Dünən “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kod adı: “Rey” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, döyüşçü-kəşfiyyatçı olmaqla yanaşı, həm də jurnalist kimi tanınan Rey Kərimoğlu müəllifi olduğu kitabda 1991-1992-ci illərdə Qarabağ müharibəsi zamanı iştirakçısı olduğu hadisələrdən bəhs edir: “Bu günə qədər Dağlıq Qarabağ müharibəsi ilə bağlı çox kitablar yazılıb, bundan sonra da yazılacaq. Həmin kitabların bir hissəsi müharibədə iştirak edən döyüşçülərin xatirələri, digərləri yazıçıların müharibə ilə bağlı təəssüratlarından ibarətdir. Bu mənada, Rey Kərimoğlunun müəllifi olduğu kitabı daha da qiymətli edən onu Qarabağ müharibəsində düşmənlə mübarizə aparan döyüşçünün, müharibənin canlı şahidinin qələmə almasıdır”.
Ə.Amaşov hesab edir ki, “Kod adı: “Rey” adlı kitab Qarabağ müharibəsi mövzusunda film üçün hazır ssenaridir.
“Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu isə bildirib ki, “Lent.az”ın kitabxanasından” layihəsi əsasında nəşr edilən kitabda müəllifin 2012-2013-cü illərdə sözügedən saytda yayılmış döyüş xatirələri yer alıb: “Rey Kərimoğlunun “Kəşfiyyatçının xatirələri” adlı məqalələri əsasında hazırlanan “Kod adı: Rey” kitabı ilk layihəmiz deyil. Bundan əvvəl Əfqanıstan müharibəsi iştirakçısı, yazıçı Zakir Sadatlının “Əfqanıstan uçurumu” və jurnalist Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı”, “Əsir düşərgəsi” kitabları çap olunub”.
Xalq şairi Sabir Rüstəmxanlı çıxışında qeyd edib ki, R.Kərimoğlunun müəllifi olduğu bu kitabla ilk dəfə tanış olsa da, onun jurnalist kimi qələmə aldığı və hissə-hissə saytlarda yayılan döyüş xatirələrindən ibarət məqalələrini oxuyub: “Bu, Rey Kərimoğlunun həyat kitabıdır”.
Dağlıq Qarabağ münaqişəsindən danışan S.Rüstəmxanlınin sözlərinə görə, Rey Kərimoğlu məğlubiyyətlə barışmayan vətənpərvər oğullardandır: “Heç şübhəsiz, bu, Rey Kərimoğlunun qəhrəmanlıq, yenilməzlik ruhunu göstərən kitabdır”.
Deputat Hadı Rəcəbli də “Kod adı: “Rey” kitabını vətənpərvərlik ruhunda yazılmış əsər kimi qiymətləndirib.
Milli Məclisin üzvü, yazıçı Aqil Abbas Qarabağ mövzusunda yazılan kitabın əhəmiyyətindən danışaraq bildirib ki, Rey Kərimoğlu bu kitabı ərsəyə gətirməklə çox böyük yaradıcı iş ortaya qoyub.
Nəşrin redaktoru Səhər Əhməd isə çıxışında qeyd edib ki, “Kod adı: “Rey” kitabını Qarabağ mövzusunda yazılmış əksər kitablardan fərqləndirən əsas cəhət hadisələrin tam reallığı əks edirməsidir.
Şair Ramiz Rövşən R.Kərimoğlunu ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik edərək müəllif barədə düşüncələrini bölüşüb. R.Rövşən qeyd edib ki, Qarabağ müharibəsində iştirak edən Azərbaycanın vətənpərvər oğullarından danışarkən, ilk yada düşənlərdən biri Rey Kərimoğludur.
Bundan başqa, tədbirdə “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və digərləri kitab barədə fikirlərini bildirib, müəllifin döyüş yoluna nəzər salıblar. Bildirilib ki, o, 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi çağırış kodu elə öz adı - “Rey” olub.
Təqdimat mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov 50 illik yubileyi münasibətilə Rey Kərimoğlunu xüsusi diplomla təltif edib.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun Rey Kərimoğluya ünvanladığı təbrik məktubu oxunub.
Tədbir kitabla bağlı müzakirələrlə davam edib.
Ceyhun ABASOV