Noyabrın 30-da Azərbaycan Universitetində “İnternetin ədəbiyyata təsiri və şəbəkə ədəbiyyatı” mövzusunda dəyirmi masa keçirilib.
Müzakirədə 525.az, sim-sim.az, kulis.az, avanqard.net, artkaspi.az, parafr.az, manera.az saytlarının rəhbərləri və nümayəndələri, kafedranın professor-müəllim heyəti, eləcə də Filologiya fakültəsinin tələbələri iştirak ediblər.
Dəyirmi masada internet və ədəbiyyatın qarşılıqlı əlaqələri müzakirə olunub, ortaya çıxan problemlər və həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Tədbiri giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova qeyd edib ki, hazırkı dövrdə həyatın bütün sahələrinə təsirsiz ötüşməyən internet media, sosial şəbəkələr yazıçı ilə oxucu arasındakı uçurumu aradan qaldırsa da, ədəbiyyatın bu qədər kütləviləşməsi ədəbiyyatşünaslarla əlaqənin zəifləməsi kimi bəzi problemli məsələlər də yaradır.
Sim-sim.az-ın rəhbəri Qismət Rüstəmov bildirib ki, bu məsələ yalnız ölkəmizdə deyil, ümumən dünyada müzakirə olunan problemlərdəndir: “Adətən, bu məsələyə yanaşmalar iki cür olur. Bəziləri bunu ədəbiyyatın kütləviləşməsi, kitabların və müəlliflərin oxucuya daha da yaxınlaşması kimi qəbul edirsə, digər qisim isə kitabın tədricən aradan çıxması, ciddi ədəbiyyatın ikinci plana keçməsi, kitab mağazalarının bağlanması kimi dəyərləndirir”. Hazırda oxucu mərkəzli dünyanın yarandığını deyən Q.Rüstəmov vurğulayıb ki, ciddi ədəbiyyatın klassik formada oxunmağa davam edəcəyi, populyar ədəbiyyatın isə öz varlığını şəbəkədə sürdürəcəyi proqnozlaşdırılır.
Kulis.az-ın redaktoru Şərif Ağayara görə, saytlar ciddi ədəbiyyatı əyləncə axtaran, düşünmək istəməyən, problemlərdən, ağır məsələlərdən yorğun düşmüş oxucuya təqdim etmək üçün onun əyləncəli tərəflərini açıb göstərməyi bacarmalıdır. Avanqard.net-də ciddi mətnlərə üstünlük verildiyini deyən Səxavət Sahil bildirib ki, müəyyən çətinliklər olsa da, sayt bu istiqamətdə işini davam etdirməkdə israrlıdır.
Saytlardakı mətnlərdə rast gəlinən dil-üslub qüsurlarından danışan Şəhla Aslan manera.az-da daha çox gənclərin yazılarına diqqət yetirildiyini qeyd edib.
525.az və parafr.az-ın ədəbi mühitə və prosesə münasibəti barədə fikirlərini bölüşən Cavid Qədir deyib ki, indiki dövrdə medianın ən böyük problemi oxucu istəyini nəzərə almamaqdır. O, tərcümə probleminə və istinad mədəniyyətinə də diqqət çəkib, çətinliklərlə yanaşı, pozitiv məqamları da vurğulayıb. Parafr.az-da daha çox gənclərə dəstək göstərdiyini deyən çıxışçı, eyni zamanda, ədəbiyyatın problemlərinə, son illər diqqətdən kənarda qalan müəllif və mətnlərin gündəmə gətirilməsinə də çalışdıqlarını bildirib.
Aysu Kərimova isə artkaspi.az-da verilən materiallar, əsas götürülən meyarlar haqda söz açıb.
Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Asif Hacıyev ölkəmizdə formalaşmaqda olan internet-şəbəkə ədəbiyyatını Rusiya və Avropa ölkələrinin təcrübəsilə müqayisə edib. Professor çıxışında mətnin saytda təqdimat məsələsinə də toxunub. Qeyd edib ki, bizdə redaktorlar hələ bunu yetərincə inkişaf etdirə bilməyiblər. Müəllif hüquqları ilə bağlı problemlərə toxunan A.Hacıyev internet ədəbiyyatı ilə çap ədəbiyyatının fərqlənməli olduğunu da nəzərə çatdırıb.
Tədbir diskussiya şəklində davam edib.
C.ŞÜKÜROV