AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının Qərarı ilə Türk dünyası elmi fikrinin görkəmli simalarından biri professor Fuad Köprülünün 1941-ci ildə yazıb nəşr etdirdiyi "Əlişir Nəvai" risaləsi çapdan çıxıb.
Müəllifin dediyi kimi, bu kiçik və sadə risalə 1941-ci il fevralın 9-da Türkiyədə Nəvai ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar hazırlanmışdı. Həmin əsərin tarixi aktuallığını nəzərə alaraq dilimizə uyğunlaşdırıb nəşr etdirməyi düşündük. Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan türkcəsində hazırlayanı və redaktoru filologiya elmləri doktoru Almaz Ülvi, rəyçiləri isə AMEA-nın müxbir üzvü Nüşabə Araslı və filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.
Əsəri nəşrə hazırlayarkən "Bir neçə söz" adlı qeyd yazmağı da unutmadıq: Məşhur türk tarixçisi, ədəbiyyatşünası, professoru Fuad Köprülünün "Əlişir Nəvai" risaləsini niyə yenidən nəşr etmək istədik? - sualının ilk cavabı, Əlişir Nəvainin ədəbi şəxsiyyətinə və irsinə ehtiramdan, türk ədəbi dilinin, elmi dilinin bünövrəsi tarixinə müraciətdən irəli gəldi. XX əsr türk elmi fikrinin nəhənglərindən olan Mehmed Fuad Köprülünün Nəvai haqqında düşüncələrinin dəyəri də əsas meyarlarımızdan oldu.
Fuad Köprülü tədqiqatlarından sonra, özünün də bu risalədə qeyd etdiyi kimi, Türkiyədə Nəvai irsinin təbliği və tədqiqi istiqamətində böyük işlər görüldü.
İstanbulda keçirilən "Keçmişdən gələcəyə Xoca Əhməd Yəsəvi" adlı beynəlxalq konfransda (26-28 sentyabr, 2016) türkoloq-nəvaişünas Kemal Eraslanın "Əlişir Nəvainin "Nəsaim ül-məhəbbət" təzkirəsinin əldə etdiyimiz keçi dərisi üzərindəki nadir və qədim əlyazması üzərində tədqiqatlarımız davam edir, yaxın illərdə araşdırmaçılara təqdim ediləcək" - sözü yeniliklərin hələ davam etdiyinə sübutdur.
Bu kimi çox araşdırmaların adını çəkə bilərik, amma Fuad Köprülü tədqiqləri bütün bu işlərin özülündə dayanır.
Doğrudur, Türkiyə ədəbiyyatşünaslığından fərqli olaraq, Azərbaycan ədəbiyyatşünaslığının o dövrü üçün bu tədqiqat yeni bir şey deyildi. Bu əsərin "Biblioqrafiya"sında göründüyü kimi, nə əsrin əvvəllərində Baxçasarayda (1902) Ə.Nəvainin "Mühakimət ül-lüğəteyn" əsərinin (İ.Qaspiralının giriş məqaləsi ilə Azərbaycan dilində) kitab şəklində çapından, nə də 1907-1916-cı illər arasında Ə.Həsənzadənin "Dəbistan" və "Dirilik" dərgilərində davamlı olaraq dərc edilmiş "Təracümi-əhval Əlişir Nəvai" adlı irihəcmli məqalələrindən bəhs edilmir.
Firudin bəy Köçərlinin (1863-1920) "Azərbaycan ədəbiyyatı tarixinin materialları" (1925-ci il nəşri) kitabı "Əlişir Nəvai" adlı elmi məqaləsi ilə açılır: "Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur. Buna da ümd? səbəb onun təbi-lətifindən törəyən asari-nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi nəzmə çəkilmişdir".
Eləcə də, Özbəkistanda Əlişir Nəvai haqqında ilk elmi tədqiqatlar 1920-ci illərin əvvəllərində milliyətcə krım tatarı olan Özbəkistanda fəaliyyət göstərən Əbdürrəhman Sədi və Əbdürrauf Fitrət tərəfindən yazıldı.
Azərbaycandan Daşkəndə sürgün edilən Maqsud Şeyxzadənin 1930-cu ildə özbəkcə yazdığı ilk elmi məqaləsi də Ə.Nəvai haqqında oldu.
Haqqında söhbət gedən risalədə bu tədqiqatlardan söz açılmamasının əsas səbəblərindən biri yəqin ki, sovet sərhədlərinin bağlı olması ilə məşhur professorun həmin əsərləri əldə edə bilməməsi idi.
1926-cı ildə I Bakı Türkoloji Qurultayında Ə.Nəvai ədəbi şəxsiyyətinə və irsinə verilən yüksək dəyər, Türkiyəyə dönən F.Köprülü bu istiqamətdə yeni tədqiqatlara, yeni təqdimatlara ehtiyac olduğunu gördü və Türkiyə elmi fikrində "Əlişir Nəvai" adlı elmi, ədəbi yeniliklərin ortaya qoyulmasına stimul oldu. Nəvai haqqında yazılmış bu qısa mətn - "Əlişir Nəvai" risaləsi o dövr Türkiyə elmi üçün yenilik idi: ondan sonra Ə.Nəvai haqqında dolğun, geniş tədqiqatlar yazıldı, bu gün də yazılır. Əsərləri Türkiyə türkcəsində nəşr edildi, bu gün də nəşr olunur.
F.Köprülünün yazdığı kimi, "Nəvainin əsərləri, yalnız öz şəxsiyyətini öyrənmək üçün deyil, yaşadığı dövrün ümumi mənzərəsini anlamaq üçün də birinci dərəcəli sənədlərdir".
İnanırıq ki, bu kiçik əsər tədqiqatçıların diqqətini cəlb edəcəkdir.
Almaz ÜLVİ
Filologiya elmləri doktoru