|
|
|
|
Dünən Milli Kitabxanada yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının ictimai fikir tariximizin görkəmli nümayəndələrindən biri jurnalist, tərcüməçi və dramaturq Əsgər ağa Adıgözəlov Goraniyə həsr olunmuş “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabının təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış elm xadimləri, alimlər, ziyalılar, Milli Kitabxananın əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq kitab haqqında geniş məlumat verib, Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, xeyriyyəçi, pedaqoq, tərcüməçi, dramaturq, jurnalist Əsgər ağa Adıgözəlov Goraninin ictimai, publisist, xeyriyyəçilik fəaliyyətinin, o cümlədən, indiyə kimi fəaliyyətinin işıqlandırılmayan sahələrinin tədqiq edildiyini bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov Əsgər ağa Goraninin Azərbaycanın səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdə “Əkinçi”nin ən fəal müxbiri, tərcüməçi olduğunu söyləyib.
BDU-nun professoru İzzət Rüstəmov, professor Alxan Bayramoğlu, AYB-nin Qarabağ bölgəsinin sədri, Əməkdar mədəniyyət işçisi, teatrşünas Atababa İsmayıloğlu, professor Ənvər Əhməd, professor Vaqif Yusifli, Xalq artisti, tarzən Fikrət Verdiyev və başqaları Əsgər ağa Goraninin çoxşaxəli yaradıcılığından, Azərbaycan dilində ilk coğrafiya kitabının müəllifi olmasından, xeyriyyəçilik fəaliyyətindən söz açıblar.
Əsgər ağa Göraninin nəticəsi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov ailəsi adından hər kəsə minnətdarlığını bildirib.
Sonda müəllif Gülhüseyn Kazımlı çıxış edərək təqdimatın keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Milli Kitabxanaya təşəkkür edib. O, kitabın ərsəyə gəlməsindən, apardığı tədqiqat işindən, bunun nəticəsi olaraq əlimizə gəlib çatmayan M.Lermontovdan tərcümə etdiyi “Yel gəmisi” balladasını və “Qocalıqda yorğalıq” pyesini tapmasından danışıb.
Tədbir iştirakçıları Əsgər ağanın zəngin həyat yolunu özündə əks etdirən kitab sərgisi ilə tanış olublar.
Şahanə MÜŞFİQ