|
|
|
|
Dünən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında tanınmış şair, naşir, maarifpərvər ziyalı İlyas Tapdığın anma mərasimi keçirilib.
Kitabxananın direktoru Tahir Sadıqov şairin həyat və yaradıcılığından söz açıb, onun Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Bildirib ki, İlyas Tapdıq ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şeiri ilə başlayıb. "Uşaqgəncnəşr", "Azərnəşr", "Gənclik" nəşriyyatlarında, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri işləyib.
Tədbirdə professor, yazıçı, dramaturq və publisist, Əməkdar jurnalist Aqşin Babayev şairin xeyirxahlığının onun həyatında böyük rol oynamasından danışıb.
"Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək" İctimai Birliyinin rəhbəri Tofiq Əlizadə, şairlər Oqtay Rza, Zaməddin Ziyadoğlu, Zərəngiz Dəmirçi və başqaları onun uşaq ədəbiyyatına verdiyi töhfələrin bu gün də böyük örnək sayıldığını vurğulayıblar.
Bildirilib ki, İlyas Tapdığın yaradıcılığına Xalq şairi Səməd Vurğun böyük qiymət verib. Sonralar onun özü də gənc şairlərin həyatında mühüm rol oynayıb, onların şeir, tərcümə kitablarının redaktoru və "Ön söz" müəllifi olub. Həmçinin, sənətə gələn gənc qələm sahiblərinə diqqət və qayğı göstərib, onlar haqqında yazılar yazıb.
Şairin qardaşı Cəmil Tapdıqov 60 ildən çox ədəbi fəaliyyətdə olan şairin yaradıcılığını təhlil edib, onun qazandığı uğurlardan danışıb, şairin çoxşaxəli yaradıcılığı haqqında maraqlı məqamları ortaya çıxarıb. Bildirib ki, İlyas Tapdığın işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır.
Tədbirdə şairin şeirləri və ona həsr edilmiş şeirlər səsləndirilib.
Sonda şairin qızı, Əməkdar Artist Şəbnəm Tapdıq atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Şahanə MÜŞFİQ