|
|
|
|
Avrasiya Yazarlar Birliyinin nəşri, aylıq Avrasiya ədəbiyyat dərgisi “Qardaş qələmlər” jurnalının Şərhan Murtazaya həsr olunan xüsusi sayı işıq üzü görüb.
Dərgi oxuculara ünvanlanan giriş yazısıyla açılır. Yazıda son vaxtlar Avrasiya Yazarlar Birliyinin gördüyü işlər, Birliyin mədəni və ədəbi fəaliyyətindən bəhs olunub.
Şəfəq Sahibin “Ağac yaddaşı” poeması, Kojogəldi Kültiginin poeziya nümunələri, Səməd Əzabın Öskök Danıkeyevlə müsahibəsi, Edgü Körpülünün “Bu vətən sənsiz olmaz” hekayəsi də dərginin bu sayında verilib.
“Xatirələrlə yaşamaq” adlı yazıda Rəhmi Əli əski Türkiyədən, “Türkiyə röyası”ndan danışıb.
Şərhan Murtazanın həyat və yaradıcılğı barədə məlumatı yazıçının ictimai-siyasi və ədəbi simasını, şəxsiyyətini səciyyələndirən müxtəlif yazılar izləyir.
Abzal Saparbequlu “Yaşayan klassikimiz” yazısında Şərhan Murtazanı dövlət xadimi, klassik yazıçı və jurnalist kimi diqqət mərkəzinə çəkib.
“Anası üçün sözdən heykəl düzəldən yazıçı: Şərhan Murtaza” yazısında Yaqub Öməroğlu öz fikirlərini belə ifadə edib: “Ayşə Berdimbətova dəyərli yazıçımızın anasıdır. Həyati çətinliklərinə rəğmən milli baxışlarını, ənənə və düşüncəsini itirməyən bir qadındı. Yazar anasından çıxış edərək cəmiyyətin quruluşunu, zamanın ürək döyüntülərini təsvir edir. Bir ana üçün sanki heykəl düzəldir. Ölümsüzləşdirir”.
Marhabat Bayqutun “Zirvədəki adam”, Nurqali Orazın “Qazax manifesti”, Talqat Süyinbayın “Şərhan Murtazaya sirrimizi söylərkən...” yazıları ilə ədibin bioqrafiyası və fərdi özəllikləri ilə yaxından tanış olmaq mümkündür.
Dərgidə Şərhan Murtazanın “Ay ilə Ayşə romanı”ından bir hissə və “Qızıl zireh” hekayəsi də verilib.
Əmrullah Özdəmir “Ay ilə Ayşə üzərinə...” yazısında sözügedən romanı təhlil edib.
Qabbas Qabışulunun “Həmişə tələsərdi” yazısı tənqidçi Saqat Aşimbayevə həsr olunub.
Dərgidə Roza Zərgərqızı Allahverdiyevanın “Uzun, incə bir yoldakı teatr”, Damin Turayevin “Günümüzün Özbək nəsrində dünya ədəbiyyatı ənənələri” yazıları çap olunub.
“Boynu bükük tovuzquşu” yazısında bu günlərdə təqdimatı keçirilmiş “Mahambet Ötemisulu” kitabına və şairin poeziyasına nəzər yetirilib.
Sonda bir sıra ədəbiyyat və mədəniyyət xəbərləri yer alıb.
MÜŞFİQ