmayacaq,
Belə yaranıbdır o: heç vaxt korşalmayacaq
Son qələbə əzminin qətiyyəti, kəsəri -
Azərbaycan əsgəri.
Sakit uyusun deyə körpələr beşiyində,
Dəf olunmaz bir səddir vətənin keşiyində.
Vətən var olsun deyə müstəqil və firavan,
Yağı düşmən önündə möhkəm dayanıb hər an,
Çəkilməz bir qarış da, bircə addım da geri -
Azərbaycan əsgəri.
Vətənini, xalqını candan artıq sevəndi,
Bu sevgidən xalq, vətən etibarlı güvəndə.
Bunu min-min igidi, min yol sübut edibdi,
İgid əcdadlarının yolu ilə gedibdi,
Ordumuz yaranandan bu günə - üzü bəri
Azərbaycan əsgəri.
Gözəldir
Demə ki, gözəldir qəddin-qamətin,
Gözlərin, dodağın, qəlbin, sifətin.
Demə ki, gözəldir ağlın, kamalın,
Şirindir ləblərin, buxaqda xalın.
Sən gözəl saydığın hər əza-filan ,
Ona aid məziyyətlə gözəldir.
Olarsa əyarı, qiyməti yalan,
O daha nə qızıl, daha nə zərdir?
Əməli o zaman sayılar hünər,
İgid yurda, elə, bağlı olarsa.
Ən adi sifət də gözəl görünər,
Daxildən bir nurla işıqlanarsa.
Ağıllı, mənalı, şəfqətli, dərin,
Baxışlardır gözəlliyi gözlərin.
Qızıldan əlcək tax, mənası nədir,
Əlin gözəlliyi səxavətdədir.
Acı həqiqəti şirin yalandan,
Üstün tutub demək, dilə bəzəkdir.
İnsanlıq dünyada binə salandan,
Ağsaqqal, ağbirçək elə bəzəkdir.
Ürəkdə xəbislik, paxıllıq yoxsa,
O, saf eşqi, toxluğuyla gözəldir.
Fərqi yoxdur - hündür, arıq, kök, qısa...
Qamət, əndam, şuxluğuyla gözəldir.
Qıvrımlar, burmalar - telə yaraşıq,
Vüqarlı dağ, sonalı göl gözəldir.
İncəlik, naziklik belə yaraşıq,
Hər xeyirxah olan, əməl gözəldir.
Qarabağlarım
Doğulub boya-başa çatdığım, hər an həsrətini çəkdiyim kəndimiz Qarabağlara.
Ana qucağı tək isti qucağı -
İlk görüş yerimin sığınacağı.
Atamın, babamın dədə ocağı,
Xatirəyə dönmüş şirin çağlarım -
Qarabağlarım.
Neçə ziyalının həyat məktəbi,
Bu şair qəlbimin ilhamı, təbi,
Bir gözəl afətin bal təki ləbi
Qaynayıb çağlayan buz bulağlarım -
Qarabağlarım.
Nisgili baharda dumanım, çənim,
Əbədilik tapmış ilk sevgim mənim,
Min çiçək bitirən atlaz çəmənim,
Min nemət yetirən barlı bağlarım -
Qarabağlarım.
Dalğalanan zəmilərim, göllərim,
Qoyunlu, quzulu geniş çöllərim,
Sevincli, kədərli gənclik illərim,
Quzeyli, güneyli qarlı dağlarım -
Qarabağlarım.
Varsa, tapıb göstərin
Elə nəsnələr var, gəzin cahanı,
Tapıb da göstərin, heç varmı, hanı?
Elə nəsnələr var, dünyanı gəzin,
Tapmaq olmaz oxşarın, ya əvəzin.
Elə bir varlını göstərin, nəsə
Sonda axirətə aparmış olsun.
Elə bir varidat deyin, kimisə,
Ölüm pəncəsindən qoparmış olsun.
Məmləkət göstərin, o əziz olsun
Ana yurdun bircə qarışı qədər.
Gözəllik göstərin, füsünkar olsun,
Anamın əlinin qırışı qədər.
Səs-səda göstərin, əzan, muğamtək -
Həm sevinc, həm məhzun, həm də bir ovsun.
Elə bir təbəssüm göstərin görək,
Körpə gülüşütək kədəri qovsun.
Elə çiçək göstərin ki, dəstəsi,
Çağa nəfəsindən ətirli olsun.
Elə bir bəstəkar tapın, bəstəsi
Ana laylasından təsirli olsun.
Göstərin, vardırsa əgər elə taxt,
Ana qucağından o, rahat olsun,
Vətən torpağından quruca yataq -
Qürbət pərqusundan narahat olsun.
Nəvaziş süzülən baxış göstərin,
Ananın körpəyə baxışı kimi.
İlməsiz, zəhmətdən naxış göstərin,
Anamın alnının naxışı kimi.
İşgəncə göstərin, məlal göstərin,
Vicdan əzabından dözülməz olsun.
Tapın, elə bir cah-calal göstərin,
Savabdan qiymətli, heç ölməz olsun.
Möcüzəvi şəfa tapın, göstərin,
Ana əllərinin sığalı kimi.
Xəyal aləminə qapı göstərin,
Ananın uşağa nağılı kimi.
Bir kəlmə söyləyin, mənası olsun
Allahdan, anadan, vətəndən dərin.
Dünyanın ən təmiz, aynası olsun,
Vardırsa beləsi, tapın, göstərin.
Yazı göstərin ki, görməsək də, var,
Alın yazısının olduğu qədər.
Bir hiss göstərin ki, dünya ona dar,
Ana qayğısının olduğu qədər.
Elə nəsnələr var, gəzin cahanı,
Tapıb da göstərin, heç varmı, hanı?
Elə nəsnələr var, dünyanı gəzin,
Tapmaq olmaz oxşarın, ya əvəzin.
Adəm ASNI