Noyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şair, publisist Arzu Nehrəmlinin "Unutmağı öyrənirəm" kitabının və sözlərinə yazılmış mahnıların diskinin təqdimat mərasimi keçirilib.
Təqdimatda tanınmış ziyalılar, yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.
Tədbir şairənin həyat yoldaşı, Qarabağ müharibəsi şəhidi, təyyarəçi pilot, leytenant Yusif Yaquboğlunun xatirəsinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan şair Qəşəm Nəcəfzadə Arzu Nehrəmlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək deyib ki, onun şeirləri səmimi hisslərin, kövrək duyğuların poetik təcəssümüdür.
Tənqidçi Vaqif Yusifli müəllifin "Unutmağı öyrənirəm" kitabından çıxış edərək ümumi yaradıcılığının xarakteristikasını verib. Qeyd edib ki, A.Nehrəmli şeirlərində özünü, öz nakam taleyini qələmə alır və bu onu oxucuya bir az da yaxınlaşdırır.
Fərqanə Mehdiyeva, Hacı Azadə Taleh, Oqtay Rza, Sayman Aruz, Nuranə Nur, Eldost Bayram, Fəridə Ləman, Kəmaləddin Qədim, Faiq Balabəyli, Kamil Nehrəmli və başqaları çıxışı edərək, müəllifi yeni kitabı və diski münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Fərqanə Mehdiyevanın sözlərinə Hüseyn Sözlünün bəstələdiyi və Təranə Əlixanlının ifa etdiyi "Ağla gəlin" mahnı - videgörüntü xüsusilə rəğbətlə qarşılanıb
Tədbir boyunca Arzu Nehrəmli və çıxışçılar kitabda yer alan şeirlərdən oxuyublar.
Əməkdar artist Nuriyyə Hüseynova, sənətçilər Şəmistan Əlizamanlı, Cavid Hüseynin ifaları dinlənilib, onlar A.Nehrəmlinin sözlərinə yazılmış mahnılar oxuyublar.
Sonda tədbirin təşkilində əməyi keçən hər kəsə, o cümlədən, qonaqlara və çıxışçılara təşəkkürünü bildirən A. Nehrəmli iştirakçılar üçün kitablarını imzalayıb.
Şahanə MÜŞFİQ